AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məhəbbət dastanları

Nümunənin reyestr kodu : FL0104020001

Azərbaycan məhəbbət dastanları say baxımından qəhrəmanlıq dastanlarından daha çoxdur. Bu dastanların süjet xətti iki gəncin saf və təmiz məhəbbəti uğrunda apardığı mübarizə üzərində qurulur. Bir-birini sevən gənclərin həyatında baş verən hadisələr burada macəravari şəkildə təqdim edilir.

Məhəbbət dastanlarının strukturu ustadnamə, dastanın süjeti və duvaqqapmadan ibarətdir. Bu hissələr zahirən bir-biri ilə əlaqəli görünməsə də, ustadnamələr, duvaqqapmalar dolayı şəkildə əsas süjetdə cərəyan edən hadisələrlə əlaqəlidir. Ustadnamə ustad sözü, ustadların öyüd və nəsihətlərindən ibarət hökm şəklində ifadə olunmuş fikirlərdir. Onların funksional gücü atalar sözlərinin mədəniyyətdəki funksional gücü ilə eynidir. Əksər məhəbbət dastanlarında qəhrəman müxtəlif maneələrə baxmayaraq sonda sevgilisinə qovuşur və dastan gənclərin şərəfinə təşkil olunmuş toyla tamamlanır. “Əsli-Kərəm” kimi bəzi dastanlar isə nakam məhəbbət, faciə ilə bitir. Sonu toyla bitən məhəbbət dastanlarında aşıq dastanı şən, şux məzmunlu, könül açan duvaqqapma ilə tamamlayırsa, sonu sevənlərin ölümü ilə bitən dastanları cahannamə ilə tamamlayır.

Məhəbbət dastanlarına dair ilk sanballı tədqiqatın müəllifi M.H.Təhmasib bu dastanların süjet xəttini dörd hissəyə bölür: 1. Qəhrəmanın anadan olması və təlim-tərbiyəsi; 2. Qəhrəmanın buta alması; 3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə; 4. Müsabiqə və qələbə. Bu struktur elementləri bütün məhəbbət dastanları üçün xaraterikdir, hər yeni yaranan dastan da ənənədən gələn bu struktur üzərində qurulur.

Məhəbbət dastanları üç hissəyə bölünür: 1) Məhəbbətlə qəhrəmanlıq hüdudunda dayanan dastanlar; 2) Əsl məhəbbət dastanları; 3) Məcazi məhəbbətə həsr olunmuş dastanlar.

Birinci qrupa məxsus dastanlarda qəhrəmanlıq cizgiləri müəyyən qədər qorunub saxlanmışdı. Belə dastanların qəhrəmanları sevməyi bacardıqları kimi, qılınc-qalxanla vuruşmağı, baş kəsməyi də bacarırlar. Bahadırlıq keyfiyyətləri ilə seçilən bu qəhrəmanlar öz sevgiləri, butaları uğrunda mübarizə apardıqları üçün onlar bu qrupa aid edilir. Əsl məhəbbət dastanları isə astral və məcazi dastanlar olmaqla iki yerə bölünür. Birinci qrupa “Tahir və Zöhrə”, “Mehr-mah”, “Mahmehri ilə Xurşid”, “Şahzadə Sənubər”, ikinci qrupa isə “Qurbani” dastanı aid edilir. Astral dastanlar təbiət qüvvələrinin, təbiətdə baş verən hadisələrin, xüsusilə səma cisimlərinin, səyyarə və bürclərin insan şəklində təsəvvürünə əsaslanır. Belə əsərlərdə il daxilində, ayrı-ayrı fəsillərdə ulduzlar aləmində baş verən hadisələr bədii şəkildə təsvir olunur.

Məhəbbət dastanlarının əsas süjet xəttini təşkil edən qəhrəmanın sevgilisinə qovuşmaq uğrunda apardığı mübarizə qəhrəmanlıq dastanlarında da geniş yayılmışdı. Məhərrəm Cəfərlinin yazdığına görə, təqribən XII əsrdən başlayaraq Azərbaycan dastanlarında bu motiv müstəqilləşir və qəhrəmanlıq dastanlarından ayrılaraq ayrıca bir qol kimi inkişaf etməyə başlayır. Sadəcə olaraq, məhəbbət dastanlarında bu motivə buta elementi əlavə olunur. Buta məhəbbət dastanlarında süjet hadisəsinə çevrilərək müxtəlif semantik qatlar şəklində təzahür edir.

Qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid “Şah İsmayıl-Gülzar”, “Novruz-Qəndab”, “Mehr-Mah”, “Tahir-Zöhrə”, “Seyidi Pəri”, “Şahzadə Əbülfəz” dastanlarında daha açıq müşahidə olunur. Ara mövqedə durduqları üçün bu dastanlar folklorşünaslıqda qəhrəmanlıqla məhəbbət dastanları hüdudunda dayanan dastanlar kimi tanınır. Məhəbbət dastanlarının geniş yayılması qəhrəmanlıq dastanlarının arxa plana keçməsi ilə nəticələnmisdi.