Ağstafa rayon Mədəniyyət Mərkəzi
Ağstafa rayon Mədəniyyət Mərkəzi rayon Mədəniyyət evinin bazasında yaradılmışdır. Mərkəzin yerləşdiyi bina 204 nəfərlik tamaşa zalından, 8 yardımçı otaqdan, 3 foye, 1 qarderob və 4 sanitar qovşaqdan ibarətdir. 2016-cı ildə Mərkəz müasir standartlara uyğun təmir edilmiş və həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı həyata keçirilmişdir. Hazırda Mədəniyyət Mərkəzinin tərkibində 36 filial fəaliyyət göstərir. Ağstafa rayon Mədəniyyət Mərkəzində “Dastan” aşıqlar ansamblı, “Ləman” rəqs ansamblı və “Oğuz tayfa” instrumental ansamblı fəaliyyət göstərir. “Ləman” rəqs ansamblı 2008-ci ildən fəaliyətə başlamışdır. Ansamblın tərkibində 50-də artıq həvəskar rəqqas vardır. “Oğuz tayfa” instrumental ansamblı ümumrayon tədbirlərində, hərbi hissələrdə təşkil edilmiş tədbirlərdə mütəmadi iştirak etmişdir. Ağstafa rayon Mədəniyyət Mərkəzində və filial müəssisələrində, ümumilikdə, 43 dərnək fəaliyyət göstərir.
Azərbaycanda qədim tarixə malik atçılıq ənənələrinin bərpasına Mərkəz tərəfindən həmişə xüsusi diqqətlə yanaşılmışdır. Prezident Kuboku uğrunda keçirilən oyunlarda Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Ağstafa” komandası da iştirak edərək yarımfinal mərhələsinə yüksəlmiş, diplom və pul mükafatları ilə təltif edilmişdir.
Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirlər mütəmadi olaraq yerli televiziyalarda işıqlandırılmışdır. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet səhifəsi olan www.aghstafa.mctgov.az saytında mütəmadi olaraq Mərkəz tərəfindən keçirilən tədbirlər, rayonun gəzməli-görməli yerləri haqqında məlumatlar, tarixi və mədəni abidələrə təşkil edilmiş ekskursiyalar haqqında ətraflı məlumatlar yerləşdirilir.