AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çoban Məhəmmədin Qars səfəri

Nümunənin reyestr kodu : FL0111010002

Göyçə aşıq məktəbinin yaratdığı dastan-rəvayətlərdən biridir. Rəvayətdə göstərilir ki, Qarsa yol çəkilir, işçi qüvvəsinə ehtiyac olduğundan Almurad bəy Göyçəyə, Səməd ağaya xəbər verərək ondan kö​mək istəyir. Adamlar məsləhət edib yüz nəfər cavan seçirlər. Onlara ağsaq​qallıq etmək həm dilavər, həm də təcrübəli olduğu üçün Çoban Məhəmmədə tapşırılır. Çoban Məhəmmədgil Qarsa o vaxt gəlib çatırlar ki, Səlmi Xuraman adlı bir xanım Da​ğıstandan gəlib, burada aşıqları bağlayıb. Həmin gün də sonuncu gündür. Bunu öyrənən Çoban Məhəmməd Səlmi Xuramanla deyişmək üçün Almurad bəydən icazə istəyir. Bəy ondan adını xəbər alır. “Çoban” təxəllüsünü eşidəndə onun da məğlub olacağını düşünür, amma Çoban Məhəmmədin təkidi ilə razı olur. Deyişmədə Çoban Məhəmməd Səlmi Xuramana qalib gəlir. Şərtə görə o, Səlmi Xura​manı alır. Almurad bəy onlara toy eləyir. Aşıq rəvayəti dastan ənənəsinə uyğun olaraq duvaqqapma ilə başa çatır. 

Bu aşıq rəvayəti Göyçə aşıq mühitinə mənsub el sənətkarlarının reper​tuarın​da yer tutsa da, sonralar digər aşıq mühitlərinə də yayılıb, dildən-dilə düşüb.

Aşıq rəvayətinin indiyə qədər üç variantı qeydə alınıb. Bunlardan biri Əli Şamilov tərəfindən 1969-cu ildə Göyçənin İnəkdağ kəndində Aşıq Qənbərdən yazıya alınıb. Başqa bir variantı Aşıq Mahmud Məmmədovdan qeydə alınıb və “Çoban Məhəmmədin Qars səfəri” adı altında “Göyçə aşıqları və aşıq rəvayətləri” toplusunda (2001) nəşr edilib. Dastanın Aşıq Fətulla Göyçəli və Aşıq Səlim Göyçəlinin ifasında digər variantı isə 2016-cı ildə Folklor İnstitutu tərəfindən lentə köçürülmüşdür.

Dastan Aşıq Ələsgərin qardaşı Çoban Məhəmməd tərəfindən yaradılmışdır. Çoban Məhəmməd təxminən 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəlib. Ömrünün böyük bir hissəsini çobanlığa həsr etsə də, el arasında həm də şair kimi tanınıb sevilib, bədahətən şeir deməyi, yaxşı hafizəsi ilə hamını heyrətləndiribdi. Çoban Məhəmmədin həyat və yaradıcılığı barədə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgər tədqiqatlar aparmış və 2009-cu ildə “Çoban Məhəmməd” kitabını oxucuların ixtiyarına vermişdir. İslam Ələsgərin yazdığına görə, Çoban Məhəmmədin ədəbi irsi çox zəngin olub. Lakin yazı-pozu bilmədiyindən şeirlərinin böyük bir qismi unudulub. Onun aşıq şeirinin müxtəlif şəkillərində yazdığı 70-dən artıq şeiri və bir neçə dastan-rəvayəti hazifəzlərdən yazıya alınıb.

Onun əlimizdə "Şair Məhəmmədin Qars səfəri" (bunu bəzi aşıqlar "Şair Məhəmmədlə Sərvi Xuraman xanım" da adlandırırlar), "Şair Məhəmmədin Yalanbol səfəri" və "Şair Məhəmmədin çuxa əhvalatı" adlı üç dastan-rəvayəti vardır. Onlardan son ikisi şairin qaçqın olduğu zaman və sovet hökumətinin ilk illərində keçirdiyi ağır güzəran, maddi və mənəvi sıxıntılarla əlaqədar qələmə alınıb. Aşıqların repertuarında daha çox yer tutan "Şair Məhəmmədin Qars səfəri" rəvayəti isə öz mövzusunu real həyatdan götürmür, şair təxəyyülünün məhsuludur.

Çoban Məhəmməd 1937-ci ilin yayında dünyasını dəyişir. Onu Aşıq Ələsgərin qəbrinin yanında dəfn edirlər.