Payız-qış mərasimləri
Nümunənin reyestr kodu : DB0204010001
Azərbaycanda qış ibtidai təsəvvürə və etiqada əsasən üç çilləyə bölünür. Birinci qırx günlük el arasında Böyük çillə adlanır və qışın başlanğıcından, yəni dekabrın 22-dən fevralın əvvəlinədək olan dövrü əhatə edir. İyirimi iki gün sürən və el arasında “qışın oğlan çağı” adlanan Kiçik çillə fevralın ikisindən iyirmi ikisinə qədər davam edir. “Boz ay” adlanan fevralın iyirmi ikisindən martın iyirmi ikisinə qədər olan müddət isə hər biri yeddi gündən ibarət dörd balaca çilləyə, başqa sözlə “çilləbeçə”yə bölünür. Hər üç çillədə müxtəlif mərasimlər keçirilir, ayinlər icra edilib nəğmələr oxunur.
Böyük çillədə icra olunan əsas mərasimlərdən biri Çillə gecələridir. Bu tip məclislər Böyük çillə girəndən başlayıb qurtarana qədər davam edir. Keçmişdə Çillə gecələri imkanlı şəxslərin evində keçirilirdi. Məsələn, kənddə iyirmi imkanlı ailə varsa, kənd sakinləri iki gündən bir növbə ilə həmin evlərdən birinə toplaşırdı. Kişi və qadınlar üçün ayrı-ayrı otaqlarda süfrə açılırdı. Ev sahibi çillə üçün qabaqcadan qarpız ehtiyatı görür və xalq arasında həmin qarpız çillə qarpızı adı ilə tanınırdı. Qarpızlar xüsusi olaraq seçilir, onların bir-birinə yaxın çəkidə olmasına diqqət yetirilirdi. Çillə gecəsi ev sahibi hər adamın adına bir qarpız kəsirdi. Qarpız kəsiləndən sonra hər kəs ondan bir tikə dadır, ondan sonra həmin qarpızdan qadınlara, qohum-qonşuya pay göndərilirdi. Çillə qarpızından sonra ortaya plov gətirilirdi. Süfrənin samballı olması şərbətlərin sayına görə təyin edilirdi. Ona görə də ev sahibi süfrənin sanballı olması üçün ortaya limon, bal, almadan və s. hazırlanmış şərbətlər qoyurdu. Axırıncı gün isə məclis ən imkanlı adamın evinə salınırdı. Həmin gün ayrıca heyvan kəsilir və məclis daha təmtəraqlı keçirilirdi. Müasir dövrümüzdə ayrı-ayrı bölgələrimizdə keçirilən Çillə gecəsinin əsas atributu yaydan saxlanan qarpızdır.
Fevral ayının əvvəlindən başlayarq iyirmi gün davam edən Kiçik çillə soyuqluğu, boranı, tufanı ilə özündən əvvəlki çillələrdən seçilir. Kiçik çillənin Xıdır Nəbi bayramının keçirildiyi birinci on günlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır və bu təsəvvür “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözündə də öz əksini tapmışdı.
Xıdır Nəbi bayramı qışın yarısına – fevralın birinci ongünlüyünə düşür. Həmin vaxt güclü küləklər əsir ki, həmin külək xalq arasında Xıdır Nəbi küləyi kimi də tanınır. Xalq arasında mövcud inama görə, fevralın beşi Xıdır Nəbinin anadan olan günüdür. Xıdır Nəbinin zühur edərək insanlara ruzu paylayacağına inanan insanlar onun gəlişini təmtəraqla qeyd edirlər. Xıdırın gəlişi münasibətilə Azərbaycanın bir çox bölgələrində Xıdır Nəbi kömbəsi bişirilir və kömbənin içərisinə düymə qoyulur. Kömbə hissələrə bölünüb ailə üzvləri arasında paylanır, həmin düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girər, onun arzusunu gerçəkləşdirər. Həmin gün həm də Xıdır Nəbi xaşılı bişirilir. İnama görə, Xıdır Nəbi daha çox qovut xaşılını xoşlayır, ona görə bəzi bölgələrdə Xıdır Nəbi xaşılı qovutdan bişirilir. Bununla əlaqədar, evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəhməz saxlanır. Xıdır girəndə evdən mütləq xaşıl iyi çıxmalıdır. Ona görə fevralın beşində həmin qovutdan xaşıl bişirilir və ondan bir qaba çəkilib ya yükün altına, ya da pəncərənin qabağına qoyulur. Xaşılın üzərində əl izi olardısa, Xıdırın həmin gecə o ailəyə baş çəkdiyinə və həmin ilin onlar üçün xeyirli olacağına, uğurlu keçəcəyinə inanılırdı.
Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününədək olan çağ Boz ay adlanır. Ayın belə adlanması onun yağışlı, küləkli, isti, soyuq – bir sözlə, dəyişkən və qarışıq olması ilə əlaqədardır. Xalq arasında yayılmış “Boz ay bozara-bozara keçər” ifadəsi də həmin ayda havanın dəyişkən olmasından qaynaqlanır. Boz ay, öz növbəsində, hər biri yeddi gündən ibarət cəmlələr adlanan beş həftəyə bölünür. Bunlardan birincisi xalq arasında “yalançı”, “xəbərçi” çərşənbə adı ilə, digər dördü isə əsl çərşənbə kimi tanınır. İnama görə, əsl çərşənbənin hər birində dörd əsas ünsürün – su, od, torpaq və küləyin biri oyanır və bu proses sonuncu çərşənbə ilə – küləyin oyanması ilə tamamlanır.