AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Musiqi-rəqs

Nümunənin reyestr kodu : FM0000000001

Azərbaycan musiqisi

Çoxəsrlik tarixə malik, nəsildən-nəsilə keçən qədim Azərbaycan musiqisi öz dərin köklərindən qidalanaraq cilalanmış, xalqın nəcib duyğu və arzularını, sevincini, hüzn və həsrətini, nisgil və kədərini, mübarizə və qələbəsini tərənnüm etmiş, dünyanın, demək olar ki, hər bir yerində səslənərək özünəməxsus şərəfli yer tutmuşdu.

Ənənəvi Azərbaycan musiqisi xalq musiqisi, aşıq musiqisi, muğam və dini musiqi olmaqla dörd qola ayrılır. Xalq musiqisi Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim janrlarından olan mahnı və rəqslərdə əks olunmuşdu. Aşıq musiqisi şifahi әnәnәli Azәrbaycan musiqi mәdәniyyәtinin әn qәdim sahәlәrindәn biri, aşıq sәnәtinin mühüm tәrkib hissәsidir. Muğam mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır. Dini musiqi isə Şərqdə yayılmış təriqətlərin, İslam dininə xas dini janrlardan (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə olunması nəticəsində yaranan musiqi növüdür.

Azərbaycanda musiqi mədəniyyətinin araşdırılmasının tarixi orta əsrlərə gedib çıxır. Şərqinin böyük musiqişünas alimi, Şərqdə yazı notunu icad edən ilk bəstəkar Səfiəddin Urməvi 1252-ci ildə Bağdadda tamamladığı, ona dünya şöhrəti qazandıran, indiyədək öz əhəmiyyətini itirməyən “Kitəbul-ədvar” (“Musiqi dövrlərinə dair kitab”) əsərində musiqi səsinin gücü, pərdələrin bölüm qaydaları, ritmlər, çalğı alətləri, muğamlar və adları, ifa tərzləri, not yazısı məsələləri və s. kimi vacib mövzulardan bəhs etmişdi.

XIV əsrdə yaşamış məşhur musiqi nəzəriyyəçisi, dünyada tanınmış Əbdülqadir Marağayi də “Cəmiul-əlhan” (Təranələrin məcmusu), “Maqasidul-əlhan” (Təranələrin məqsədi), “Kənzul-əlhan” (Təranələr xəzinəsi) adlı əsərlərində musiqinin nəzəri və əməli məsələlərindən geniş bəhs etmişdi. O, “Maqasidul-əlhan” əsərində səsin yaranması, hansı amillərə tabe olması, musiqi alətlərinin adları, istifadə qaydaları, simlərin lazımi nisbətə bölünməsi və simlərin müxtəlif qaydada köklənməsi yolları, təsniflərin bəstələnməsi qaydaları, adları, çalıb-oxumanın qanun-qaydaları, məşhur çalğıçılar, müğənnilər və s. kimi mövzulara dair qiymətli fikirlər söyləmiş, elmi şərhlər vermişdi.

Həmçinin Əbdülqadir Marağayinin müasiri olan Əbubəkr Şirvaninin “Musiqi İxvanus-Səfa”, eləcə də XV əsrdə yaşamış məşhur musiqiçi Nurəddin Marağinin “Maqasidul-ədvar”, XVI əsrin tanınmış musiqişünası Əbdülmömin ibn Səfiəddin ibn Məhyəddinin “Bəhcətur-ruh”, XIX əsrdə Qarabağda yaşamış görkəmli musiqiçi Mir Möhsün Nəvvabın “Vuduhul-ərqam” və başqa qiymətli əsərlər xalqımızın qədim və zəngin musiqi tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

XX əsrin əvvəllərində müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoyan və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaradan, 1908-ci ildə Şərqdə ilk dəfə “Leyli və Məcnun” operasını səhnəyə qoymuş Üzeyir Hacıbəyli  azərbaycanlıların musiqi istedadını qiymətləndirərək yazır: “Qafqaz millətləri içərisində musiqiyə ən müstəfid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu, məşhur xanəndə və sazəndələri yalnız özlərinin içində deyil, bəlkə ümumi Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır”.

XX əsr musiqi mədəniyyətimizin inkişafında mühüm yeri olan Müslüm Maqomayev musiqiçi, folklorçu və etnoqraf kimi geniş fəaliyyət göstərmiş, Azərbaycan xalq mahnı və rəqslərini toplamış, qeydə almış, nota salmış, yeri gəldikcə öz əsərlərində istifadə etmişdi.

Dünya musiqi xəzinəsində ayrıca yeri olan Azərbaycan musiqisi öz professionallığı və çoxşaxəliliyi ilə xalqımızın musiqi zövqünü bu gün də zənginləşdirir.