AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şifahi xalq yaradıcılığı

Nümunənin reyestr kodu : FL0000000001

Azərbaycan şifahi xalq yaradıcılığı janr tərkibinin zənginliyi ilə seçilir, ibtidai təsəvvürlərdən tutmuş ən müasir dövrdə yaranan folklor örnəklərinə qədər bir çox sahələri özündə ehtiva edir. Tədqiqat predmeti söz sənəti olmaqla yazılı ədəbiyyata yaxınlaşsa da, onları bir-birindən fərqləndirən ciddi xüsusiyyətlər vardır. İlk növbədə, qeyd etmək lazımdır ki, şifahi xalq yaradıcılığı özünün bədii qanunları çərçivəsində yaranıb inkişaf edir, yazılı ədəbiyyatdan fərqli olaraq şifahi şəkildə yaranır, şifahi ifa olunur və şifahi ötürülür.

Şifahi xalq ədəbiyyatı sinkretik sənətdir, yəni onun ifasında digər sənət sahələrinə məxsus elementlərdən istifadə olunur. İlk növbədə, şifahi ədəbiyyat səhnə mədəniyyəti ilə sıx bağlıdır. Folklor mətnlərinin ifası zamanı səhnə mədəniyyətinə məxsus elementlərdən – mimika, jest, əl-qol hərəkətlərindən geniş istifadə olunur. Nəinki dramatik elementlərin üstünlük təşkil etdiyi toy, yas nümunələrinin, həmçinin nağıl, dastan və digər epik nümunələrin ifasında da bu elementlərdən istifadə olunur. Şifahi mətnin ifası zamanı söyləyici professional aktyor kimi çıxış edir, personajın roluna girərək onun dilindən danışır, onun hərəkətlərini yamsılayır, haqqında bəhs olunan mövzunu təkcə mətn vasitəsilə yox, həm də bədən dili ilə dinləyicilərə çatdırmağa çalışır. Bundan əlavə, hər bir folklor əsəri tarixi köklərinə görə xalqın inanclarına, dini baxışlarına, etnoqrafiyasına söykənir. Başqa təbirlə desək, şifahi xalq yaradıcılığı “etnoqrafiya ilə etnologiyanın, fəlsəfə ilə sosiologiyanın, tarixlə psixologiyanın qovuşuğunda mürəkkəb işarələr sistemidir”. Şifahi ədəbiyyatı həmin sahələrdən təcrid etmək, digər elmlərlə qarşılıqlı əlaqə olmadan öyrənmək mümkün deyil.

Azərbaycan şifahi ədəbiyyatı həm də çoxvariantlı ədəbiyyatdır. Folklor söyləyiciliyinə dair müasir araşdırmalar təsdiq edir ki, söyləyicinin yaddaşında sabitləşmiş mətn yoxdur. Hər yeni ifa zamanı o, mətni yenidən yaradır, onu şəkilləndirir, auditoriyanın marağını nəzərə almaqla improvizələr edir, onu qısalda və ya genişləndirə bilir. Ona görə də nəinki söyləyicidən söyləyiciyə, həm də eyni söyləyicinin ifasında da mətn hər dəfə dəyişir, müəyyən variantlılığa uğrayır.

Azərbaycan şifahi xalq ədəbiyyatı üç növə ayrılır: epik növ, lirik növdramatik növ. Növlər özləri də poetik xüsusiyyəti, obrazlar sistemi, süjet tərkibi nəzərə alınmaqla janrlara bölünür. Epik növə mif, nağıl, əfsanə, rəvayət, dastan, lətifə, atalar sözü və məsəllər, tapmacalar, lirik növə mərasim nəğmələri, mahnılar, bayatılar, aşıq şeirləri, düzgülər, əmək nəğmələri, dramatik növə isə xalq oyunları, meydan tamaşaları, müxtəlif məzmunlu xalq dramları daxildir.

Azərbaycan folkloru müasir Azərbaycan Respublikasının sərhəd​lərindən daha geniş coğrafiyaya malikdir. Dünyanın müxtəlif yerlərində (Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Şərqi Anadolu, Borçalı, Dərbənd, Kərkük və s.) avtoxton etnos kimi yaşayan azərbaycanlılar eyni mədəniyyətin daşıyıcı​larıdır, onların folkloru eyni poetik xüsusiyyətlər əsasında formalaşmış, personajlar sisteminin, süjet tərkibinin eyniliyi ilə seçilir.

Azərbaycan şifahi xalq yaradıcılığı həm də digər türk xalqları ilə ortaq cəhətlərə malikdir. Ümumtürk mifoloji təsəvvürlərindən irəli gələn süjetlər, motivlər, personajlar Azərbaycan şifahi ədəbiyyatının əsasını təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin, personajların üst-üstə düşməsi onların vahid etno-mədəni məkanda meydana gəldiyini göstərir.

Azərbaycan şifahi xalq yaradıcılığı bir çox xalqların folkloruna ciddi təsir göstərmiş, yeni süjet və variantlarla zənginləşdirməklə inkişafına kömək etmişdi. Bu baxımdan Azərbaycan aşıq poeziyasının və Azərbaycan şifahi xalq ədəbiyyatının digər nümunələrinin təsirini qeyd etmək vacibdir.