AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sirr-bilik

Nümunənin reyestr kodu : DR0200000001

Ovsun, fal, sınama, xalq təbabəti kimi bir çox sahələr qədim insanların ətraf aləm haqqında bilik və təcrübələrini əks etdirir. Məsələn, kəsilən saçın yerə atılmaması ruhunun saçda təcəssüm etməsi, çay və ya su kənarından keçərkən bismillah deyilməsi çay və ya arxın bu dünya ilə o dünyan arasında sərhəd rolu oynaması haqqında arxaik təsəvvürlərdən qaynaqlanır. “Simvolların, rəmzlərin dilini bilən əski çağ insanları” “mifoloji düşüncənin ilkin çağına” (C.Bəydili) qədər uzanan bu təsəvvürlərin mahiyyətini bilirdi. Arxasındakı təsəvvür unudulduğundan günümüzdə belə nümunələr batil inanc kimi görünür, bununla belə xalq həmin təsəvvürlərin təsir gücünə bu gün də inanır və gündəlik həyatında onlardan geniş istifadə edir. Bunun nəticəsidir ki, bu gün də köhnə hamam, xaraba dəyirman, qəbiristanlıq yanından keçəndə bismillah deyərək keçilir, həyətə isti və ya qaynar su atıldıqda mütləq “bismillah” deyərək atılır. Bu təsəvvürlər həm də xalq mədəniyyətinin ən əski çağlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır.

Arxaik bilikləri özündə daşıyan belə sahələrdən biri falçılıqdır. Fal o dünya varlıqları ilə əlaqə yaradaraq gələcək haqqında məlumat əldə etmək məqsədi daşıyan ritualdır. O dünya varlıqları ilə əlaqə xüsusi məkanlarda, həftənin müəyyən günlərində gerçəkləşdirilir. Falçılıq islamdan əvvəlki görüş və təsəvvürləri özündə əks etdirir. Ona görə islam dinində falçılıq kafirliyə bərabər tutulmuş, dua yazdırmaq, cadu etmək, qeybdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş, belə adamların “qırx gecəlik namazı”nın qəbul edilmədiyinə inanılmışdı. Buna baxmayaraq, islam dini fala inancı aradan qaldıra bilməmişdi.

Ovsunlar isə obyekt və hadisələrə təsir etmək, arzuolunan nəticəni almaq üçün söylənilən magik səciyyəli bədii parçalardır. Ovsunların oxunması rituallarla müşayiət olunur, onun oxunması zamanı od, su, və s. predmetlərdən istifadə olunur. Məsələn, qurdun ağzını bağlamaq üçün qayçıdan istifadə olunur. Duanı oxuyub qayçının ağzını bağladıqda qurdun itmiş və ya çöldə qalmış heyvana xətər toxundurmayacağına inanılmışdı. Ovsunlar islamdan əvvəlki görüşü əks etdirsə də, islam dininin də təsirinə məruz qalmışdır. Ovsun zamanı oxunan bir çox mətnlər Quran ayələrindən ibarətdir. Ovsunun gücü yalnız başqa bir ovsunla zəiflədilə və ya yox edilə bilər. Ovsunlardan təsərrüfatda (əkinçilər, çobanlar, ovçular), xalq təbabətində, məişətdə və s. geniş istifadə olunur. Ovsunların müalicə məqsədilə istifadəsi də geniş yayılmışdır. Ovsunlardan həm də pis niyyətlə – kiminsə bəxtini bağlamaq, kiməsə xətər yetirmək üçün istifadə olunur. Ona görə ovsunlar ağ və qara ovsun olmaqla iki qrupa ayrılır. Arxaik düşüncədə söz aid olduğu cismin və obyektin özü idi. Söz bildirdiyi cisimdən təsəvvürdə ayrılmadığından insanlar ovsunla cismə və ya adamın özünə təsir edilə biləcəklərinə inanmışlar. Sözün təsir gücünə olan bu inam ovsunların yaranmasına səbəb olmuşdu.

Sınamalar da insanların çoxəsrlik bilik və təcrübəsini əks etdirir. İslamdan əvvəlki inanc və təsəvvürlərə söykənən sınamalar dünya və insan haqqında çoxsaylı mifoloji və magik təsəvvürləri özündə cəmləşdirir. Qədim insanlar əşyalarla hadisələr arasında müəyyən bağ görmüş, bunun nəticəsi olaraq da “qaşıq yerə düşərsə, qonaq gələcək”, “süfrəyə duz dağılarsa, evdə dava düşər”, “bayquş oxuyarsa, həyətdən ölü çıxar”, “sığırçın oxuyarsa, şad xəbər gətirər” kimi sınamalar yaranmışdı. Xalq təsəvvüründə bütün predmetlər, heyvanlar, bitkilər pis və yaxşı, insana xeyir gətirən və ya zərər yetirən olaraq bölünmüş, bu da “sığırçının oxuması şad xəbər gətirər”, “qarğa oxuyarsa, pis xəbər gətirər” kimi sınamaların yaranmasına səbəb olmuşdu.