Adil Gəray adına “Şəlalə” xalq çalğı alətləri ansamblı
1927-ci ildən fəaliyyət göstərən “Şəlalə” ansamblı Azərbaycan SSR xalq artisti görkəmli pedaqoq, musiqiçi Əhməd Bakıxanovun rəhbərliyi ilə təşkil olunmuşdur. Ansamblın kollektivi əvvəllər qızlardan ibarət olduğu üçün “Qızlar” ansamblı adlandırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 07 dekabr 1990-cı il tarixli, 29 saylı qərarına əsasən ansambla “Şəlalə” xalq çalğı alətləri ansamblı adı verilmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli bu ansamblın yaradıcılıq yolunu böyük diqqətlə izləmişdir. Yaradıcılıq yolundakı bütün çətinlikləri dəf edərək ansambl tez bir zamanda öz ətrafında bir çox istedadlı gəncləri birləşdirmişdir. 1938-ci ildə kollektivdə 30-dan artıq həvəskar musiqiçi fəaliyyət göstərirdi. Həmin illər kollektivə Respublikanın Xalq artisti Səid Rüstəmov, əməkdar incəsənət xadimi H.Salahov, Respublikanın Xalq artisti Hüseynqulu Sarabski və digər görkəmli şəxslər kömək etmişlər. Azərbaycan SSR Xalq artistləri Şövkət Ələkbərova, Sara Qədimova, Respublikanın əməkdar artisti Adil Gəray, əməkdar incəsənət xadimi bəstəkar Ağabacı Rzayeva, bəstəkar Hökümə Nəcəfova, SSRİ Xalq artisti Zeynəb Xanlarova və başqaları ilk addımlarını bu kollektivdə atmışlar. Müxtəlif vaxtlarda kollektivə Əhməd Bakıxanov, Adil Bağırov, Adil Gəray, Nadir Cəfərov, Əvəz Rəhmətov, Abdulla Qurbani rəhbərlik etmişlər.
“Şəlalə” xalq çalğı alətləri ansamblı tez-tez Azərbaycan zəhmətkeşlərinin qonağı olub. Yaradıcılıq fəaliyyətinə görə kollektiv SSRİ və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin, müxtəlif idarə və müəssisələrin fəxri fərmanları ilə təltif olunmuşdur. Kənd zəhmətkeşlərinə mədəni xidmətə görə ansamblın kollektivi 3 dəfə SSRİ Mədəniyyət Nazirliyinin, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin diplomlarına layiq görülmüşdür. Kollektivə 1978-ci ildən 2015-ci ilə qədər Azərbaycan Respublikasının Xalq artisti, professor Zamiq Əliyev rəhbərlik edib. Xalq artisti Simarə İmanova ilk fəaliyyətinə bu kollektivdə məhz onun rəhbərlik etdiyi illərdə başlamışdır. "Gənc istedadlar" muğam müsabiqəsinin finalçıları – Arzu Əliyeva, Aytən Məhərrəmova, Nigar Rəhimli, Ülviyyə Rəhimova bu kollektivdə yetişmişlər. Kollektivdə 12 nəfərə yaxın gənc istedad fəaliyyət göstərir. Repertuarında muğam, xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri geniş yer tutur.