AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Boz ay

Nümunənin reyestr kodu : DB0204010006

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır.

Havanın Boz ayda bir neçə dəfə dəyişməsinin maraqlı bir əfsanəsi vardır. Deyilənə görə, qədim dövrdə insanlar ili hesablamaq üçün onu 12 aya bölürlər. Bu vaxt hər aya 32 gün, təkcə boz aya 14 gün düşür. Boz ay “inciməsin” deyə, hər ay ömründən bir gün bu aya verir. Lakin Boz ay yenə narazı qalır. Bundan sonra ayların bəzisi ömründən bir gün də kəsib ona verir. Buna görə də ayların bəzisi 30, bəzisi isə 31 gündən ibarətdir. Beləliklə, boz ayda havaların dəyişkən olması xalq inanclarında onun hər aydan pay alması ilə bağlanmışdır.

Dəyişkən olmasına baxmayaraq, bu ayın insanların təsərrüfat həyatında rolu böyükdür. Boz ay əkinin başladığı dövrdür. Təsadüf hallarda bu dövrdə torpaq qarla örtülü olur. Çox vaxt qar ərimiş olur, torpaq əkin üçün hazır vəziyyətə gəlir. Lənkəran-Masallı bölgəsində çay plantasiyalarının budanması məhz bu aydan başlanır. Budama qurtardıqdan sonra çay kollarının yaxşı sulanması üçün dibləri yumşaldılır.

“Azərbaycan etnoqrafiyası” kitabında boz ayda görülən tarla işləri belə təsvir olunur: “Bağlara, bağçalara qulluq edirlər, qoyun-quzu yatağını, otlağını səliqə-sahmana salırlar. Bu zaman təcrübəli arıçılar qışdan çıxmış arıları qüvvətləndirmək məqsədilə onlara şirə, ruzi payı hazırlayıb verirlər. Suvarma suyunu əkinçiliyin əsası hesab edən kəndlilər boz ayın ortalarında taxıl əkinlərini suvarırlar. Bu suvarma gülənbər adlanır. Daha sonrakı suvarmalara döndərmə və çiçəksuyu deyirlər. Yaz şumu ilə bağlı xışı, kotanı, dəhrəni, baltanı, bıçağı, qayçını qaydaya salırlar, öküzlər nallanır, səpin üçün saxlanan buğda, arpa quyuları açılır. Qışlığı tükənənlərə dən verilir. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanır. Təzə bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırırlar”.

Ev-eşiyin, həyət-bacanın təmizlik işləri də boz ayda görülür. Qadınlar Novruza bir neçə gün qalmış yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü “soyub” yuyur, yununu çubuğa tutur, təzələyib üst-üstə yığır, xalça-palazı yuyur, sərib qurudurlar. Evin üst gözlərini sahmana salıb qonaq-qara üçün hazırlayırlar.

Qədim türk dünyagörüşündə təbiətin fəallığı yazda başlayır, yayda davam edir, payızda məhsul yığımı və qış hazırlıqları ilə başa çatır. Bununla əlaqədar, həyati funksiyaların minimum həddə endiyi qış mövsümü əski təfəkkürdə təbiətin ölümü kimi dərk olunmuşdur (Cəlal Bəydili). Həmin təsəvvürlərə görə, üç ay sürən qış dövrü bitdikdən sonra təbiət yenidən dirilir, amma bu proses birdən-birə deyil, hissə-hissə baş verir. Daha dəqiq desək, təbiətin oyanması dörd həftə çəkir. Həmin həftələrin dördü də boz aya düşür və xalq arasında çilləbeçələr və ya çərşənbələr kimi tanınır. İnama görə, həmin çilləbeçələrdə suya, havaya və torpağa cəmrələr gəlir. Bundan sonra torpaq oyanmağa başlayır, suların buzu əriyir, havalar isinir. Bu münasibətlə insanlar çilləbeçələrdə ocaq qalamaqla həmin hadisəni qeyd edirlər.