AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qoşma

Nümunənin reyestr kodu : FL0202070001

Azərbaycan aşıq yaradıcılığında müxtəlif məzmun çevrəsini, saz-söz ustadlarının mənəvi-əxlaqi, fəlsəfi-didaktik görüşlərini, öyüd, nəsihət və digər əxlaqi dəyərləri əhatə edən qoşma qəhrəmanlıq və məhəbbət dastanlarında da geniş yer verilən şeir şəkillərindən biridir. Sədnik Pirsultanlının yazdığına görə, 80 saz havasının 51-i qoşma, 18-i gəraylı, 3-ü bayatı, 3-ü müxəmməs, 2-si xalq mahnısı, 2-si divani, 1-i isə təxmis üzərində ifa olunur. Faktın özü, yəni saz havalarının əksəriyyətinin qoşma ilə əlaqəli yaranması bu şeir şəklinin aşıq şeirinin kütləvi forması olduğunu göstərir.

Qoşma nəinki aşıq ədəbiyyatında, həm də yazılı poeziyada özünə möhkəm yer tutmuşdu. Klassik Azərbaycan şairləri öz qələmlərini qoşma şeir şəklində də sınamış və bədii cəhətdən sanballı əsərlər yaratmışlar. Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Əmmani kimi şairlərin yaradıcılığında qoşma şeir şəklində yazılmış nümunələrə təsadüf olunsa da, bu şeir şəkli yazılı poeziyada, əsasən, Molla Pənah Vaqif, Molla Vəli Vidadi ədəbi məktəbi vasitəsilə geniş yayılmışdı. Qoşma klassik poeziyamızı yeni şəkillərlə zənginləşdirmiş, onun vasitəsilə xalq təfəkkürü, canlı danışıq dili və folklorun üslub xüsusiyyətləri də tədricən yazılı ədəbiyyata gətirilmişdir ki, bu da klassik poeziya dilinin sadələşməsinə, daha geniş auditoriyaya yayılmasına səbəb olmuşdu.

Qoşmada hər misra on bir hecadan ibarətdir, bəndlərin sayı isə üçdən az olmur. Ümumiyyətlə, aşıq şeirində belə bir ənənə vardır ki, bəndlərin sayı nə qədər olur olsun, bu say tək rəqəmlə ifadə olunmalıdır. Qoşmada da bu prinsip gözlənilir: bəndlərin sayı, bir qayda olaraq, tək rəqəmlə qurtarır. Qoşmalarda birinci bənd ya abab şəklində çarpaz qafiyələnir, ya da ikinci və dördüncü misralar qafiyələnir, birinci və üçüncü misralar isə sərbəst buraxılır. Sonuncuya dair nümunələr daha çoxdur. Sonrakı bəndlərin misraları isə birinci bəndin ikinci və dördüncü misralarındakı baş qafiyə ilə qafiyələnir.

Aşıq şeirini yazılı ədəbiyyatdan fərqləndirən əsas cəhət onların müəyyən saz havaları əsasında yaradılmasıdır. Ona görə də aşıq şeirlərində, o cümlədən qoşmalarda müəyyən bir axıcılıq vardır. Musiqi ilə bağlılıq onların daha asan əzbərlənməsinə və uzun müddət yaddaşlarda qalmasına səbəb olmuşdu.

İnsanın hiss və duyğuları ən yüksək ifadəsini qoşmada tapır, onun daxili aləmi, xarici görkəmi, təbiət gözəllikləri və s. bu şeir şəklində vəsf olunur. Qoşma Molla Qasımın, Qurbaninin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Xaltanlı Tağının, Molla Cümənin və başqa sənətkarların yaradıcılığında çox işlənən şeir şəkillərindən biridir.

Qoşma şeir şəkli kimi inkişaf etdikcə qoşayarpaq, təkrar misralı, ayaqlı, dodaqdəyməz, güllü qafiyə kimi yeni növləri yaranmışdı. Qoşayarpaq qoşmalarda hər misra öz daxilində qafiyələnir, amma bu qayda birinci bəndin ikinci və dördüncü, digər bəndlərin isə sonuncu misralarına şamil olunmur. Təkrar misralı qoşmalar yazılı ənənədə həm də varsağı adı ilə tanınır. Bu qoşmalarda birinci bəndin II-IV, digər bəndlərin isə sonuncu misraları olduğu kimi təkrar olunur. Qoşmanın ayaqlı və ya qoşma-müstəzad adlanan şəkli isə klassik poeziyadakı müstəzadın təsiri ilə yaranmışdı. Ona görə də aşıq poeziyasında bu şeir şəklinə dair nümunələr çox azdır. Bu şeir şəklinə XVII əsrdə yaşayıb-yaratmış və klassik poeziyaya yaxından bələd olan Xəstə Qasımın yaradıcılığında rast gəlinir. Dodaqdəyməz qoşma isə dodaqlanan sait və samitlərin işlənmədiyi sözlərdən istifadə olunmaqla qurulur. Yaradılması olduqca çətin olan bu şeir şəklinə Aşıq Alı, Aşıq Ələsgər, Məlikballı Qurban, Mikayıl Azaflının şeirlərində rast gəlinir. Ustad aşıqlar arasında “Dedim-dedi”, “Dedim-söylədi” adı ilə tanınan “Güllü qafiyə”lər isə mükalimələr üzərində qurulur, lirik qəhrəmanın hiss-həyəcanını sual-cavab tərzində poetik dillə ümumiləşdirir. Güllü qafiyə həm aşıq poeziyasının, həm də yazılı ədəbiyyatın ən məhsuldar formalarından biridir.