Lənkəran şəhər Mədəniyyət Mərkəzi
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi 1983-cü ildən Mədəniyyət evi adı altında fəaliyyət göstərmiş, 2012-ci ildən Mədəniyyət Mərkəzi statusu almışdır. Bu tarixdən etibarən Lənkəranın 78 klub müəssisəsi Mərkəzin filialı olaraq onun ətrafında birləşmişdir. Aparılan islahatlar nəticəsində hazırda Mərkəzin nəzdində 50 klub fəaliyyət göstərir. Klublar qeyri-maddi mədəni irsin qorunması, xalq yaradıcılığının inkişafı və asudə vaxtın səmərəli təşkili olmaqla müxtəlif profillərə ayrılır. Bu klubların 18-i sənətkarlıq, 11-i folklor, 9-u yaradıcılıq, 7-si diyarşünaslıq, 4-ü etnoqrafiya profili üzrə fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzində 15 nəfər çalışır. Mərkəz xüsusi layihə üzrə tikilmiş binanın 15 otağında yerləşir. Onun bir böyük tamaşa, 1 rəqs və 1 kiçik zalı, 1 müşavirə salonu, foyeləri, dəhlizləri, sanitar qovşaqları var. Mərkəz 2 min kvadratmetr sahəni tutur, 0,7 hektar həyətyanı sahəyə malikdir. Mərkəzin binası 2015-ci ildə əsaslı təmir edilmiş, telefon və internet xətti ilə, müasir avadanlıqlarla təchiz edilmişdir.
Lənkəran şəhər Mədəniyyət Mərkəzi öz filialları ilə birlikdə il ərzində qeyri-maddi mədəni irs üzrə müxtəlif tədbirlər keçirir. Lənkəranda bütün mədəni-kütləvi tədbirlər, o cümlədən festival, bayram və el şənlikləri Mərkəz tərəfindən həyata keçirilir. Mərkəzin sosial şəbədəki ünvanında həmin tədbirlər haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim edilir.