Tar
Nümunənin reyestr kodu : ST0803000001
Tar mizrabla çalınan Azərbaycanın qədim musiqi alətidir. Simli musiqi alətləri içərisində texniki və dinamik imkanlarına görə ən mükəmməli hesab olunur. Bu səbəbdən Üzeyir Hacıbəyli onu “Şərq musiqi təhsilini artıra biləcək alətlərdən ən qiymətlisi və ən mühümü” adlandırmışdır. XIX əsrin ikinci yarısına kimi tarın beş simi, zəif səsi, məhdud texniki imkanları olmuşdur. XIX əsrdə görkəmli Azərbaycan tarzəni Mirzə Sadıq Əsəd oğlu tarın quruluşunda ciddi dəyişikliklər edir. Simlərinin sayını 5-dən 11-ə çatdırır, gövdənin qalınlığını azaldır, gövdənin üst tərəfini genişləndirərək səslənmə gücünü artırır. Bu dəyişikliklərdən sonra tarın çəkisi xeyli azaldığından bu alət artıq diz üstündə deyil, sinə üzərində ifa olunmağa başlamışdır. Rekonstruksiya edildikdən sonra tarın texniki imkanları xeyli artmış, həm sazandalar, həm də solo muğam ifaçılığında aparıcı musiqi alətinə çevrilmişdir. Mirzə Sadıqdan sonra görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanov da tarın quruluşunda bəzi kiçik dəyişikliklər edir. Alətin qolunu uzatmaq və onun pərdələrinin sayını artırmaqla tarın kiçik çanağındakı üz pərdəsini ixtisara salmış, qoluna beş pilləvari sarı sümük əlavə etmişdir.
Müasir Azərbaycan tarı üzərinə balıq dərisi çəkilmiş 8-ə bənzər çanaqdan, üzərində 22 pərdəsi olan uzun qoldan, aşıqlar yerləşən kəllə hissədən ibarətdir. Çanaq hissə tut ağacından, kəllə isə qoz ağacından hazırlanır. Tarın 11 simi var; qoşa ağ, sarı və kök simlər əsas, qalan 5 sim rezonans simləridir. Çanaq, qol, kəllə və aşıqlar çox vaxt sədəflə, bəzən də rənglənmiş sümüklərlə bəzədilir. Belə tarlar adətən sədəfli tar kimi tanırır.
Geniş diapazon, aydın səslənmə, ahənglik, səsin dinamikliyinin uzun müddət artması və sönməsinə nail olunması – bütün bunlar tarın həm solo, həm də müayiətçi alət kimi istifadəsinə imkan yaratmışdır. Bu gün də tardan sazandalar ansambılı, xalq çalğı alətləri ansambıllarının və orkestrin tərkibində həm müşaiyətçi, həm də solo alət kimi geniş istifadə olunur. Alətin qolunda muğamların kökünə uyğun gələn beş pərdənin olması, həmçinin muğamların ifası zamanı işlədilən bəm pərdənin olması bu aləti muğamların solo ifası üçün əvəzsiz etmişdir. 1931-ci ildə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış xalq çalğı alətləri orkestirində də tar aparıcı alət funksiyası daşımışdır.
Farscadan tərcümədə sim, sap anlamına gələn tarın dütar, setar, çahartar, pənc tar və şeştar kimi müxtəlif növləri mövcud olmuşdur. Bu alətlər bir-birindən simlərinin sayına görə fərqlənmişdir. Çahartar (dördsimli tar) Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin məsləhəti ilə hazırlanmışdır, tarın sartar adlanan növü isə Əlixan Təbrizi tərəfindən ixtira edilmişdir. Bundan başqa mənbələrdə 6 simli şeştar və çoğura bənzəyən on ipək telli sündar adlı musiqi aləti haqqında da məlumatlara rast gəlinir. Bas tar, digər adı ilə bəm tar isə tarın ən aşağı registrə malik növüdür. Qalın, bəm səsə malik bu musiqi aləti XX əsrin 60-cı illərində musiqi kollektivlərində bəm səsə olan ehtiyacı ödəmək üçün Varid Fərzəlibəyov tərəfindən yaradılmışdır. Bas tar quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur.
Tar ifaçılığı hazırda Bakı şəhərində cəmləşmişdir, bununla belə Zaqatala, Quba, Mingəçevir, Balakən, Gəncə, Qarabağ və Naxçıvanda da bu ənənə davam etdirilir.
Tar ifaçılıq sənəti Azərbaycan musiqi tarixinə Mirzə Sadıqcan, Məşədi Zeynal Haqverdiyev, Mansur Mansurov, Məşədi Cəmil Əmirov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov kimi məşhur tarzənlər bəxş etmişdir. Bu gün həmin ənənə Ramiz Quliyev, Möhlət Müslümov, Malik Mənsurov, Zamiq Əliyev, Elçin Həşimov və başqaları tərəfindən uğurla davam etdirilir.
Tarın hazırlanması və tar ifaçılıq sənəti 2012-ci ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
-
XIX-XXI əsrlərdə Azərbaycanın simli musiqi alətləri
Məcnun Kərimov
2011
-
Azərbaycan çalğı alətləri dünyanı valeh edir
Səadət Abdullayeva
2016
- Biblioqrafiya və tərtibçilər