AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mövsüm mərasimləri

Nümunənin reyestr kodu : DB0204000001

Mövsüm mərasimləri ilin müəyyən dövrlərində icra edilən adətlər, ənənələr, ayinlər, etiqadlar, tabular və rituallar kompleksidir. Mövsüm mərasimləri fəsillərlə əlaqədar iki böyük dövrdə birləşir – payız-qış mərasimləri, yaz-yay mərasimləri. Azərbaycan mövsüm mərasimləri daha çox qış dövrünə təsadüf edir və xalq arasında formalaşmış və erkən ibtidai təsəvvürlərlə bağlı olan xalq təqvimi ilə əlaqədardır. Xalq təqviminə görə qış üç hissədən – Böyük çillə, Kiçik çillə və Boz aydan ibarətdir. Böyük çillə hər il dekabrın 21-i girir və 40 gün (fevralın birinəcən) davam edir (çillə sözü çehl sözündən götürülüb, qırx sayı və ağırlıq mənasındadır). Böyük çillədən sonra Kiçik çillə gəlir və 20 gün davam edir, yəni fevralın biri girib iyirmisi başa çatır. Kiçik çillədən sonra Boz ay gəlir və bir ay davam edir. Boz ay Novruz bayramında, yəni martın 20-21 tarixlərində başa çatır. Azərbaycanda əsas mövsüm mərasimləri məhz bu zaman kəsimində icra edilir.

Böyük çillə girən gün ilin ən uzun gecəsi sayılır və həmin gün Şəbi-yelda (mənası ilin ən uzun və qaranlıq gecəsi) mərasimi icra edilir.

Kiçik çillənin onuncu günü Azərbaycanda Xıdır Nəbi bayramı qeyd edilir. Bayramın keçirildiyi tarix bölgədən asılı olaraq dəyişsə də (bəzi bölgələrdə Kiçik çillənin 10-na, digərlərində Kiçik çillənin başladığı ilk üç günə düşür), həmin günlərin hamısı Kiçik çilləyə təsadüf edir.

Kiçik çillədən sonra gələn Boz ayda havalar çox dəyişkən olur: gündüz isti, axşam soyuq və yaxud bir gün isti, bir gün soyuq olur. Bu dəyişkənliyə görə Boz aya xalq arasında Alaçalpo da deyirlər. Azərbaycanlıların ən böyük təqvim mərasimi olan Novruz bayramı da məhz Boz ayda icra olunmağa başlayır. Novruzaqədərki dörd çərşənbə, bayramqabağı hazırlıq mərhələləri də Boz aya təsadüf edir. Dörd çərşənbənin ən sonuncusu İlaxır çərşənbə isə xalq arasında daha böyük təmtəraqla qeyd edilir. İlaxır çərşənbədən sonra isə bayram axşamı və bayram gününün mərasimləri gəlir.

Azərbaycan mövsüm mərasimləri təqvim tarixlərinə bağlanan bayram və rituallarla məhdudlaşmır, fərqli məqsədlərə xidmət edən bəzi ayinləri də əhatə edir. Belə mərasimlər ehtiyac yarandığı zaman həyata keçirildiyi üçün okkazional səciyyə daşıyırlar, buna baxmayaraq, təbiət qüvvələrinə təsir göstərmək istəyi bu mərasimlərdə mühüm rol oynadığından onlar da mövsüm mərasimlərinə daxil edilir. Belə mərasimlərə yağış yağdırmaq, günəşi çağırmaq ayinləri daxildir. Uzun sürən quraqlıq zamanı insanlar əziyyətlərinin hədər gedəcəyini, taxılın yanacağını və ac qalacaqlarını düşünərək yağış yağdırmaq üçün müəyyən ayinlər icra etmiş, dualar oxumuşlar. Azərbaycanın müxtəlif bölgələrindən qeydə alınmış Müsəlləyə çıxmaq və Çömçəxatun mərasimi yağış yağdırmaq məqsədilə icra olunan ayinlərdəndir. Günəşi çağırmaq ayini isə dolanışığı əkdiyi məhsula bağlı olan insanın yağışı kəsmək və günəşi çağırmaq üçün icra etdiyi mərasimdir. Belə mərasimlərin içərisində ən geniş yayılanı Qodu-Qodu mərasimidir.