AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azuqə saxlama vasitələri

Nümunənin reyestr kodu : DA0201000001

Azərbaycanda qədim zamanlardan azuqə saxlama vasitələrinin, qablarının hazırlanması üçün xammal kimi torpaq, daş, ağac, saxsı, metal, dəri və sairədən istifadə edilmişdi. Bu vasitələr, qablar müxtəlif təyinatlı olsa da, azuqə saxlanması funksiyasını da yerinə yetirmişdi. Neolit dövründə insanlar taxılın becərilməsilə yanaşı, onun saxlanması qayğısına qalmış, məhsulu il boyu saxlamaq üçün torpaq quyulardan istifadə etmişlər. Azərbaycanda torpaq quyularda taxıl saxlanmasına tunc və dəmir dövrlərinə aid yaşayış yerlərində daha çox təsadüf edilir. XX əsrin əvvəllərinədək varlığını saxlamış torpaq quyular dərinliyi və diametrindən asılı olmayaraq, silindrik və kəsik konusvari olur, əsasən taxıl, qismən də un saxlamaq üçün nəzərdə tutulurdu.

Ən qədim və münasib taxılsaxlama qablarından biri irihəcmli təsərrüfat küpləridir. Dulusçuluğun neolit dövründə inkişafının bir səbəbi küplərdə ərzağın saxlanması idi. Tunc dövründə iri təsərrüfat küpləri ərzaq saxlamaq məqsədilə daha çox işlədilmişdi. Taxılın saxlanmasında boylu və irigövdəli ağacdan olan “god”, “taqqa”, palçıqdan silindrik və dairəvi formada hazırlanan “kəndi”lərdən istifadə edilmişdi. “Kəndi”lər müxtəlif böyüklükdə olub təxminən 100-150, 200-300 kq-dək taxıl tutur, aşağı hissəsində taxıl götürməkdən ötrü “külbə” adlanan göz qoyulur və taxıl töküldükdən sonra ağzı suvanırdı. İri tutumlu kəndilərin sınmaması üçün bir neçə yerdən iplə sarınırdı ki, buna da “qurşaq” deyilirdi. “Kəndi” evdə, eyvanda və həyətdə üstüörtülü yerdə qoyulurdu. Taxıl başqa azuqə saxlama vasitələrində də (taxıl səbəti, taxta anbar, çubuq anbar) saxlanırdı. Müasir dövrümüzdə bəzi belə azuqə saxlama vasitələrindən ayrı-ayrı bölgələrimizdə istifadə olunur.

Maldarlıq məişətində dəri qablara üstünlük verilir. Buna görə də bəsit xalq üsulu ilə aşılanmış dəri məmulatı (müxtəlif növ ağartı qabları – qarın, eymə, tejən, tuluq, cılğı, dağarcıq, motal, çalxar və s.), xüsusilə maldar elat arasında geniş yayılmışdı.

Zəngin xammal ehtiyatına malik olması səbəbindən Azərbaycanda müxtəlif növ hörmə və toxuma qablar da geniş yayılmışdı. Lifli bitkilərdən ev məişətində geniş yayılmış ciyəbənd, zənbil, kövsərə, süfrə, tərəzi və s. hazırlanır. Çubuqdan hörülən səbət, tərəcə, salğar, cilovsüzən və s. özünün təsərrüfat və məişət əhəmiyyətini əsrlər boyu saxlamışdı. Toxuma qabların çeşidi zəngindir. Bunların arasında yun, kətan və keçə məmulatı xüsusi yer tutur. Xurcun, heybə, məfrəş, çuval, kisə və s. keçmiş məişətdə daha geniş yayılsa da, kənd yerlərində bu gün də istifadə edilir.

Toxuculuğun inkişafı ilə əlaqədar, taxıl, bağçılıq məhsullarının saxlanmasında çuval, kisə və xurcundan geniş istifadə edilmişdi. Çuval və kisələrə doldurulmuş taxılı çox vaxt evdə, ya da taxıl damında saxlayırdılar. Müasir dövrdə Azərbaycanda meyvələr qurudularaq səbətlərdə, kisələrdə saxlanır, onlardan mürəbbə, mövuc, sucuq hazırlanır.

Zəngin çeşidə malik azuqə saxlama məmulatı ərzaq ehtiyatını təmin etmək ehtyacından irəli gəlir. İstifadə məqsədindən asılı olaraq ərzaq məhsullarının emalı, hazırlanması və saxlanmasında işlənən ağac, saxsı, metal məmulatı geniş çeşidə malikdir. Çörəkbişirmə-xörəkbişirmə vasitələri, mətbəx-süfrə qabları, ağartı qabları, su qablarının bəziləri eyni zamanda azuqə saxlama vasitəsi kimi istifadə edilir. Azuqə saxlama vasitələrinə taxıl çanağı, taxıl quyusu, küp, ağartı qabları (sərnic, goduş, yağ küpü, bal küpü, pendir küpü), təsərrüfat küpləri, su qabları və s. aiddir.

Neolit dövründə ibtidai insanların mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçməsi ilə azuqə təminatında ciddi dönüş baş vermişdi. Əkinçilik, maldarlıq, bağçılıq və s. təsərrüfat sahələrinin məhsullarından ibarət ərzaq ehtiyatının tədarük edilməsi qida məhsullarının yetişmə müddətinin müxtəlif olması və onların tədarükünün mövsümi səciyyə daşıması ilə bağlı olmuşdu. Yaxud məhsulların bir qisminin çatışmaması, ilin isti fəsillərində onların bol ehtiyata malik olması, soyuq qış aylarında isə bu ehtiyatın tükənməsi adamları vaxtında azuqə tədarükü qayğısına qalmağa vadar etmişdi. Tədarük olunmuş qida məhsullarını korlanıb xarab olmaqdan qorumaq üçün zaman keçdikcə bir sıra səmərəli üsul və vasitələr axtarılıb tapılmışdı.