AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çəllək

Nümunənin reyestr kodu : ST0100000003

Çəllək içində müxtəlif ərzaqlar, maye saxlamaq və daşımaq üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan və dəmirdən hazırlanan iri qabdır.

Çəlləyin hazırlanmasında, əsasən, əl əməyindən istifadə olunur, hər çəlləyin hazırlanmasına 3-6 gün vaxt sərf edilir. Taxtalar çənbərə yığıldıqdan sonra isladılır, içərisində ocaq yandırılaraq buxar vasitəsi ilə yumşaldılır. Su ilə isladılıb, buxarla yumşaldılan taxtalar bir-birindən aralanır və həmin vaxt kəmərlə sıxılaraq bir-birinə yapışdırılır. Nəticədə çəllək hazır vəziyyətə gəlir. Çəlləyin dövrəsi, yəni əsas hissəsi hazır olduqdan sonra, hər iki başının bağlanması üçün daxildən xətt açılır. Altlıq və qapaq ayrıca kəsilir, içəridən açılan xəttə cil qoyularaq altlıq və qapaq bağlanır. Çəlləyin üstü rəndə ilə hamarlanır, içərisinə mayenin, içkinin tökülməsi və boşaldılması üçün qapaqda və ya yanlardan dəliklər açılır. Çəlləklərin təyinatına uyğun olaraq hazırlanmasında fərqli üsullar özünü göstərir. Məsələn, neft, su daşınması üçün nəzərdə tutulan çəlləklərin içərisi qırlanır, üzəri rənglənir və s. Şərab çəlləklərində isə heç zaman başqa birləşdirici, yapışdırıcı materiallardan istifadə edilmir.

Neft çəlləkləri digər çəlləklərlə müqayisədə daha böyük olurdu, təxminən 500-1000 litr neft xammalını belə çəlləklərdə arabalar vasitəsi ilə daşımaq mümkün idi. Bunun üçün xüsusi arabalar hazırlanırdı. Məsələn, XIX əsrin sonu-XX əsrin əvvəllərində çəllək daşımaq üçün nəzərdə tutulan neft arabaları “Bakı arabası” adı ilə məşhur idi. İri təkərlərə malik bu arabalarda, əsasən, neft və yanğından mühafizə məqsədi ilə su daşınırdı. Etnoqrafik mənbələrdə Azərbaycanın digər bölgələrində də arabalarla içməli su daşınmasında çəlləklərdən istifadə olunduğu əksini tapmışdır.

Şərabçılıqda çəlləklərin hazırlandığı ağac materialının mühüm əhəmiyyəti vardır. Şərab çəlləkləri, əsasən, palıd ağacından hazırlanır. Digər ağaclardan hazırlanmış çəlləklərdə şərab saxlanması məqsədəuyğun sayılmır, çünki ağacın tamı şərabda hiss olunur. Palıd çəlləklərdə saxlanılan şərabın, konyak spirtinin ənənəvi olaraq zirzəmilərdə, nisbətən rütubətli yerdə yetişdirilməsinə üstünlük verilir. Ümumiyyətlə, müasir dövrdə də ən qiymətli şərablar palıd çəlləklərdən istifadə edilməklə saxlanır. Palıd çəlləklərdə uzun müddət saxlanılan içkilər ən yüksək keyfiyyətə və dada malik olur. Uzun müddət saxlandıqca şərab da öz keyfiyyətini artırır. Adətən, çəlləklərdə qıcqırtma prosesi reallaşdırılır. Məsələn, şirənin çəlləklərdə qıcqırdılması ilə alınan ağ süfrə şərabı yüksək keyfiyyətə malik olur.

Azərbaycanda XIX əsrin birinci yarısında balıqçılıq təsərrüfatının inkişafı çəlləkçilik peşəsinə ehtiyac yaratmışdır. Məsələn, 1829-cu ildə Salyanda dövlət idarəsinin (Bojiy, Akuşa, Lopatinski, Torpaqqala, Arbatan vətəgəsi olmaqla) altı vətəgəsindən duzlanmış balıq çəlləklərə doldurub müxtəlif şəhərlərə aparılırdı, bəzən duzlanmış balıq çəlləklərdə bir neçə ay saxlanılırdı.

Azərbaycanda neft sənayesinin və şərab istehsalının inkişafı Bakı və Gəncə şəhərlərində çəlləkdüzəltmə sənətinin daha da inkişafına səbəb olmuşdu. Bununla əlaqədar Bakı və başqa şəhərlərdə iri maye çəlləkləri üçün nəzərdə tutulan araba istehsalına da ehtiyac artmağa başlamışdı. Belə ki, 1879-cu ildə Bakıda çəllək düzəldilməsi ilə 5 nəfər məşğul olurdusa, 1896-cı ildə onların sayı artaraq 30 nəfərə çatmışdı. Bakı neft sənayesinin nəqliyyata olan tələbatını ödəmək üçün Quba və Salyanda araba istehsalı da xeyli artmışdı. Həmin dövrdə neft zavodlarında, şərabçılıq müəssisələrində çəlləkçiliklə məşğul olan ayrıca sexlər fəaliyyət göstərmişdir.

İkitəkərli neft arabasının qolları üzərində ban əvəzinə, bir ədəd böyük çəllək quraşdırılırdı. Maye çəlləyin üst deşiyindən “ağızlıq” adlanan, mis və ya tənəkədən düzəldilmiş böyük qıf vasitəsi ilə tökülürdü. Çəlləkdən mayeni qablara süzüb tökmək üçün onun arxasının aşağı hissəsinə deşikli tıxac və ya kran bərkidilirdi.

Müasir dövrdə də Azərbaycanda çəlləkçilik işi davam etdirilir. Məsələn, hazırda Göygöl rayonundakı mexaniki zavodda usta Cahan Cəfərov müxtəlif ölçülü çəlləklər hazırlanması ilə məşğul olur. Hazırda kiçik ölçülü çəlləklərə şərab saxlamaq, hədiyyə vermək üçün maraq göstərilir.