AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mərasimlər

Nümunənin reyestr kodu : DB0200000001

Mərasimlər ibtidai cəmiyyətdə insan fəaliyyətinin və həyatının mərkəzində durmuş, həyatın bütün sahələrinə nüfuz edərək onu müşayiət etmişdi. Azərbaycan cəmiyyətində də mərasimlərə həmişə sadiq qalınmış, onun dəqiq icrasına toplumun bütün üzvlərinin uğurunun təminatı kimi baxılmışdı. Ata-babadan miras qalmış bu normalardan kənara çıxılmasına isə pis baxılmış, belə şəxslər toplum tərəfindən gözdən salınmışdı. Arxaik cəmiyyətlərdə olduğu kimi, bu gün də keçirilən mərasimlər toplumun bütün üzvlərini bir araya gətirməklə kollektivin yaşamasının təminatı kimi çıxış edir.

Zaman keçdikcə Azərbaycanda mərasimlər müəyyən dəyişikliyə uğramışdı. Arxaik cəmiyyətlərdə ayin və mərasimlər dini-magik funksiya daşımış, toplumun rifahına, məhsuldarlığa, artıma xidmət etdiyi halda, müasir cəmiyyətdə onların bir qismi dini-magik funksiyasını itirərək sadəcə əyləncə, oyun kimi hafizələrdə qalmışdı. Bu oyunun iştirakçıları da oynadıqlarının mərasim olduğunun fərqinə varmır, ona bir oyun kimi yanaşırlar.

İbtidai cəmiyyətlərdə miflə mərasim bir-biri ilə üzvü şəkildə bağlı olmuşdu. Sözlü mətnlə müşayiət olunmayan hansısa mərasimin varlığını təsəvvür etmək mümkün deyil. Mərasim mədəniyyəti mifoloji təfəkkürün bir hissəsi kimi təzahür edir və miflər onu izah etməyə, əsaslandırmağa xidmət etmişdi.

Mərasim mədəniyyətindən danışanda qeyd etmək lazımdır ki, o, işarələr sistemindən ibarətdir (rəqs, oyun, söz, musiqi, mimika, pantomima, oxuma və s.). Tədqiqatçılar mərasimlərin sinkretik mahiyyətinə diqqət çəkərək sonralar bir çox sənət sahələrinin mərasimdən ayrılaraq müstəqil inkişaf yolu tutduğunu vurğulamışlar. Deməli, mərasimlər bu gün incəsənətin əsasını təşkil edən bir çox sənət sahələrinin mənbəyində durur. Ona görə də hər bir xalqın ayin və mərasimləri həmin xalqın mədəniyyətinin, incəsənətinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda ənənəvi mərasimlərin əksəriyyəti İslamdan əvvəlki təsəvvürləri əks etdirir. İslam dini bu bölgədə yayıldıqdan sonra həmin mərasimlər islamlaşdırılmağa, islam şəxsiyyətlərinin adı ilə bağlanmağa çalışılmışdı. Yazın gəlişinin qeyd olunduğu Novruz bayramı, martın 21-22-də oynanan və ölüb-dirilməyi simvolizə edən “Padşah oyunu” Həzrət Əlinin adı ilə bağlanmışdı. Yağış yağdırmaq üçün keçirilən mərasimlər qədim görüşləri əks etdirsə də, orada oxunan bir çox dualar Quran ayələrindən ibarət olmuşdu. Beləliklə, Azərbaycan mərasimlərində İslam və İslamdan əvvəlki görüşlərin maraqlı sintezini görmək mümkündür.

Azərbaycan folklorşünaslığında mərasimlər mövsüm və məişət mərasimləri olmaqla iki qrupa ayrılır. Bu qrupların hər biri ceşidli nəğmələr, oyunlar və folklor mətnləri ilə müşayiət olunur.

Mövsüm mərasimləri ənənədə daha geniş yayılmış və təqvim dövrləri ilə bağlı olmuşdu. Bura Böyük çillənin girdiyi dövrdən etibarən keçirilən Çillə gecələri, Kiçik çillə ərzində keçirilən Xıdır Nəbi, Boz ayın sonunda qeyd olunan Axır çərşənbə, əkinə başlanması və məhsul yığımı münasibətilə keçirilən bayramlar, yağış yağdırmaq, Qodu-qodu və s. mərasimlər daxildir.

Məişət mərasimlərinə isə insanın doğulması, evlənməsi və ölməsi münasibətilə keçirilən mərasimlər daxildir. Bu mərasimlər əski dövrün etiqad və baxışlarını, mifoloji, fəlsəfi anlayışların, dini görüşlərin izini daşıyır. Məişət mərasimləri içərisində toy nikbin, əyləncəli xarakteri, musiqi, əyləncə, oyun, rəqs kimi melopoetik ünsürləri özündə ehtiva etməsi baxımından diqqəti cəlb edən mürəkkəb ritual sistemdir.