AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Epik janrlar

Nümunənin reyestr kodu : FL0100000001

Azərbaycan şifahi xalq ədəbiyyatında epik növ, əsasən, atalar sözü, tapmaca, nağıl, mif, əfsanə, lətifə, dastan və s. kimi janrlardan təşkil olunmuşdu. Ümumiyyətlə, epik növ müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Lirik növdə olduğu kimi, epik növün ilk nümunələri də mərasim ayinləri ilə bağlı olmuş və mərasimlərdə ifa olunaraq yaranmışdı. Epik növün ən ibtidai və ilkin forması olan miflərin timsalında bunu aydın görmək mümkündür. Mif ilk növbədə insanın ətraf maddi dünyanı anlama üsulu, mistik qavrayışın bir şəkli idi və kollektiv mərasimlərdə söylənirdi. Bu söyləmələrdə ritm, rəqs və oyun ünsürlərindən də istifadə olunurdu. Araşdırıcıların fikrincə, yazı mədəniyyəti inkişaf etdikcə lirik və nəsr mərasimdən ayrılaraq müstəqil bir sahəyə çevrilmişdi.

Epik əsərlər Azərbaycan şifahi xalq ədəbiyyatında həm müəllifin, həm də obrazların dilindən təhkiyə olunmaqla nağıl edilir. Təhkiyə iki formada özünü göstərir: söyləyici ya eşitdiyi hadisəni danışır, ya da şahidi olduğu hadisəni nağıl edir. Təhkiyəçi eşitdiyi hadisəni danışanda rəvayət formasından istifadə edir ki, bu təhkiyə forması nağıl və dastanlarda daha geniş yayılmışdı. Əhvalat təhkiyədən əvvəl baş verdiyi üçün epik əsərlərdə təhkiyə çox vaxt qrammatik cəhətdən keçmiş zamanda olur. Obrazın təhkiyəçi kimi iştirak etdiyi əsərlərdə isə hadisələr birinci şəxsin dilindən danışılır. Əsərin həcmindən asılı olmayaraq epik əsərlər hadisəni mükəmməl təsvir etməyə, təfsilatı ilə söyləməyə şərait yaradır. Buna görə də epik janrlara təsviri janr da deyilir. Bədii əsərlərdə nəzərə çatdırılacaq hadisənin və yaxud əşyanın əlamətlərinin sözlə ifadəsi təsvir adlanır. Təhkiyə və təsvir epik əsərlərin ən səciyyəvi cəhətidir.

Epik əsərlər süjetli olur və onların məzmunu müəyyən hadisə və əhvalatla bağlıdır. Təhkiyə və təsvirdən istifadə olunması personajların, hadisələrin daha geniş və ətraflı təsviri üçün geniş poetik imkanlar yaradır. Bəzən söyləyici bir neçə süjeti bir personaj və ya mövzu ətrafında birləşdirməklə əsərə xüsusi epik genişlik qazandırır, obrazı açmağa, ona məxsus xüsusiyyətləri daha qabarıq verməyə çalışır. Məhz bu xüsusiyyətinə görə, xalqın həyatında müxtəlif dövrdə baş verən mühüm tarixi hadisələr epik növün müxtəlif janrlarında – dastanlarda, rəvayətlərdə və s. öz əksini tapmışdı.

Azərbaycan şifahi xalq ədəbiyyatında strukturuna, obrazlar sisteminə, ifadə vasitələrinə görə epik əsərlər müxtəlif janrlara bölünür. Atalar sözü və məsəllər həcmcə kiçik olsa da, burada ifa olunan fikir dolğun, məna və məzmun genişdir. Məhz bu xüsusiyyətinə görə atalar sözündə epik vüsət daha üstündür. Bununla belə, burada sintaktik təkrarlardan, paralelizmdən istifadə olunması mətnə bir ritmiklik gətirir. Bu cəhətdən atalar sözləri məzmun baxımından epik, təsvir baxımından isə lirik xüsusiyyət daşıyır.

Nağıllar isə Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılmış və məzmun cəhətdən rəngarəng janrlarından biridir. Son dövrlərədək şifahi növün bir çox janrları nağıl adlandırılmışdı. Bu gün də aşıq repertuarında bu ənənə davam edir və dastanlar nağıl adlandılır, amma adi nağıldan fərqli olaraq onlara qara nağıl deyilir.

Epik əsərlər həm nəzm, həm nəsr, həm də qarışıq formada ola bilər. Nağıllar. lətifələr, əfsanələr və s. nəsr formasındadır, amma dastanlarda nəzmlə nəsr qarışıq formada işlənir.