AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Atlı oyunlar

Nümunənin reyestr kodu : FO0101000001

Azərbaycan xalqının oyun mədəniyyəti qədim tarixinə, zəngin və rəngarəng oyun çeşidinə görə seçilir. Bu oyunlar içərisində atlı oyunlarının xüsusi yeri vardır. Azərbaycan folklorşünaslığında aparılan təsnifatda atüstü və ya savaş oyunları kimi təqdim olunan bu oyunlar lap əski çağlardan insanlarda müəyyən fiziki keyfiyyətlərin formalaşmasına xidmət etmiş, bu səbəbdən onlarda hərbi mahiyyətli elementlər özünü göstərmişdi. Folklorşünas Füzuli Bayatın yazdığına görə, əskidən gənc döyüşçüləri savaşa hazırlamaq üçün atlı və qismən də atlı olmayan oyunlardan istifadə olunmuşdu. Belə oyunlarda oyun​çu​ların döyüşdə olduğu kimi birlikdə və fərdi hərəkət edə bil​məsi, çeviklik, güc, tak​tika və s. kimi bacarıqları inkişaf etdirməsi əsas məqsəd olmuşdu. Bu baxımdan atlı oyunları əyləncədən daha çox həm də ritual tamaşadır. Deyilənlərdən aydın olur ki, atlı oyunları hər kəsin oynaya biləcəyi bir oyun olmayıb oyunçulardan fiziki və zehni sağlamlıq, xüsusi hazırlıq tələb edir.

Xalq arasında tərəkəmə və ya çoban oyunları adı ilə tanınan “Papaq oyunu”, “Dəsmal oyunu”, “Keçipapaq oyunu”, “Ço​​ban oyunu”, “Baharbənd”, “Sürpapaq”, “Qıza çat” və s. digər oyun növləri həm Azərbaycanda, həm də türk dünyasında əskidən bu günədək atların iştirakı ilə oynanır. Xa​rakterinə və məqsədinə görə hərbi hazırlıq mahiyyəti daşıyan bu oyunlarla oyunçulara cəsarət, dözümlülük, çeviklik, düşməni məğlub etmək taktikası və nəhayət, rəqibi bağışlaya bilmək, aman diləyənə aman vermək və s. kimi xüsusiyyətlər aşılanır.

Atlı oyunları dedikdə el şənliklərində, toy məclislərində insanların at belində və atla oynadığı oyun və yarışmalar nəzərdə tutulur. Bu oyunlarda idmançılar tamaşaçılar qarşısında at üstündə öz məharətini göstərir – müxtəlif akrobatik hərəkətlər nümayiş etdirir, qılınc oynadır, at çapır və s. Elçin Aslanovun “El-oba oyunu, xalq tamaşası” kitabında vaxtilə Azərbaycanda atlılarla oynanan 16 növ oyunun – “Altunqabaq”, “Baharbənd”, “Qəpəq oyunu”, “Yaylıq oyunu”, “Keçdi-keçdi”, “Gərdəkqaçırdı”, “Oğlaqoyunu”, “Papaq oyunu”, “Sürpapaq”, “Tabtab”, “Çövkən”, “Cirid”, “Cıdır” və s. adı çəkilir. Bir zamanlar sevilən və həvəslə oynanan bu oyunların, demək olar ki, böyük hissəsi məişətdən çıxmış, yalnız bir qismi müəyyən atlı kollektivlərin repertuarında qalmaqdadır.

Azərbaycanda atlıların oynadığı oyunlar haqqında orta əsrlərə aid yazılı qaynaqlarda geniş məlumatlar öz əksini tapır. Nizami Gəncəvinin “Xəm​sə”sində, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqa ədiblərin əsərlərində bəzi atlı oyunu növləri barədə məlumat verilmişdi. Nizaminin “Xosrov və Şirin” əsərinə illüstrasiya olaraq çəkilmiş XVI əsrə aid miniatürdə “Çövkən oyunu”nun təsviri verilmişdi. Beyləqan rayonu ərazisində arxeoloji qazıntılar nəticə​sində tapılan şirəli qablar üzərində çəkilmiş atlı oyunu təsvirləri Azərbaycanın atlı oyunlarının geniş yayıldığı məkanlardan biri olduğunu deməyə əsas verir.

Atlı oyunlarında Azərbaycanda yetişdirilən məşhur at cinslərindən istifadə olunur. Bunların içərisində ən məşhuru Qarabağ atlarıdır. Herodot hələ m.ə. IV əsrdə Mi​di​ya​da Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yer​ləşən Nesey düzənliyinin adı ilə bağlıdır) iri, güclü və yaraşıqlı atların yetişdirildiyini yazırdı. Tədqiqatçıların fikrincə, tariхi təkamül nəticəsində Nesey atlarından iki qol ayrılmış, onlardan biri türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus Qarabağ atlarıdır. Qarabağ atlarının oyun üçün əvəzsiz olması onların cəld və sürətli qaçması, manevr və hərəkət etmək bacarığının üstün olması ilə bağlıdır. Bundan əlavə, Azərbaycanda Dilboz, Şirvan, Quba at cinsləri də yetişdirilir ki, bir çox bölgələrdə atlı oyunlarında həmin at cinslərindən istifadə olunur.