AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq

Nümunənin reyestr kodu : DA0104000007

Aşıq Qafqaz xalqları arasında, habelə Türkiyədə və Cənubi Azərbaycanda sazda ifa edən el sənətkarlarına verilən addır. Aşıqlar oğuz türklərində ozan, varsaq, daha sonralar yanşaq adlanan el sənətçilərinin davamçıları sayılırlar. Aşıq sənəti sinkretik sənətidir – burada musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır. Yəni aşıq şeir qoşur, musiqi bəstələyir, oxuyaraq sazda çalır və rəqs edir. Aşığı balaban, bəzi bölgələrdə isə balaban və qoşa nağara müşayiət edir. Böyük Bülbül aşıq sənətini belə qiymətləndirir: “Aşıq hər şeydən əvvəl şairdir, ifa etdiyi mahnıların yaradıcısıdır. Aşıq müğənnidir. O öz nağılının xeyli hissəsini mahnı şəklində ifa edir. Aşıq ifaçıdır, öz hekayəsini və mahnısını söz ilə müşayiət edir. Aşıq artistdir, öz çıxışını xarakterik mimika ilə müşayiət edir, rəqs edir, çox vaxt hekayə qəhrəmanının hərəkətini təsvir edir”.

Aşıqlığın ən ilkin və ümdə şərtlərindən biri qəlb oxşayan, qəlbi riqqətə gətirən səsdir. Lakin yaxşı səs hələ aşıq olmaq demək deyil, səs çox yoxlamadan, sınaqdan, imtahandan çıxmalıdır. Gəncin səsinin nəyə qadir olmasını ustad müəyyənləşdirir, şagirdinin səsini dönə-dönə yoxlayır. Şagird isə ustadına əziz valideyni, müdrik el ağsaqqalı, nurlu yol göstərəni, xoş həyat bəxş edəni kimi baxır. Şagirdlik müddəti istedad, şərait və imkana görə 3-7 il olur. Ustad eyni vaxtda bir neçə şagird də yetirir, onlarla həm fərdi, həm də kollektiv məşğul olurdu. Hər bir ustad aşıq bir və ya bir neçə şagird götürür, onlara saz çalmağı, saz havalarının tələbinə müvafiq oxumağı və oynamağı, dastanları, qaravəlliləri, aşıq sənətinin incəliklərini öyrədir.

Hər dövrün aşığı, sazı, sözü olduğu kimi, aşıqlara məxsus geyim tərzi də olmuşdur. Etnoqrafik müşahidələr göstərir ki, XIX əsrin sonu- XX əsrin birinci yarısında aşıqlar bir qayda olaraq başlarına gümüşü rəngli qaragüldən buxara papaq qoymuş, əyinlərinə çarpaz düyməli uzunətəkli arxalıq, üstündən çuxa, altından cibli köynək, qalife və ya uzunsov şalvar geymişlər. Bellərində saçaqlı sallama gümüş kəmər, ayaqlarında uzunboğaz çəkmə, qoltuqlarında isə qara libaslı köynəyə salınmış telli saz olmuşdur.

Aşıqlar toy məclisləri və el şənliklərini tək və ya balabançının iştirakı ilə aparmışlar. XX yüzilliyin əvvəllərindən etibarən böyük xalq məclislərində, eləcə də aşıq qurultaylarında el sənətkarları dəstə halında, ansambl şəklində də çıxış etmişlər.

Aşıq sənəti xalqımızın mənəvi mədəniyyətinin tərkib hissəsidir. Xalqın istək və arzularının tərcümanı olan aşıq el arasında “xalq aşığı”, “haqq aşığı”, “ustad” kimi qiymətləndirilir, “aşığın səsi haqqın səsidir”, “aşıq elin anasıdır”, “aşıq elin həm təbibi, həm məlhəmidir” deyə təriflənir. Aşıqlar bayatı, gəraylı, qoşma, divani, müxəmməs, təcnis kimi lirik formalardan tutmuş iri həcmli dastanlara qədər müxtəlif, rəngarəng bədii formalarda əsərlər yaratmış və yaradırlar. “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi onlarla dastanın yaranmasında xalq aşıqları həlledici rol oynamışlar.

Orta əsr aşıq sənətinin məşhur nümayəndələrindən olan Aşıq Qurbaninin (XVI), Aşıq Abbas Tufarqanlının (XVI-XVII), Xəstə Qasımın (XVIII) qoşmaları, gəraylıları, təcnisləri, Aşıq Valehin (XVIII) “Valeh və Zərnigar” dastanı bu gün də dillər əzbəridir.

Göyçə aşıq məktəbinin yetirməsi olan Aşıq Ələsgər XIX əsr aşıq sənətinin zirvəsi hesab olunur. Aşıq Ələsgər (1821-1926) yaradıcılığında bəşəri hissləri, ülvi keyfiyyətlərı, humanizmi tərənnüm etmişdir. O, Aşıq Nəcəf, Aşıq Mustafa, Aşıq Yusif, Aşıq Mikayıl, Aşıq İsa, Aşıq Qasım, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Qiyas, Aşıq Nağı, Aşıq Qurban kimi onlarla ustad aşıq yetişdirmişdir

XIX-XX ərslərdə yaşayıb yaratmış aşıqlardan Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı, Zodlu Abdulla, Aşıq Əsəd, Varxiyanlı Aşıq Məhəmməd, Molla Cümə, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Aşıq Əmrah, Hüseyn Cavan, Aşıq Kamandar, Aşıq İmran, Mikayıl Azaflı, Aşıq Əkbər və başqaları xalq arasında məşhur olmuşdular.