Xalq mahnıları
Nümunənin reyestr kodu : FM0200000001
Azərbaycan musiqi folklorunun əsas hissəsini təşkil edən xalq mahnıları şifahi-ənənəli qeyri-professional musiqi janrıdır. Azərbaycan xalq musiqisi müxtəlif tarixi şəraitdə formalaşmış və inkişaf etmişdi. Xalqın yüksək mənəviyyatının, ümid və arzularının, əhval-ruhiyyəsinin, milli ideyalarının tərənnüm olunduğu xalq mahnıları bədii-estetik gücünə və sadə quruluşuna görə ən geniş yayılmış janrdır. XX əsrin əvvəllərindən etibarən Azərbaycanın böyük bəstəkarları Ü.Hacıbəyov, M.Maqomayev, məşhur xanəndə C.Qaryağdıoğlu və digər görkəmli musiqiçilər xalq mahnılarını toplamış, S.Rüstəmov, T.Quliyev, F.Əmirov nota salmış və Bülbül tərtib etmişdi.
Azərbaycan xalq mahnıları mövzu və məzmununa, ictimai motivlərinə görə dörd qrupa bölünür:
1. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim hissəsini təşkil edir. Bura xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı yaranan mahnılar daxildir. Əkinçilik nəğmələri, holavarlar da bura aid edilir. Şifahi xalq poeziyasında bu günədək varlığını sürdürən əmək nəğmələri əməkçi xalqın həyatını, dünyagörüşünü, istək və arzularını əks etdirir.
2. Mərasim mahnıları qədim mahnı qruplarından biridir və iki yarımqrupa bölünür: təsərrüfatla və ailə-məişətlə əlaqədar mahnılar. Bu mahnılar qədim dövrlərdə xalqın təsərrüfat həyatı ilə əlaqədar yaranmış və kütləvi oxumaqla müşayiət olunmuşdu. Ailə məişəti ilə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm mahnılarından ibarətdir.
3. Məişət mahnıları Azərbaycan xalq mahnı yaradıcılığının böyük hissəsini təşkil edir və dörd yarımqrupa ayrılır: uşaq mahnıları; lirik mahnılar; yumorlu mahnılar; satiralı mahnılar. Uşaq mahnıları isə, öz növbəsində, uşaqlar üçün ifa edilən və uşaqların özləri tərəfindən ifa olunan mahnılara bölünür.
4. Qəhrəmanlıq mahnıları Azərbaycan xalq mahnı irsinin bir hissəsini təşkil edən mahnılardır. Bu mahnılarda xalqın həyatında baş verən ictimai-siyasi, tarixi hadisələr əks olunur və xalqın vətənə olan məhəbbəti, qəsbkarlara qarşı amansızlığı və digər qəhrəmanlıq xüsusiyyətləri vəsf edilir. Qəhrəmanlıq mahnıları poetik xüsusiyyətlərinə, musiqi tərtibatına və ifa üslubuna görə iki yarımqrupa bölünür:
a) Şifahi xalq poeziyasında və aşıq musiqisində öz əksini tapmış xalq qəhrəmanı Koroğlu və onun “dəliləri”nə həsr olunmuş mahnılar;
b) XIX əsrin ikinci yarısında bəy və xanların zülmünə qarşı çıxan qaçaqlara həsr olunmuş mahnılar.
-
Ладовая теория Азербайджанской музыки
Имран Шихалиев
2015
-
Azərbaycan xalq mahnıları, I cild
Tərtib edəni Siyavuş Kərimi
2005
-
Azərbaycan xalq mahnıları, II cild
Tərtib edəni Siyavuş Kərimi
2005
- Biblioqrafiya və tərtibçilər