Çarıqçı
Nümunənin reyestr kodu : DA0104000020
Çarıq bir ayaqqabı növü kimi qədimdən əhalinin geyiminə daxil idi. Bu baxımdan çarıqçılıq peşəsinin tarixi digər ayaqqabı növləri üzrə ixtisaslaşmış (çəkməçi, çustçu və s.) peşələrlə müqayisədə daha qədimdir. Çarığın geniş yayılmasının səbəbi bu ayaqqabı növünün kifayət qədər ucuz, çox sadə ölçü və biçimli olması idi. Hər bir kəndli özü asan başa gələn çarıq tiksə də, kəndlərdə 3-5 nəfər peşəkar çarıqçı işləyirdi ki, onlar da xeyir-şər üçün, bazar üçün çarıqlar tikib satırdılar. Şəhərlərdə isə bu sənət sahəsi ilə məşğul olan xüsusi çarıqçı dükanları olurdu. Bazar meydanı, karvansara, məscid yaxınlığında fəaliyyət göstərən bu çarıqçı dükanları həm də istehsal emalatxanaları idi. Bir qayda olaraq hər bir dükanda bir nəfər usta və 2-3 nəfər şagird işləyirdi.
Çarıq ənənəvi şəkildə, sadə yolla aşılanmış göndən hazırlanırdı. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qabları, habelə çarıq, papaq, kürk kimi geyim vasitələri hazırlamaq üçün dəri bəsit üsulla qismən aşılanırdı. Sadə aşılanmış gönün əsas müştərisi başmaqçı, çəkməçi, sərrac və çarıqçılar idi. Aşılanmış gön məmulatı “altlıq”, “astarlıq”, “üzlük”, “qayışlıq” və s. olmaqla müxtəlif növə ayrılırdı. Gönün qalın yeri altlığa, nazik hissələri isə üzlüyə sərf olunurdu.
Çarıqçılar əldə etdikləri göndən çarıq hazırladıqda onu primitiv yolla emal edirdilər. Bunun üçün gönü bir neçə gün ayranda saxlayır, bundan sonra çıxardıb dübarə əhəng və zəy məhluluna salırdılar. Beləliklə, gön sanki “aşa qoyulur” və onun üstündəki tüklər öz-özünə tökülürdü. Quruduqdan sonra gön üzərində qalan adda-budda tüklər də qaşovlanır və beləliklə, gön çarıq tikmək üçün yararlı vəziyyətə gəlirdi.
Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin gündəlik ayaq geyiminə çevirmişdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1-2 cüt çarığı da olurdu ki, onu, adətən, bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6-12-yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan “döşəmə” salıb istifadə edirdilər.
Çarığı tikmək üçün usta əvvəlcə onun altlığını, hər kəsin ayağının ölçüsündə biçirdi. Bu altlığın uc hissəsi yuxarıya doğru əyri qalxır, yanlarında isə köşə keçirmək üçün çoxsaylı deşiklər (gözcüklər) açılırdı. Çarıq, bir qayda olaraq, qabaqdan başlanıb dabana doğru tikilirdi. Çox zaman çarığı onun burnunun quruluşuna görə fərqləndirirdilər: “çütmə burun”, “quşburnu”, “təkburun”, “üçburun” və s. Çarığın ayaqda dayanması üçün onun dabanına köşədən 2-3 ədəd “körpü”, dabanla pəncə arasının yanlarına bir cüt olmaqla “üzəngi” (“gözək”), pəncə üstünün yanlarına isə “gözlər” (“bacalar”) toxunurdu. Tikmə işi ya üzərinə mum çəkilmiş eşmə iplik vasitəsilə, ya da göndən nazik çəkilmiş “köşə” (sirim, duvula, çirə) vasitəsilə aparılırdı.
Çarıq ayağa geyildikdən sonra “çarıqbağı” vasitəsilə bağlanırdı. Çarıqbağı rəngli toxunma ipdən hazırlanırdı. Bir qayda olaraq, gəlinin cehizləri içərisində xeyli çarıqbağı olurdu. Çarıqbağını pəncəüstü gözlərə çarpaz doladıqdan sonra onun uclarını daban körpüsünə və yan üzəngilərə keçirir, artıq qalan hissəsini isə baldıra dolayıb bağlayırdılar. XIX əsr və XX əsrin əvvəllərində çarığı, bir qayda olaraq, müxtəlif yun corab, badış, patava və dolaqla geyirdilər. Yun corabın üstündən şaxtalı havalarda dolaq bağlanırdı. Onu, eni 20 sm, uzunluğu isə 70-80 sm olan sıx toxunma şaldan hazırlayırdılar. Dolaq baldıra, patava isə ayağa kip sarınır, şalvarın balağını qıvraq saxlayır, təsərrüfat işləri zamanı sərbəstlik yaradırdı. Bəzən çöl-təsərrüfat işləri zamanı dolağı badış əvəz edirdi. Kişilər şalvarın balağını onun içərisinə qabqarıb topuqdan yuxarı və dizdən aşağı qaytanla bağlayırdılar.
Tarixən Azərbaycanda aşılanmış dəri məmulatının bolluğu növbənöv ayaqqabıların ortaya çıxmasına səbəb olmuşdur. Aşılanmış və ya az aşılanmış dəridən hazırlanan çarıq tez sıradan çıxdığından arxeoloji baxımdan çarığın ən qədim nümunələrini əldə etmək mümkün deyildir. Buna baxmayaraq, Azərbaycan əhalisinin təsərrüfat həyatı ilə sıx bağlı olan, rahat və ucuz çarıq ən qədim zamanlarından geniş yayılmış, xalqımızın geyim kompleksinə daxil olmuşdur. XVI əsrə aid Təbriz miniatürlərində çarıq əks olunmuşdur. Eləcə də bir sıra tarixi mənbələrdə çarıqla bağlı məlumatlar əksini tapmışdır. Hələ 1685-ci ildə Şamaxıda olmuş fransız misioneri Rikar öz məktubunda çarıqdan bəhs edərək yazırdı ki, yerli əhalinin ayaqqabısı öküz, qaban gönündən tikilib, hər iki tərəfdən ayağa qaytanla möhkəm bağlanır.