Aşıq rəvayətləri
Nümunənin reyestr kodu : FL0111010001
Azərbaycan folklorunda, xüsusilə aşıq sənətində geniş yayılmış aşıq rəvayətləri, əsasən aşıqların həyatında baş vermiş hadisə və əhvalatları, onların yaradıcılığının müxtəlif məqamlarını əks etdirməsi baxımından ayrıca əhəmiyyət kəsb edir. Aşıq rəvayətləri dastan yaradıcılığı prosesində mühüm rol oynayır. Belə ki, bir sıra klassik aşıq dastanlarımız məhz rəvayətlər əsasında formalaşmışdı.
Aşıq rəvayətləri özünəməxsus spesifikaya malik olub rəvayətlərin xüsusi bir tipi kimi səciyyələndirilir. Belə ki, başqa rəvayətlər bütövlükdə xalq yaradıcılığının məhsulu olduğu halda, aşıq rəvayətlərini, əsasən aşıqlar yaradır. Belə mətnlərin əksəriyyəti aşıq şeiri və ya şeirləri ilə müşayiət olunur. Adətən, sazın müşayiətilə ifa edildiyindən bu tərkibə malik mətnlərin nəzm hissəsi daha çox aşıq repertuarında yer alır. Aşıq rəvayətlərinin əksəriyyəti növ və ya janrların qovuşuğu, yaxud bir mətn daxilində növbələşməsi şəklində yaranır.
Aşıq rəvayətlərinin lokal və variativ səciyyə daşıması rəvayətlərin ümumi prinsipindən irəli gəlir. Müşahidələr göstərir ki, hər hansı bir aşıqla bağlı yaranan rəvayətlər onun mənsub olduğu mühit daxilində daha geniş yayılır. Məsələn, Abbas Tufarqanlı ilə bağlı rəvayətlər Təbriz-Qaradağ aşıq mühitində, Hüseyn Bozalqanlı ilə bağlı rəvayətlər isə Gəncəbasar aşıq mühitində daha yayğındır. Aşıq rəvayətləri bir aşıq mühitindən başqa aşıq mühitinə keçib oradakı aşıqların repertuarında yer aldığı zaman isə çeşidli müdaxilələrə uğrayır və nəticədə ciddi variativ görüntülər ortaya çıxır.
Aşıq rəvayətləri təxminən üç şəkildə yaranır: 1. Təxəyyülün məhsulu kimi; 2. Şahidlərin söhbətləri əsasında; 3. Başına gələn gerçək bir hadisə-əhvalatın sözügedən aşığın özü tərəfindən obrazlı-poetik şəkildə nəql olunması və sonradan el içərisində yayılaraq rəvayətləşməsi nəticəsində.
Aşıq rəvayətlərini məzmununa, səciyyəsinə və struktur əlamətlərinə görə dörd qrupa ayırmaq olar: 1. İnformativ-bioqrafik rəvayətlər; 2. Yurd-rəvayətlər; 3. Lətifə-rəvayətlər; 4. Dastan-rəvayətlər.
İnformativ-bioqrafik rəvayətlər aşıqların ömür yolunun vacib və maraqlı məqamlarını özündə əks etdirir. Yurd-rəvayətlər aşıq sənətinin spesifik yaradıcılıq keyfiyyətlərindən olan növ və ya janrların qovuşuğu, yaxud növbələşməsi şəklində yaranır. Yurd-rəvayətlərin özü də 1) müxtəlif aşıq şeirlərilə bağlı şərh-açıqlama səciyyəli rəvayətlər, 2) deyişmə-rəvayətlər, 3) bayatı-rəvayətlər olmaqla üç yarımqrupa bölünür. Birinci yarımqrupda hər hansı bir dastana daxil olmayan yurd-rəvayətli aşıq şeirləri nəzərdə tutulur və sözügedən rəvayətlər də bu şeirlərin yurdunu müəyyənləşdirir. Adətən, saz-söz yarışması zəminində yaranan deyişmə-rəvayətlər deyişmə şəklində olan aşıq şeirlərinin, bayatı-rəvayətlər isə aşıqların düzüb-qoşduqları bayatıların yurdunu müəyyənləşdirir. Burada aşığın söylədiyi əhvalat şeirin şərhinə çevrilərək onun nə münasibətlə yarandığını, ayrı-ayrı bəndlərdəki mülahizə və duyğuların nəyi ifadə etdiyini aydınlaşdırır.
Lətifələrə məxsus yumoristik məzmun aparıcı rol oynadığından aşıqlar məclisi canlandırmaq, ovqatı yüksəltmək, hər hansı bir situasiyadan çıxmaq üçün lətifə-rəvayətlərdə istifadə edirlər.
Aşıq rəvayətlərinin böyük bir hissəsini dastan-rəvayətlər təşkil edir. Bir mətn olaraq dastan-rəvayətin janr səciyyəsində konkretlik yoxdur. Burada iki janrın (dastan və rəvayətin) müəyyən əlamətləri bir yerdə təzahür edir. Dastan-rəvayətdə ənənəvi dastan strukturuna məxsus element və mərhələlərin bir qisminin (epik-lirik növbələşmə; səfər, yol, deyişmə və başqa bu kimi ənənəvi dastan motivləri; dastan təhkiyəsinə məxsus üslub və manera; həcm genişliyi və s.) əks olunması onu dastana yaxınlaşdıran cəhətlərdir. Mətnin dastan-rəvayət adlanması zərurəti də bununla şərtlənir.