Halay
Nümunənin reyestr kodu : FM0402000001
“Halay” rəqs mahnıları əsasən Azərbaycanın Lənkəran-Astara və Naxçıvan bölgələrində mövcuddur. Halay sözü dövrə mənasını verir. Halay gəlmək sözü isə rəqs etmək üçün iki dəstəyə bölünmək deməkdir. Beləliklə, “halay” iki dəstəyə bölünərək birlikdə oxuyub, rəqs etməyə deyilir. İki dəstənin deyişərək bir-birinə üstün gəlməyə çalışması bu rəqslərin həm də xarakteri müəyyən edir. “Halay” bir janr kimi kollektiv ifası və sinkretikliyi ilə seçilir. Xalqın mədəniyyətini, həyat tərzini, əmək üsullarını əks etdirən bu nümunələrdə rəqs, söz və melodiya bir-biri ilə qaynayıb-qarışmış olur.
“Halay”lar poetik məzmun və melodik cəhətdən sözlə ifa olunan yallılardan o qədər də fərqlənmir. Hər ikisi dəstə rəhbəri tərəfindən idarə olunur. Sadəcə olaraq, yallılarda bir yallıbaşı olursa, halaylarda deyişən qrupların hər birinin ayrı-ayrılıqda halaybaşçı adlanan rəhbəri olur. “Halay”ları yallılardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, iki dəstəyə bölünmüş “halay” qrupları poetik və melodik xüsusiyyətlərin vəhdətini öz ifalarında nümayiş etdirərkən burdon, polifonik səsaltı faktura elementləri meydana çıxır.
Lad-məqam və intonasiya cəhətdən “halay”lar əsasən rast, şur və segah intonasiyalarını özündə birləşdirir. “Halay” rəqs mahnılarında şur intonasiyalarına geniş yer verilir. Şur intonasiyalarının mülayim xarakter daşıması “Halay” mahnılarının xarakterik xüsusiyyətləri ilə də bağlıdır. “Halay” rəqs mahnıları rast və segah lad intonasiyaları üzərində qurulduqda isə mətin və qəmli xarakterlərin meydana gəlməsinə səbəb olur. Eyni cəhətlərə Azərbaycan xalq musiqisində də rast gəlmək mümkündür
Azərbaycan xalq mahnıları forma və melomisra baxımından quruluş prinsipini olduğu kimi saxlayır. Lakin “halay”larda melodiyanın olduğu kimi qalmasına baxmayaraq, bənd misraları improvizasiya nəticəsində dəyişə bilir. Lad-məqam və intonasiya xüsusiyyətlərinin Azərbaycan musiqisinə xas olan cəhətləri “halay” mahnılarında da meydana çıxır. “Halay” mahnılarının melodik ibarə və cümlələrində tetraxord, trixord, dixord səssıralarının ardıcıllaşmasına rast gəlmək olur. Eyni prinsip Azərbaycan xalq mahnılarına da xasdır. “Halay” rəqs mahnılarının əsaslandığı məqamdan asılı olaraq variantlıq, təkrarlanma, sekvensiya kimi hallar bu mahnılarda mühüm əhəmiyyət kəsb edir.
Metro-ritmik cəhətdən “Halay” mahnıları ən çox 6/8 ölçüdə xarakterizə olunur. “Halay” rəqs mahnılarında 2/4 və 3/4 ölçülərə də rast gəlinir. Bu ölçülər daxilində müxtəlif metro-ritmik quruluşların zənginliyi və orijinallığını görə bilərik.
“Halay” rəqs mahnılarının xoreoqrafik düzümü, melodik şəklinin son dərəcə sadə olması və adicə əl çalmanın müşayiəti ilə ifa olunması onların qədimliyini sübut edir. Bildiyimiz kimi, əl çalma musiqidə ən qədim müşayiət ünsürüdür. “Halay” rəqs mahnılarının zərb çalğı alətlərindən olan dəfin müşayiəti ilə ifa olunması son dövrlər ortaya çıxıb. “Halay” rəqs mahnılarının araşdırılması göstərir ki, “Halay” mahnıları tarixi inkişafı dövründə müxtəlif həyat hadisələrindən, tarixi proseslərdən bəhrələnərək inkişaf etmişlər. Başqa sözlə, “Halay” rəqs mahnılarının məzmunu dövrü hadisələrdən asılı olaraq inkişaf etmiş, inkişaf edir və etməkdədir. Bu mahnılar həm qədim, həm də müasir dövrün toy, bayram və el şənliklərində tarixi prosesin daşıyıcısı olmuş, zaman keçdikcə dəyişmiş, yeni məzmun kəsb etmişlər.
-
Doğma elin halayları
Səadət Fərziyeva
2014
-
Cənub-Şərq bölgəsinin "Halay" rəqs-mahnıları
Səadət Fərziyeva
2014
-
Halay (fəlsəfi qaynağı və özəllikləri)
Füzuli Bayat
2018
- Biblioqrafiya və tərtibçi