Aşıq Fətulla
Fətulla Əbdüləzim oğlu Əliyev 1941-ci ildə Göyçə mahalının Nərimanlı kəndində anadan olub. 1948-1953-cü illərdə soydaşlarımız kütləvi şəkildə Ermənistan ərazisindəki doğma dədə-baba yurdlarından deportasiya olunduqda onun atası Əbdüləzim kişi ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşır. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İmanın bu kənddə məskunlaşması Fətulla Əliyevin gələcək həyatında mühüm rol oynayır. Aşıq İman ona çox böyük qayğı göstərir, aşıq sənətinin incəliklərini öyrədir, özü ilə bərabər el şənliklərinə aparır. Sonradan bir çoxları kimi, Aşıq Fətullanın da ailəsi Göyçəyə qayıdır. Göyçəyə qayıtdıqdan sonra o, əvvəl Qannılı Aşıq Mehdiyə, sonra Aşıq Ələsgərin oğlu Aşıq Talıba şəyirdlik edərək aşıq sənətinin bütün incəliklərinə yiyələnir.
Fətulla Əliyev eyni zamanda Gəncədə Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
1988-ci ildə öz doğma yurdu olan Göyçədən ikinci dəfə deportasiya olunan aşıq Fətulla Əliyev Gəncədə məskunlaşır. Elə o vaxtdan bu şəhərdə yaşayıb fəaliyyət göstərir. Şəhərdəki İ.Qayıbov adına Musiqi məktəbində saz sinfinin açılmasına nail olur. Respublika miqyaslı müxtəlif tədbirlərdə və festivallarda fəal iştirak edən aşıq 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Əksər ustad aşıqlar kimi, Aşıq Fətulla da bədii yaradıcılıqla məşğul olur. İndiyədək “Yurd yeri”, “Göyçəsiz dağlardan yaman küsmüşəm” və “Göyçə - dahilər yurdu” adlı kitabları nəşr olunub.