AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"İstedad" xalq çalğı alətləri ansamblı

“İstedad” xalq çalğı alətləri ansamblının yaradıcısı Novruz Aydəmirov olmuşdur. Ansambl yaradıldığı vaxtdan etibarən zəhmətkeş kütlə qarşısında çıxış etmiş, xalqın yüksək etimadını qazanmışdır. Hələ 1972-ci ildə xalq çalğı alətləri ansamblı keçmiş İttifaq üzrə Arxangelsk şəhərində keçirilən festivalda birinci yer tutmuşdur. Maraqlıdır ki, festivalda iştirak edən Belorusiya, Ukrayna, Ermənistan və digər respublikaların bədii özfəaliyyət ansamblları arasında "İstedad" xalq çalğı alətləri ansamblı öz professionallığına, hazırlıq səviyyəsinə, müğənnilərin ifaçılıq qabiliyyyətinə görə fərqlənmiş, münsiflər heyəti tərəfindən yekdil olaraq birinci yerə layiq görülmüşdür. Vaxtilə bu ansamblda tanınmış müğənni, Xalq artisti Məmmədbağır Bağırzadə oxumuşdur. ”İstedad”ın üzvləri arasında Alim Qasımovun tələbəsi olmuş Fəxrəddin Aydəmirovun da adını qeyd etmək olar.

Maştağada mədəniyyətin inkişafında xüsusi xidməti olan şəxslərdən biri də Əliağa Baladəmir oğlu Qasımovdur. Ə.Qasımov uzun müddət "İstedad" xalq çalğı alətləri ansamblının rəhbəri olub, neçə-neçə musiqiçinin yetişməsində, qəsəbədə mədəni-maarif işinin inkişafında böyük rol oynamışdır. Maştağa mədəniyyət evində fəaliyyət göstərən ansamblın şöhrət qazanmasında 1956-1968-ci illərdə ansambla rəhbərlik etmiş Dərdayıl Qasımovun, həmçinin Mirzə Nəbiyevin böyük rolu olmuşdur. Dərdayıl Qasımov 1967-ci ildən Ümumittifaq festival laureatıdır, çoxlu fəxri fərmanlara layiq görülmüşdür.
 
Bu gün də “İstedad” xalq çalğı alətləri ansamblı öz fəaliyyətini davam etdirir. 2015-ci ildə Bakı Şəhər Musiqi Kollektivləri Festivalında ansambl "Muğam" və “Musiqi kollektivi” nominasiyaları üzrə diplomlarla təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı