Nağılçı Abbasov Abbas
Abbas Mahmud oğlu Abbasov 1938-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra 1962-ci ildə Soltanlıya qayıdır və 30 ildən artıq Soltanlı kəndində ibtidai sinif müəllimi işləyir. Abbas Abbasov müəllimlikdən əlavə, həm də sınıqçılığı, çöpçülüyü, tamadalığı bacarır. Şair təbiəti ilə tanınan Abbas Abbasov həm də müxtəlif şairlərə məxsus 90-dan artıq şeir bilir, yeri gələndə özü də müəyyən şeirlər yazır. Nağıllarda da tez-tez şeirdən istifadə etməsi onun poeziyaya olan marağından qaynaqlanır.
Ahıl yaşına çatmasına baxmayaraq Abbas Abbasovun güclü hafizəsi vardır. Bildiyi nağılları uşaqlıq illərində atasından eşitmiş, güclü hafizəsi sayəsində onları yadında saxlamışdır. Ondan 6 nağıl mətni yazıya alınmışdır. Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Beş süjetin birləşməsindən təşkil olunmuş “İsgəndər Zülqərnə” nağılı isə onun repertuarından yazıya alınmış ən gözəl nağıllardan biridir.
Abbas Abbasovun repertuarını səciyyələndirən bir cəhət də epik təsviri lirik tərənnümlə tamamlamasıdır, daha dəqiq desək, nağılın içərisində məzmununa, məqamına uyğun şeir nümunələrindən istifadə etməsidir. Məsələn, “Üç məsləhət” nağılında söyləyici, atasını itirmiş qəhrəmanın keçirdiyi hissləri çatdırmaq üçün ataya aid şeir söyləyir. Yaxud, üzdə Allahın yolunu tutan, amma batində ona inanmayan molladan bəhs edən “Molla və çoban” nağılını söyləyici məzmuna uyğun olaraq Aşıq Xaspoladın insanları əməldə, fikirdə düzgün olmağa səsləyən “Gərək” rədifli şeiri ilə tamamlayır. Söyləyicinin bu üsuldan istifadə etməsi nağılın məzmununun, qəhrəmanın keçirdiyi duyğuların daha təsirli çatdırılmasında mühüm rol oynayır.