Cürə nağara
Nümunənin reyestr kodu : ST0804000007
Zurnaçılar dəstəsini müşayiət edən zərb çalğı alətidir. Əsas nağaradan xeyli kiçik olduğu üçün cürə nağara adlandırılmışdır. “Cürə” sözü “kiçik” anlamına gəlir.
Musiqi folklorunda özünəməxsus rolu və funksiyası olan bu alətin sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, tək istifadə olunmur, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir.
Müasir dövrdə rəqs kollektivlərində geniş istifadə olunur. Abbasqulu Nəcəfzadənin yazdığına görə, cürə nağaranın sağanağının diametri kiçik olduğundan zil səslənir. Məhz bu xüsusiyyətinə görə rəqqaslar onun müşayiəti ilə rəqs etməyi xoşlayırlar.
Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Hüseynağa Yəhyayev Respublikamızda bu alətin məşhur ifaçılarından biri sayılırdı.