Çövkən
Nümunənin reyestr kodu : FO0101000002
Min illər boyunca Türk dünyasında, o cümlədən Azərbaycan, Orta Asiya və Türkiyədə, eləcə də İran, İraq və digər qonşu ölkələrdə geniş yayılmış Çövkən atlı savaş oyunu əvvəllər saraylarda döyüşçülər yetişdirmək üçün oynanmış, sonralar açıq havada xalqın, özəlliklə də çobanların oynadığı oyuna çevrilmişdi. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində Çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Mahmud Kaşğarlının müasiri Yusuf Balasaqunlunun elçilərin vəsfindən danışarkən Çövkən oyunundan söz açması, Övliya Çələbinin on cildlik “Səyahətnamə”sində bu oyun haqqında məlumat verməsi onun orta əsrlərdə nə qədər məşhur olduğunu göstərir.
Nə zaman yarandığı məlum olmayan Çövkən açıq havada iki komanda arasında oynanan atlı savaş oyunudur. Çövkən sözü “çovutmaq” – ağacı yelləyərək topa vurmaq, “cövlan” – atın oynaması, çaparaq şahə qalxması mənalarını daşıyır. Bir başqa etimoloji izaha görə, çövkən/çevkan sözü “çəlmək, çevirmək” feilindən gəlir, mənası topu ağacla vurmaq, komanda yoldaşına ötürməkdir. Oyunun qaydasına görə, atlılar əllərindəki ağacla (çövkənlə) keçi dərisindən və ya daranmış yundan hazırlanmış topu rəqib komandanın qapısından keçirməlidirlər. Türklər köçlərlə bu oyunu Orta Asiyadan Qafqaza və Anadoluya gətirmiş və burada bir saray oyunu səviyyəsinə qaldırmışlar. Çövkən oyununda əsas məqsəd oyunçunun minicilik məharəti və pəhləvan kimi qüvvətli olmaq, at üstündə hərəkət qabiliyyətini inkişaf etdirmək, güclü və qüvvətli olanları savaşa hazırlamaqdır. Çövkən oyunlarında oyunçular kollektiv və fərdi hərəkət manevrlərini öyrənir, bədənlərini, özəlliklə gövdə hissəsini durmadan hərəkət etdirdikləri üçün fiziki cəhətdən savaşa hazır vəziyyətə gəlirlər. Çövkən oyunçuları oyunda güc və çeviklik nümayiş etdirdikləri kimi, özləri qədər zehinləri də sürətli çalışmağa məcbur olur. Çövkən oyununda hər yaşdan oyunçu iştirak edə bilər. Əsas şərt fiziki cəhətdən sağlam, çevik, oyunu bilən, yaxşı at minicisi olmaqdır. Bu da onun bir savaş oyunu olduğunu sübut edir. Belə ki, savaşda rəqibi yaşına, fiziki özəlliyinə görə seçmək mümkün olmadığı kimi, Çövkəndə də istənilən anda güc və çeviklik göstərə bilmək həyatda qalmağa bərabərdir. Bir sözlə, Çövkən, savaşda olduğu kimi, oyunçuların döyüş taktikasına yiyələnməsinə yardımçı olur.
Qaynaqların verdiyi məlumata görə, Çövkən oyunu XII yüzildən etibarən İslam dünyasının o zamankı dini və mədəni mərkəzlərindən biri olan Bağdadda, Ön Asiyada oynanmağa başlamış, həmin dövrdə Bağdadda, Orta Şərq ölkələrinin at çaparları arasında tarixdə ilk beynəlxalq Çövkən yarışları da keçirilmişdi. Orta çağ miniatürlərində Çövkən oyununun təsvir edilməsi, qaynaqlarda onun keçirilmə qaydaları haqqında məlumat verilməsi, Səfəvi və Osmanlı saraylarında xüsusi olaraq məşq etmiş Çövkən oyunçularının saxlanması, yazılı ədəbiyyatda Çövkənın rəmzləşdirilməsi bir daha bu oyunun saraydan xalqa qədər geniş kütlə arasında yayğın olduğundan xəbər verir.
Çövkən oyununun yayılmasında və inkişaf etdirilməsində ingilislərin böyük rolu olmuşdu. Belə ki, XVI yüzildə Baburilərin Hindistana gətirdiyi Çövkən oyunu orada ingilislərin gəlişinə qədər oynanan əsas savaş oyunu olmuşdu. “XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdı. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmişdi”.
Çövkən oyununa ictimai marağı artırmaq üçün 2006-cı ildən etibarən Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə çövkən oyunu üzrə Prezident Kuboku yarışları keçirilir. Belə yarışların təşkili sahəsində əldə edilən təcrübə 2013-cü ildə Çövkən oyunu üzrə Dünya Kuboku yarışlarının Azərbaycanda keçirilməsi üçün həm də uğurlu zəmin yaratmışdı. Oyunun qorunması və yaşadılması istiqamətində görülən əməli işlər nəticəsində Qarabağ atları üstündə oynanılan ənənəvi Çövkən oyunu 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdi.
-
Atlı savaş oyunları
Füzuli Bayat (Gözəlov)
-
Çövkən oyunu milli dəyərlərimizin gözəl nümunəsidir
Əli Cəfəroğlu
- Biblioqrafiya və tərtibçilər