AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mifoloji varlıqlar

Nümunənin reyestr kodu : DR0203000001

Mifoloji varlıqlar mifoloji şüurun məhsulu olub, hissi-məkani qavrayışların hasısa bir formada təzahürüdür. Belə varlıqlar ilk növbədə qeyri adi, fantastik xüsusiyyətləri ilə seçilir. Onların zahiri görünüşü, funksiyası, atributları həm də onları səciyyələndirən, bir-birindən fərqləndirən xüsusiyyətlərdir. Azərbaycan demonologiyasında hal anası sallaq döşlü, sağ döşünü sol çiyninə, sol döşünü sağ çiyninə atmış şəkildə, dabanı irəli, pəncəsi geri olan, verilən tapşırıqları tərsinə icra edən bir varlıq kimi təsvir olunur. Cin isə gözlə görünməyən, müxtəlif şəkillərə düşən, ən çox da pişik cildinə girən bir varlıq kimi verilir. Qaraçuxa isə insanın özünə oxşayan varlıqdır. Belə varlıqların mövcudluğuna inam insanların gündəlik həyatına da təsir etmiş və bu varlıqlarla bağlı müəyyən inanclar kompleksi yaranmışdır. Məsələn, hal anasının zahı yatan qadına xəsarət yetirməməsi üçün otağa müxtəlif əşyalar qoymaqla zahı ondan qorunmağa çalışılır. Cinin sancaqdan qorxması inancından irəli gələrək çöldə otlayan yiyəsiz atları minməməsi, onun yalını hörməməsi üçün atın üstünə sancaq taxılır. Qaraçuxa isə xeyirxah bir varlıq kimi təsəvvür olunduğundan çox vaxt onun adına Quran oxudulur, yemək bişiriləndə Qaraçuxanın adına yeməyə duz atılır. İnsanlar bəxt hamilərini tez-tez xatırlamaqla, yada salmaqla onun oyaq qalmasına çalışırlar.

Mifoloji varlıqlara şamil edilən xüsusiyyətlər zamanla dəyişə bilir. Ona görə də mifoloji varlıqlara indi şamil edilən xüsusiyyətlərin yüz il bundan əvvəlki şəkli ilə eyni olduğunu düşünmək yanlışdır. Bəzən bir mifoloji varlıq fərqli adlarla tanına bilir.

Azərbaycan xalq demonologiyasında mifoloji varlıqlar çox vaxt qeyri-maddi, zoomorf obrazlar kimi təsvir olunur. Məsələn, cin gözəgörünməz, müxtəlif formaya düşməyi bacaran, hətta iynənin dəliyindən keçən bir varlıq kimi təsvir olunur. Belə varlıqları mütləq mənfi və ya mütləq ziyankar personajlar kimi dəyərləndirmək olmaz. Bu, insanların onlara necə münasibət bəsləməsindən asılıdır. Hətta ziyankar kimi tanınan cinlərin belə insanlar onlara xətər yetirmədikcə, ziyan vurmadıqca, onların insanlara zərər toxundurmadığına inanılır.

Mifoloji varlıqların tutulması və ya ələ keçirilməsi müəyyən məqsədə xidmət edir. Mifoloji varlıqları tutub işlədən, onlarla evlənən şəxslər haqqında bu gün də xalq arasında rəvayətlər danışılmaqdadır. Həmin varlıqlar tövbələtmə verildikdən sonra azad edilir, əks təqdirdə həmin varlıqlar mütəq həmin ailəyə bir xəsarət yetirir, onlara zərər toxundururlar.

Azərbaycan nağıllarındakı mifoloji personajlarının mənşəyi ilə xalq demonologiyasındakı mifoloji varlıqların mənşəyi bir-birindən fərqlənir. Məsələn, Azərbaycan xalq demonologiyasında geniş yayılmış Hal anası, Meşə adamı haqqında təsəvvürlərə nağıllarda rast gəlmək mümkün deyil. Xalq demonologiyasındakı personajların yalnız bir qismi nağıl süjetlərinə daxil ola bilmişdir.

Mifoloji varlıqlara təkcə fantastik xüsusiyyətləri ilə seçillən varlıqlar yox, həm də gözündə nəzər olan, topal adamlar, cadugərlər, keçəl, kosa kimi obrazlar da daxildir.

Mifoloji varlıqlar öz varlığını ya yeraltı səltənətdə, ya da kosmik dünya modelinin uyğun qismlərində davam etdirirlər. İnsanlar bu varlıqlarla istənilən yerdə deyil, ancaq bəlli məkanlarda – suyu qurumuş çayda, xaraba hamamda və ya dəyirmanda, meşədə, qəbirstanlıqda və s. bu kimi marginal zonalarda qarşılaşırlar. Bu gün də həmin məkanlar insanların təsəvvüründə qorxulu məkan kimi qalmış və həmin varlıqlardan qorunmaq üçün insanlar qeyd olunan məkanların yanından “pissimmillah” deyərək keçirlər. Bədii əsərlərdə, incəsənətin bir çox sahələrində həmin məkanların qaçaq-quldurların toplaşdığı, şər-xəta məkanı kimi təsvir olunması da, həmin təsəvvürdən qaynaqlanır.