AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cin

Nümunənin reyestr kodu : DR0203000007

Var olduğuna inanılan, lakin gözlə görünməyən mifoloji varlıqdır. Cilddən cildə düşmələri onların başlıca xüsusiyyətləridir. Çox vaxt da ən yaxın adamların cildinə girərək müəyyən şəxsləri tovlayıb aparır, onlara xəsarət yetirirlər. Quranda inni-cinni adlandırılan bu varlıqlar köhnə dəyirman, köhnə hamam, xarabalıq, qəbiristanlıq kimi xaotik məkanlarda yaşayırlar. Həmin məkanlardan keçən adam mütləq Allahın adını zikr etməli və yaxud “bismillah” deməlidir. Deyilənə görə, cinlər Allahın adından və Qurandan qorxurlar. Ona görə oğurladıqları və ya qaçırtdıqları adamlara onların yanında Allahın adını çəkmələrini, bismillah kəlməsini dillərinə almalarını qadağan edirlər. Qadağa pozulduqda isə qeybə çəkilirlər.

Cin anlayışı “Quran”da da vardır, amma tədqiqatçıların fikrincə, Azərbaycan və digər türk xalqlarındakı cinlə islamdakı cin anlayışı eyni məfhumlar deyildir. İslamdakı cin anlayışı ruhlara verilən ümumi addır, təkdənbir ayrıca bir ruhlar kateqoriyası anlamını ifadə edir. Türk mifologiyasında isə Cin müstəqil, konkret əlamətləri olan mifoloji varlıqdır (Cəlal Bəydili).

Ənənədə ruhlar şər və xeyirxah olmaqla iki yerə bölünür. Eynilə cinlər də müsəlman və kafir cinlərə ayrılır. İnasanlara xəsarət yetirmək, ona zərərə toxundurmaq kafir cinlərin, insanlara kömək etmək isə müsəlman cinlərin fəaliyyəti kimi qələmə verilir. Hətta şifahi ənənədə müsəlman cinlərin Kərbəla hadisələrində İmam Hüseynin köməyinə gəldikləri, amma imamın onların köməyini qəbul etmədiyi söylənilir.

Nə zaman, harada göründükləri bəlli olmayan cinlər dəstə ilə gəzir, xalq arasında ona cin yığnağı deyilir. Onların ən aktiv dövrü axşamlar, gecələr hesab olunur. Əsasən dam dibi, quru çay kənarı, xarabalıqlar onların ən çox toplaşdığı yerlər hesab olunur. Ona görə yaşlılar cavanlara məsləhət görərdilər ki, dam dibində oturmayın, həyətə qaynar su tökməyin, zibil, soğan qabığı atmayın. Atanda da cinlərin balalarına xəsarət yetirməmək üçün “bismillah” deyərək atın.

Arxaik təsəvvürdə bir çox xəstəliklər o dünya varlıqlarının fəaliyyəti ilə əlaqələndirilmişdir (C.Bəydili). Həmin təsəvvürlərin nəticəsidir ki, bu gün də dəlilik, epilepsiya kimi bir çox xəstəliklərə məhz cinlərin səbəb olduğuna inanılır. İnanca görə, cin yığnağına düşən, onların təamını yeyən adam dəli olur, yaxud həyətə qaynar su tökən adamı cin vurur. Belə xəstələri sağaltmaq üçün ya tas qurular, ya da aşıq gətirilərdi. Məsələn, Ağdaş rayonunda toplanmış bir mətndə qeyd olunur ki, cin yığnağına düşən bir adam dəli olur. Onu sağlatmaq üçün aşıq üç gün üç gecə musiqi çalır, həmin adam da oynayır. Bundan sonra o, şəfa tapır. Tas qurmaq isə xüsusi bir ritualdır. Tası bu işlə məşğul olan cindarlar, mollalar qurardılar. Tasın başında cindar, görücü, bir də xəstə olurdu. Cindar tasa su töküb qabağına qoyur, cinləri bir-bir adlarıyla çağırmağa başlayırdı. Cinlər tasın içinə yığıldıqca, görücü onları görürdü. Cindar cinlərə tövbə elətdirir, ya da onları bir qarığının içinə yığıb yandırırdı. Onunla da o xəstəlik, qorxu həmin adamın canından çıxırdı.

Ayın, günün tutuması da əski təfəkkürdə Cinlərin fəaliyyəti ilə əlaqələndirilmişdir. Ona görə əskidən ay və ya gün tutulduqda havaya güllə atmaqla, dəmir qabları döyməklə cinləri qorxudub qaçırtmağa çalışmışlar. Çünki əski inanca görə demonik varlıqlar dəmirdən qorxur. Körpə uşaqların yastığının altına dəmir parçası, bıçaq və s. qoyulması da həmin inancla bağlıdır. Cinlərin dəmir parçasından qorxmaları paltarla bağlı söylənən inanclarda da qalmışdır. Deyilənə görə, cinlər təzə palatara həris olurlar. Ona görə təzə paltarların üstünə sancaq sancarlar ki, cinlər götürüb onu geyinməsinlər.

Cinlərin tək qalmış uşaqları dəyişdirdiklərinə də inanılır. Deyilənə görə, cinlərin gözəl uşaqlardan xoşu gəlir. Uşaq otaqda yiyəsiz qaldıqda cinlər onu götürüb yerinə özlərinin eybəcər uşaqlarını qoyurlar. Xalq arasında cin dəyişəyi kimi tanınan belə uşaqlar adətən böyümürlər, gözləri, burunları həddindən artıq balaca olur, onları sakitləşdirmək mümkün olmur. Ona görə uşağı yiyəsiz qoymaq məcburiyyətində qaldıqda cin uşağa yaxın düşməsin deyə böyüklər çiy yumurtanı suyun içinə salıb uşağın başı üstünə qoyardılar, yaxud otağa süpürgə qoyardılar.