Rəvayətlər
Nümunənin reyestr kodu : FL0111000001
Tarixi məzmun kəsb etməsi, tarixi hadisələr, real və tarixi şəxsiyyətlər, onların fəaliyyəti haqqında məlumatları özündə əks etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edən rəvayətlər, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da şifahi tarixini öyrənmək üçün zəngin məlumat verir. Təsadüfi deyil ki, Qarabağın keçmişindən, tarixindən bəhs edən, Qarabağnamələr kimi tanıdığımız araşdırmalar da, əsasən həmin şifahi qaynaqlar əsasında yazılmışdı.
İstənilən rəvayət məzmununa görə tarixdir, çünki öz əsasını hansısa gerçək faktlardan – çar və ya sovet rejiminə qarşı aparılan mübarizədən, hərbi səfərlərdən və ya yürüşlərdən və s. alır. Hansısa tarixi hadisələr əsasında yaranmasına baxmayaraq, burada tarixi hadisələrin bütün gedişi deyil, onun daha maraqlı anları əks olunur. Digər folklor mətnlərində olduğu kimi, burada da bədii təxəyyüldən istifadə olunur və gerçəklik özünəməxsus şəkildə, şifahi ədəbiyyat prizmasından təqdim olunur. Rəvayətlər tarixdə baş vermiş hadisə haqqında şahid söhbətləri əsasında yaranır, ağızdan-ağıza, dildən-dilə keçərək müəyyən dəyişikliyə uğrayır. Hər bir halda baş vermiş hadisədən üçüncü bir şəxsə istinad olunmaqla söhbət açılır. Ona görə də bu mətnlərdə “Deyilənə görə”, “Belə rəvayət olunur” kimi ifadələr geniş işlədilir. Yazıb-oxumağın zəif olduğu dövrlərdə bu mətnlər insanların öz keçmişi, tarixi haqqında məlumat əldə etmələri üçün əvəzsiz mənbə rolu oynamış, bu baxımdan maarifləndirici funksiya daşımışdı.
Folklorşünas İsrafil Abbaslı rəvayətləri folklorun müstəqil janrı kimi təqdim edərək belə bir təsnifat vermişdi: a) etimoloji rəvayətlər; b) izahlı rəvayətlər; c) real tarixi və yarımtarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Həmçinin alim etimoloji və izahlı rəvayətlərin təsnifində: Günəş, ay, ulduz; Dağlar, qayalar, dərələr, səhralar; Göllər, çaylar, bulaqlar, şəlalələr; Bitki və heyvanlar aləmi; Mahallar, şəhərlər, kəndlər; Qalalar, körpülər, yollar; Sərdabələr, qəbirlər, qəbiristanlıqlar və s. kimi bölümlərin, real tarixi və yarımtarixi şəxsiyyətlərlə bağlı rəvayətlərin isə padşahlar, hökmdarlar, alimlər, sənətkarlar, müqəddəslər, övliyalar, el qəhrəmanları və b. kimi bölümlərin aparıcı olduğunu qeyd etmişdi.
Rəvayətlərin böyük bir qismini tarixi şəxsiyyətlər və tarixi hadisələr haqqında mətnlər təşkil edir. Bu mətnlər müəyyən tarixi şəxsiyyətlər ətrafında birləşməklə rəvayətlər silsiləsini formalaşdırır. Məsələn, İsgəndər haqqında rəvayətlər “İsgəndərin dirilik suyu axtarması”, “İsgəndərin ölümü”, “İsgəndərin quşlardan bac alması” və s. rəvayətlər silsiləsindən ibarətdir ki, qəhrəmanın həyatının müxtəlif dövlərini işıqlandırır. Azərbaycan folklorunda ən geniş yayılmış rəvayətlər silsiləsi İsgəndər, Şah Abbas, Hatəm, Loğman, Həzrət Əli, Rüstəm-Zal və digər şəxsiyyətlərlə bağlıdır. Belə rəvayətlər bəzən bir qəhrəman ətrafında birləşməklə nağıla da çevrilir. İsgəndər, Loğman haqqında bir çox nağıllar rəvayətlərin bir personaj ətrafında birləşməsi ilə yaranmışdı.
Tarixi rəvayətlərin bir qismi qaçaqlar haqqında rəvayətlərdən ibarətdir ki, Azərbaycan folklorunda qaçaqçılıq rəvayətləri adı ilə tanınır. Bu tip mətnlər qaçaqçılıq hərəkatının geniş yayıldığı Dağlıq Qarabağ və ətraf rayonlarda, həmçinin Qazax-Tovuz bölgəsindən qeydə alınmışdı. Həmin bölgələr dağlıq və meşə ilə əhatə olunduğundan təbii şərait qaçaqların gizlənmələri, rejimə qarşı mübarizə aparmaları üçün əlverişli idi. Belə qaçaqların sayı onlarla ifadə olunsa da, onların içərisində çar rejiminə qarşı vuruşmuş Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, sovet rejiminə qarşı mübarizə aparmış Qaçaq Qəbil, Telli Əsəd, Kürdoğlu Məhəmməd, Sarıtel Aslan daha çox məşhurdur. Aşıq ədəbiyyatının ayrıca bir qolunu təşkil edən qaçaqçılıq dastanları da məhz qaçaqlar haqqında rəvayətlər əsasında formalaşmışdı.
-
Azərbaycan türklərinin xalq rəvayətləri
Sədnik Paşa Pirsultanlı
2011
-
Əsatirlər, əfsanə və rəvayətlər
Tərtib edənlər: Arif Acaloğlu, Cəlal Bəydili
2011
- Biblioqrafiya və tərtibçilər