Aşıq Əhliman
Əhliman Rəhim oğlu Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 1985-1990-cı illərdə M.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif ixtisası üzrə təhsil alıb. 1977-ci ildə Ucar rayon Mədəniyyət evində ilk əmək fəaliyyətinə başlayıb.
Gənc yaşlarından Azərbaycan aşıq sənətini həm ölkə daxilində, həm də xaricdə təbliğ edib. 1978-ci ildə gənc aşıqların Salyanda keçirilən festivalında qalib olub. 1985-ci ildə İkinci Dünya Müharibəsində qələbənin 40 illiyi, 1987-ci ildə Böyük Oktyabr inqilabının 70 illiyi münasibəti ilə Moskvada keçirilmiş festivallarda laureat adını alıb. O cümlədən, müsəlman ölkələri folklor kollektivlərinin 1989-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş festivalın laureatı olub.
1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır, hazırda həmin universitetdə “Aşıq sənəti” kafedrasının müdiridir. 2010-cu ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. “Şirvan Aşıq havaları: səciyyəsi, təsnifi və metodikası” adlı dərs vəsaitinin, çoxlu sayda fənn proqramlarının, tövsiyələrin müəllifidir. 20-yə yaxın xalq dastanlarının, külli miqdarda folklor nümunələrinin bilicisi və tədqiqatçısıdır. Bədii yaradıcılıqla da məşğul olan Əhliman Rəhimovun “Könlümlə danış, sazım”, “Calanıbdı sazım sözə” adlı şeir kitabları işıq üzü görüb.
Prezident İlham Əliyevin 2007-ci il 17 sentyabr tarixli sərəncamı ilə milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.