Aşıq Mahmud
Mahmud Qasım oğlu Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlib. 1946-cı ildə ailəsi ilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb və sonrakı bütün fəaliyyəti bu rayonla bağlıdır.
Tovuzda yeddiillik təhsil aldıqdan sonra aşıq sənətinə ciddi maraq göstərib və məşhur ustad aşıq İmran Həsənovdan 12 il sənətin sirlərini öyrənib. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov və balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak edib, həmin ildə Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və beynəlxalq festivallarında laureat adını qazanıb.
Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas və Gülgəz” dastanı ona böyük şöhrət qazandırıb. O, eyni zamanda bir müddət AMEA-nın Folklor İnstitutunda da çalışıb.
Aşıq Mahmud 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Aşıq Mahmud Məmmədov prezident təqaüdçüsü, həmçinin Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvüdür.
Bədii yaradıcılıqla da məşğul olan Aşıq Mahmudun 2007-ci ildə “Hörmət olan yerdə məhəbbət olar”, 2011-ci ildə isə “Allah qəlbə görə verər” adlı kitabları nəşr olunub.