AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dastanlar

Nümunənin reyestr kodu : FL0104000001

Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir.

Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır. Əslində xalq arasında bu janr “nağıl” adı ilə tanınır, hətta aşıqların özləri də dastanı bu adla adlandırmış, adi nağıllara isə “qara nağıl” deyərək ondan fərqləndirmişlər.

Azərbaycan dastanları iki qrupa ayrılır: 1. Qəhrəmanlıq dastanları. 2. Məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında ayrı-ayrı şəxslərin yadelli işğalçılara, yaxud zülmə, istismara qarşı apardığı mübarizə tərənnüm olunur. Alplıq, qəhrəmanlıq keyfiyyətlərinin qabardıldığı bu qrupa “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qara Məlik”, “Şah İsmayıl-Taclı”, “Kamal” dastanları daxildir. Məhəbbət dastanlarında isə buta verilmiş iki gəncin bir-birinə olan sevgisindən, bir-birinə qovuşmaq üçün apardıqları mübarizədən bəhs olunur. Bu qrupa “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Qurbani”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Yaxşı və Yaman” və sair dastanlar daxildir.

Azərbaycanda dastanlar şeirlə nəsrin növbələşməsi prinsipi əsasında qurulur. Dastanın “yurd” adlanan nəsr hissəsində hadisə və ya əhvalatdan söhbət açılır, qəhrəmanın müraciəti, münasibəti, iztirab və həyəcanı, kədər və sevinci isə qoşmalarla verilir. Qoşma ilə yurd hissəsində bəhs olunan hadisə bir-biri ilə o dərəcədə bağlı olur ki, tək bir qoşmanın ixtisarı dastanın məzmununa xələl gətirir. Dastanda istifadə olunan qoşmalar müəyyən aşıqlar tərəfindən yaradılsa da, personajın adına bağlanır. Ona görə də bəzən həmin dastanın kimin tərəfindən yaradıldığını təyin etmək çətin olur.

Dastanlar geniş süjet xəttinə malik olmaqla şifahi ədəbiyyatın digər janrlarından həcminin böyüklüyü ilə də seçilir. Burada qəhrəmanın həyat bioqrafiyası təqdim olunur. Dastan qəhrəmanı şəxsi özəlliklərdən, istək və arzulardan azad olmuş, millətin simvolu olmuş bir personajdır. O, müəyyən tarixi dövrdə yaşamış, mübarizə aparmış və ya yaşadığına inanılan şəxs də ola bilər.

Dastanlar üç hissədən ibarətdir: ustadnamə, dastanın mətni, duvaqqapma. Nağılda pişrov dinləyicini xəyal, fantaziya aləminə aparmaq məqsədi daşıyırsa, aşığın dastana başlamazdan əvvəl dediyi ustadnamə bir tərəfdən qədim ustadların sözünü nəsildən-nəslə ötürüb yaşatmaq, digər tərəfdən ustadnamədə deyilmiş hikmətamiz aforizmləri, ağıllı məsləhətləri dinləyiciyə çatdırmaq, pisi-yaxşını onlara tanıtmaq kimi nəcib məqsədlərə xidmət edir. Xoşbəxt sonluqla bitən dastanlar, bir qayda olaraq, duvaqqapma ilə tamamlanır. Müxəmməs və müsəd​dəslərdən ibarət olan duvaqqapmalarda dastanı qoşan aşıq öz adını, təxəllüsünü verir, digər tərəfdən qəhrəmanların toyunu təbrik edərək onları muradlarına çatdırmış olur. Faciəli sonluqla bitən dastanlarda isə aşıq dastanı cahannamə ilə tamamlayır.

Dastan tarixin bəlli bir dönəmində, millətin passionarlığının artdığı, milli şüurun, dövlətçilik ideyasının yarandığı zamanda formalaşmağa başlayır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır.

Dastan yaradıcılığı tarixində XVI-XVIII əsrlərin xüsusi yeri vardır. Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar məhz bu dövrdə yetişmiş, əsasən irfanla bağlı olan “Qurbani, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “ Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər” kimi orta əsr məhəbbət dastanları və “Koroğlu” qəhrəmanlıq dastanı həmin dövrün məhsuludur.