AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Milli çalğı alətləri

Nümunənin reyestr kodu : ST0800000001

Идиафонлу мусиги алятляри

Azərbaycan xalqının tarixini, maddi-mənəvi mədəniyyətini özündə əks etdirən milli çalğı alətləri muğamların, mahnıların, aşıq və rəqs havalarının inkişafında müstəsna rol oynayır. Ümumiyyətlə, çalğı alətləri ritmik cəhətdən müəyyənləşdirilmiş müxtəlif yüksəklikli səslər, yaxud dəqiq nizama salınmış ritmlər hasil edən alətlərdir. Azərbaycanda bu gün də fəaliyyət göstərən orkestrlərin, müxtəlif ansamblların tərkibində və solo ifaçılığında bu alətlərdən geniş istifadə olunur.

Azərbaycan musiqi alətlərinin yaranması və yayılması prosesi üç mənbədən – Ön Asiyanın qədim sivilizasiyalarından, türk xalqlarının ortaq mədəniyyətindən və İslam dünyasından qaynaqlanır. Bu üç amilin vəhdəti Azərbaycanda zaman keçdikcə ortaq xarakter alan musiqi alətlərinin, bədii ifa vasitələrinin təşəkkülünə səbəb olmuşdu.

Azərbaycan çalğı alətləri içərisində milli alətlər üstünlük təşkil edir. Bura simli musiqi alətlərindən tar, saz, kamança, qanun, ud, dambur, nəfəslə çalınanlardan balaban, tütək, zurna, ney, tulum, dərilililərdən nağara, qaval, qoşa nağara, dümbək, özüsəslənənlərdən şaxşax, kaman və laqquti daxildir.

Ölçüsünə, quruluşuna və səs tembrinə görə bir-birindən fərqlənsə də, milli çalğı alətləri arasında ümumi əlamətlər də vardır. Həmin əlamətlərə görə, çalğı alətləri simli (xordafonlular), nəfəs və ya üfləmə (aerofonlar), dərili və membranlı (membrafonlar) özüsəslənən (idiofonlar) alətlərə bölünür. Simli alətlərdə səsin mənbəyi dartılmış simdir, nəfəsli alətlərdə alətin gövdəsindəki hava sütunu, dərili alətlərdə tarım çəkilmiş dəri, özüsəslənən alətlərdə isə alətin materialı və ya səslənən hissəsidir. Səsçıxartma tərzindən asılı olaraq müxtəlif qruplara bölünən çalğı alətləri, öz növbəsində, yarımqruplara, bəziləri isə quruluşuna görə növlərə və yarımnövlərə ayrılır.

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri və onların üzərində təsvir olunan musiqi alətləri bu coğrafiyada çalğı alətlərindən istifadənin tarixinin xeyli qədim olduğunu göstərir. Qəbul olunan ümumi fikir belədir ki, daha asan hazırlandığı üçün özüsəslənən və zərb alətləri ilk çalğı alətləri hesab edilir. Bu alətlərin ən qədimi Qobustanda Cingirdağın şimal-şərq ətəyində yerləşən qavaldaşıdır. Miladdan 10-12 min il əvvələ aid edilən və əhəngdaşından ibarət bu daş yaxınlıqdakı yüksəklikdən qopub düşmüş qaymalar yığınından biridir. Müxtəlif ölçülü kiçik daşları onun qırağına vurduqda metal cingiltisini xatırladan səslər çıxarır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində məşkunlaşmış qədim qəbilələr daş qavalda çalınan ritmlərin sədaları altında ayin rəqsləri ifa etmişlər.

Azərbaycanda çalğı aləti çeşidlərinin artırılması, yeni-yeni növlərinin ixtira edilməsində Səfiəddin Urməvi, Əbdülqadir Marağalı və b. musiqişünas alimlərin böyük xidmətləri olmuşdu. Simlərinin çoxluğu və daha güclü səslənməyə sahib nüzhə, rübab və nüzhətin quruluşunu özündə birləşdirən müğni musiqi alətləri Səfiəddin Urməvi, kasa dəsti, elvah musiqi alətləri isə Əbdülqadir Marağalı tərəfindən ixtira olunmuşdu. Bu ənənə sonralar da davam etdirilmiş, tarzənlərdən Mirzə Sadıq, Məşədi Zeynal, Məşədi Cəmil, Əhməd Bakıxanov, qarmonçalan Kor Əhəd və başqalarının musiqi alətlərinin inkişafında və təkmilləşdirilməsində diqqətəlayiq rolu olmuşdu.

Klassik şairlərimizin əsərlərində günümüzdə istifadə olunan çalğı alətlərinin böyük əksəriyyətinin adının çəkilməsi, burada olmuş Avropa və Şərq səyyahlarının (Adam Oleari, Övliya Çələbi, Engelbert Kempfer və b.) yol qeydlərində musiqi alətləri haqqında geniş məlumat verilməsi, Azərbaycan musiqişünaslığına dair ilk nəzəri araşdırmaların – “Təfautul-ədvar” (X əsr), “Kitəbul-ədvar” (XII əsr) və “Maqasidul-əlhan” (XVI əsr) əsərlərinin meydana çıxması Azərbaycan milli çalğı alətlərinin xeyli hissəsinin orta əsrlərdə artıq formalaşdığını, müxtəlif havaların ifasında onlardan geniş istifadə edildiyini göstərir.