AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq havaları

Nümunənin reyestr kodu : FM0101000001

Azərbaycan folklorunun çox qədim və zəngin qolu olan aşıq musiqisinin əsasını aşıq havaları təşkil edir. Aşıq havaları məzmun və obraz müxtəlifliyi, melodik gözəlliyi, dərin emosional ovqatı, metr-ritmik zənginliyi, forma və quruluşunun mükəmməlliyi ilə fərqlənir. Bu musiqi havaları xalqımızın tarixi və məişətini, hiss və həyəcanını, həyata baxışlarını özündə əks etdirir. Aşıq havaları xalq şeirinə – bayatı, gəraylı və qoşmalara, eləcə də, klassik şeir formalarına əsaslanır, burada melo-poetik tamlıq olaraq özünü göstərən havalar da vardır (“Çoban bayatı”, “Mina gəraylı”, “Təcnis”, “Dübeyti”, “Baş müxəmməs”, “Baş divani” və s.). Aşıq sazda çalaraq özünü müşayiət edir və mahnı tipli musiqi havası oxuyur. Bu musiqi nümunələri məhz “aşıq havaları” adı altında toplanmışdı. Çünki bu havaları ənənəvi mahnılardan fərqləndirən cəhətlər vardır: a) poetik mətnin dəyişməsinin mümkünlüyü; b) vokalın melodik tipinin müxtəlifliyi; c) instrumental və vokal hissələrin tarazlığı; e) forma və quruluşunda dramaturji yüksəlişin özünü göstərməsi. Bu baxımdan həmin nümunələr “aşıq havaları” olaraq dəyərlən​dirilir və özəl xüsusiyyətlərə malik vokal-instrumental musiqi kompozisiyasıdır. Aşıq havaları aşıqlar tərəfindən həm müstəqil şəkildə, həm də dastan tərkibində ifa olunur.

Aşıq havalarının təsnifatı aşağıdakı kimidir:

1. Vokal-instrumental aşıq havaları (vokal melodiyanın şərhinə əsasən). Bunlar da öz növbəsində a) bəhrsiz aşıq havaları, b) Qovuşuq qşıq havaları və c) bəhrli aşıq havaları olmaqla üç qrupa ayrılır. Bəhrsiz aşıq havaları (Yanıq Kərəmi”, “Təcnis”, “Zarıncı”, “Sultanı”, “Qaraçı” (“Dərvişi”) və s.) ən qədim el havalarıdır və lirik-fəlsəfi, epik, dramatik məzmunlu klassik sənət nümunələridir. Bu növ havalar iki cürdür: 1. Sırf reçitativ-improvizasiya xüsusiyyətli vokal-instrumental havalar; 2. Növbələşmə üzərində yaranan – vokal melodiyası bəhrsiz – reçitativ-improvizasiyalı, instrumental partiyası dəqiq ölçülü havalar.

Qovuşuq bəhrli aşıq havaları (“Azaflı gəraylısı”, “Şah Xətai divanisi” və s.) yarıreçitativ, yarı mahnıvaridir və bir neçə şəkildə özünü göstərir: 1. Dəqiq ölçülü melodiya və reçitativ-deklamasiya tipli bölmələr üzvi xasiyyət daşıyır və havanın daxili məzmunu ilə bağlıdır, məhz melodiyanın özü xasiyyət etibarilə qovuşuq bəhrlidir. 2. Havaların melodik strukturuna daxil olan improvizasiyalı bölmələr ifaçı tərəfindən bir qədər sərbəst şəkildə – daha geniş və ya daha məhdud ölçülərdə ifa olunmaq imkanına malikdir. 3. Hava həm improvizasiyalı, həm də improvizasiyasız şəkildə ifa olunur, müxtəlif versiyalarda təqdim olunur.

Bəhrli aşıq havaları isə dəqiq metr-ritmik ölçüyə malik, mahnı tipli aşıq havalarıdır (“Şahsevəni”, “Gilənar”, “Dərbəndi” və s.).

2. İnstrumental saz havaları ənənəvi aşıq havalarının instrumental variantıdır.

Aşıq havalarının instrumental çalğısı havanın dramaturji inkişaf xəttində xüsusi rol oynayır: instrumental müqəddimə, iri həcmli bəndlərarası araçalğılar əsas musiqili-poetik ideyanın açılmasında üzvi tərkib hissəsi kimi müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, demək olar ki, aşıq havalarının instrumental bölmələri zaman keçdikcə inkişaf etmiş, genişlənmiş, vokal oxumadan ayrılaraq müstəqil instrumental kompozisiyaya çevrilmişdi. Çağdaş dövrümüzdə fəaliyyət göstərən instrumentalçı aşıqların yaradıcılığı buna gözəl misaldır (Ədalət Nəsibov və başqaları).

İnstrumental havaların içərisində aşıq rəqs havaları da mövcuddur. Alimlər belə qənaətə gəlmişlər ki, bir çox qəhrəmanlıq rəqsləri Koroğlunun adı ilə bağlıdır: (“Koroğlunun cığatayı”, “Koroğlunun döşəməsi” və s.). “Dərbəndi”, “Cəngi”, “Ovşarı”, “Qaytağı”, “Misri”, “Şahsevəni” “Turacı”, “Mixəyi”, “Qədim şəşəngi”, “Yedəkləmə” havaları həm rəqs havaları, həm də klassik aşıq havalarıdır.