Aşıq Hüseynlə Reyhan xanım
Nümunənin reyestr kodu : FL0104020030
Qulluğunuza ərz eyləyim Naxçıvandan. Naxçıvanda Ağ keşiş deyilən mötəbər bir şəxs olur. Xan, bəy, qubernator ən çətin işlərdə onunla məsləhətləşir, ona qulaq asarmışlar. Elm, savad məsələsində keşişin şöhrəti hər yana yayılıbmış. Onun Reyhan adında gözünün ağı-qarası gözəl bir qızı varmış. Keşiş qızının savadı ilə özü məşğul olur. Təbabət elmləri ilə yanaşı, “İncil”i də ona tamam-kamal öyrədir. Sonra da bir elmli axundun yanına qoyub “Quran”ı da ona öyrətdirir. Qız o qədər savadlanır ki, ən elmli adamlarla mübahisəyə girişir. Keşiş üləmaların söhbətində həmişə qızı Reyhanı da əyləşdirir. Qız böyüdükcə də gözəlləşir. Atası ona həmdəm üçün bir neçə kəniz də tutur. Qızlar Reyhanı qəm-qüssədən qoruyur, ona maraqlı söhbətlər eyləyir, hərdən bir bağa, bağçaya gəzməyə aparırlar. Amma vaxtın çatdığında elmlə gözəllik birləşib qıza təlatüm eyləyir. Reyhan xanım hərdən toylara gedir, aşıqlara qulaq asır, aşıqların söylədiyi eşq dastanlarını öyrənir. Özü də hərdən zümzümə eyləyir. Görür cürəsiz zümzümə də yaxşı səslənmir. Nəhayət, bir cürə də aldırır. Ona yaxşı bər-bəzək vurdurur. Ləmpənin, günün işığında cürənin şövqü Reyhan xanımı gözəlləşdirir, Reyhan xanımın da şövqü cürəni. Reyhan xanımın eşqi topuğuna vurur. Kim də elçiliyə gəlirsə, heç kəsi bəyənmir. Axır eşqin təsirindən özündən nəğmələr qoşub oxuyur, şerlər düzür.
Bir gün Reyhan xanım eşq dastanlarını oxuyarkən eyninə belə bir fıkir gəlir: mən də dastanlardakı qızlar kimi buraya gələn aşıqlarla deyişib sazlarını əllərindən alacam. Hansı da məni bağlasa, ona gedərəm.
Bu qədər ki, o, oxumuşdu, doğrusu, eyninə gəlmirdi ki, onu bağlayan olar. Ona görə də kənizlərinə, nökərlərinə göstəriş verir ki, əlinizə aşıq keçən kimi tutun mənim yanıma gətirin! Ya gərək mənimlə deyişə, ya da sazını əlindən alıb, özünü də qabağımda qul edəcəyəm. Bu minvalla Naxçıvan ətrafında nə ki aşıq vardı, hamısını bir-bir bağlayıb, sazlarını əllərindən alır. 18 aşığı bəndə salır. Yenə də gözü ovda, quşda olur ki, birdən kamil aşıq gələr.
Beləliklə, Reyhan xanımın sözü-söhbəti bütün Qafqaza yayılır. Çox aşıqlar qorxusundan Naxçıvana getmir ki, keşişin qızının əlinə keçər. İndi sizə deyim bəndə düşən aşıqlardan. Reyhan xanım onlara çox əziyyət verirdi. Gah qapı təmizlədir, gah arx çəkdirir, gah quyu qazdırır, bağ becərtdirir, yer əkdirir. Aşıqlar bu işdən lap təngə gəlirlər. Bir günləri istirahət edərkən fikirləşirlər ki, biz nə vaxta qədər belə qara günlə dolanacağıq. Gəlin yada salaq, görək bizi bu əziyyətdən kim qurtara bilər. Yadlarına düşür ki, Şəmkir mahalında Hüseyn adlı bir aşıq peyda olub. Dünyanın bütün sirlərinə bələddi. Hələ onun qabağına çıxan olmayıb. Bəli, qələm, kağız tapıb Aşıq Hüseynə belə bir məktub yazırlar: “Aşıq Hüseyn, aman günüdü, gümanımız bir sana gəlir, Naxçıvanlı Ağ keşişin qızı gözəl Reyhan xanım bizi bəndə salıb. Gəl bizim canımızı onun əlindən qurtar, özünü də bağlayıb özünə kəbin elə!” Aşıqlardan biri kağızı yaxın dostlarının vasitəsilə Aşıq Hüseynə göndərir. Namə gəlib Aşıq Hüseynə çatır. Aşıq Hüseynin əlində xeyir iş olduğundan tez-tələsik yola düşə bilmir.
İndi sizə xəbər verim Naxçıvanlı Kəlbalı xandan. Reyhan xanımın bu hərəkəti Kalbalı xana bərk toxunmuşdu: Necə ola bilər ki, bir keşişin qızı on səkkiz cavan aşığı tora salıb qapısında muzdsuz, haqsız nökər eləsin! Bir nəfər qabağına “İncil” bilən erməni aşığı çıxmır, gələn it uşağının hamısı Sadiq əhlidi! Yox, buna dözmək olmaz. Amma Kalbalı xan fikirləşir ki, burada zor işlətmək olmaz, bura açılmış bir meydandı, hünər meydanı. Buraya elə bir kamil ustad tapıb gətirmək lazımdır ki, bu on səkkiz aşığın da canı qurtarsın, özü də bu mələyi alıb savaba batsın. Kalbalı xana xəbər verirlər ki, aşıqlar öz talelərini Şəmkir mahalında bir kamil ustad aşıq peyda olub, ona tapşırıblar. Kağız yazıb onu döyüşə dəvət eyləyiblər. Amma bilmirik, Aşıq Hüseyn onların sözünü eşidib gələrmi? “Aşıq Hüseyn, əgər doğrudan da kamil aşıqsansa, gəl, mənim xətrim üçün bu on səkkiz beynavanı buradan qurtar, nə istəsən nəmərini mən verib yola salacam. İmza: Naxçıvanlı Kalbah xan”. Tam mətni yüklə.