AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan Aşıqlar Birliyi

Azərbaycan Aşıqlar Birliyi aşıq sənətinin inkişafında xidmətləri olan aşıqların Azərbaycan Respublikasında 1984-cü ildən bəri fəaliyyət göstərən ya­ra­dıcılıq təşkilatıdır. Azərbaycan aşıqlarının IV Qurultayının (1984) qətnaməsi əsasında yaradılan Aşıqlar Birliyi bir müddət Mədəniyyət Nazirliyinin nəz­dində fəaliyyət göstərmiş, 1991-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçə­rək müstəqil quruma çevrilmişdir. Aşıqlar Birliyinin təməlini qoyan xalq şairi Hüseyn Arif 1984-1992-ci illər arasında ona rəhbərlik edərək mədəni-təşkilatı fəaliyyəti istiqamətləndirmişdir. Bu müddət ərzində o, aşıqların sənət həyatı və sosial-məişət qayğıları ilə yaxından maraqlanmış, bir çox istedadlı sənətkarın vallarının, kitablarının buraxılmasına, ifalarının audio və video­lentlərə köçürülməsinə, mərkəzi mədəniyyət saraylarında yaradıcılıq ge­cə­lərinin, yubileylərinin keçirilməsinə nail olmuşdur.

Hüseyn Arifin dünyasını dəyiş­məsindən sonra təşkilatın fəaliyyətində durğunluq və pərakəndəlik ya­ranmışdır. 2008-ci il avqustun 29-da aşıqların V Qurultayı çağırılmış və Xalq şairi Zəlim­xan Yaqub təşkilatın sədri seçilmişdir. Bundan sonra Aşıqlar Birliyinin həya­tı canlanmışdır. 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu və 2014-cü illərdə Bakı­da Beynəlxalq Aşıq Festivalları keçirilmişdir. Ustad aşıqlara fəxri adlar verilmiş, təqaüdlər təyin edilmişdir. Aşıq sənətinin yaradıcılıq problemlərinə həsr edilmiş çoxsaylı elmi və mədəni-kütləvi tədbirlər, konsert proqramları mütə­madi olaraq keçirilməkdədir. Ustad sənətkarın yaradıcılığını əks etdirən audio və video disklər, antologiyalar, top­lular, şeir kitabları və foto-albomlar buraxılır.
 
2018-ci ilin 28 sentyabrında Aşıqlar Birliyinin VI qurultayı keçirilmişdir. 2016-2018-ci illər ərzində on bir aşığa Əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.
 
 Azərbaycan Aşıqlar Birliyinin “Ozan” adlı elmi-mədəni toplusu və saytı (www.azerab.az) fəaliyyət göstərir. Qurumun 300-dən çox üzvü var. Birliyin Gəncə, Naxçıvan, Şa­maxı, Qazax, Gədəbəy, Tovuz və Kəlbəcər filialları fəaliyyət göstərir.
 
2016-cı ildən Aşıqlar Birliyinə Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı rəhbərlik edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı