Çuval
Nümunənin reyestr kodu : DA0201000005
Azərbaycanda toxuculuğun inkişafı ilə əlaqədar, çuval, heybə, məfrəş, kisə, siyəzi və s. toxunma qabları keçmiş məişətdə geniş yayılmışdır.
Çuval palaz, kilim, vərni, sumax, şəddə, ladı, çul, məfrəş, xurcun, heybə, duz torbası kimi xovsuz xalça məmulatı sayılır. Palaz növlərinin özünəməxsus istehsal texnikası vardı. Saya palaz və şəddə bəsit, kilim tipli məmulat növləri isə mürəkkəb toxuma texnikası ilə hazırlanırdı. Lakin istifadə məqsədindən və istehsal mərkəzlərinin üslub xüsusiyyətlərindən asılı olaraq eyni məmulat növü tarixən onun üçün sabitləşmiş səciyyəvi istehsal texnikası ilə yanaşı, digər texniki üsullarla da toxunurdu. Bu cəhət məişət müxəllafatının (məfrəş, çuval, xurcun, heybə) hazırlanmasında daha çox nəzərə çarpırdı. Azərbaycanın qərb bölgəsində, o cümlədən üslub baxımından Qazax xalçaçılıq mərkəzinə yaxın olan Borçalı, Qarayazı, Göyçə mahallarında qıyıq məfrəş, dərmə çuval mürəkkəb toxuma üsulu ilə hazırlanırdı. Xalça-palaz məmulatının bütün növləri, əsasən, dik hanada toxunurdu.
Çuval kənd təsərrüfatı məhsullarının daşınmasında, saxlanmasında, həmçinin çox da ağır olmayan məişət əşyalarının yük heyvanlarının üzərində aparılmasında istifadə olunan kisəyə oxşar, həcmcə kisədən çox tutan, yundan toxunan məişət əşyasıdır. Taxılın saxlanılması üçün çuvallar daha münasib sayılmışdır. Çuval və kisələrə doldurulmuş taxılı çox vaxt evdə, ya da xüsusi taxıl damında saxlanılırdı. Taxılın nəm çəkməməsi üçün çuvalın və kisənin altına daş və ağac qoyulurdu. Çuval kimi toxuma qabların ağzı gözək ipi ilə bağlanırdı. Qarabağ maldarları arasında “gözək” adı ilə tanınan bu ipin hər iki ucu al-əlvan boyalı iplərdən düzəldilmiş qotaz ilə tamamlanırdı.
Keçmişdə taxıl, un, duz və s. saxlamaq, habelə azuqə daşımaq üçün yundan müxtəlif ölçülü çuval toxunmuşdur. Muğanda böyük çuvaldan həm də çəki vahidi kimi istifadə olunmuşdur. Taxıl doldurulmuş “Muğan çuvalı” 10 batmana bərabər gəlirdi. Orta əsrlərdə dəvə ilə yük daşımaq üçün yükdən asılı olaraq, iri ölçülü “dəvə çuvalı”ndan istifadə edilirdi. Ərzaq məhsulları (taxıl, un, dən, qənd və s.) çuvala doldurulub dəvəyə yüklənirdi.
Azərbaycanda xalça-palaz toxuculuğu miladdan əvvəl I minilliyə təsadüf etsə də, Şimali Azərbaycan ərazisində onun gur inkişafı erkən orta əsrlərin əvvəllərinə aid edilir. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları (hana hissələri, xalça və palaz toxuması, yun ip qalıqları) antik dövrün sonu və erkən orta əsrlərin əvvəllərində Azərbaycan əhalisinin ev məişətində xalça-palaz məmulatının mühüm yer tutduğunu söyləməyə əsas verir. X əsrdə Muğan özünün çuval və palaz məmulatları ilə, Naxçıvan, Xoy, Salmas şəhərləri zili və xalçaları ilə, Ərdəbil, Şirvan isə ipək və yun məmulatları ilə məşhur idi.
Yun məmulatı istehsalı Lənkəran qəzasında qoyunçuluqla məşğul olan dağ və dağətəyi mahallarda (Səbircan, Zuvand, Dırıq), qismən isə düzənlk ərazidəki Ərkivan mahalında yaxşı inkişaf etmişdi. XIX əsrin 80-ci illərində müxtəlif çeşnili xalçaların Şirvanın hər bir kənd və köçəbə icmasında toxunurdu. Ən yaxşı xalçalar bölgənin Qarayazı, Zərdab, Mollakənd və Ərəbqədim kəndlərində toxunurdu. Yun toxuculuğu Ərəş mahalı və Şəki qəzasında da geniş yayılmışdı. Burada xalça, palaz, cecim, çul, çuval, məfrəş, şal toxuculuğu ilə qadınlar məşğul olurdular.
XIX əsrə aid statistik icmallarda Bakı, Gəncə, Ərəş və s. qəzaların əksər kəndlərində qadınların xalça, palaz, çul ilə yanaşı, çuval toxuduqları əksini tapmışdır. Zaqatala dairəsində xalça-palaz istehsalı nisbətən məhdud səciyyə daşısa da, bunun müqabilində xurcun, çuval, çul toxuculuğu daha geniş yayılmışdı.
Mil-Qarabağ düzənliyinin oturaq və köçəbə əhalisi bol yun ehtiyatına malik olduğundan burada müxtəlif növ yun məmulatı ( şal, mahud, xalça, palaz, məfrəş, xurcun, çuval və s.) istehsalı geniş yayılmışdı.
-
Традиционное хлебопечение в Азербайджане
В.Ахмедова
1997
-
Azərbaycanlıların məişətində xalça və xalça məmulatlarının yeri
Şəhla Nuruzadə
2017
-
Taxılçılıq
Teymur Bünyadov
2007
- Tərtibçi və biblioqrafiya