AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nağıl-təmsil

Nümunənin reyestr kodu : FL0113000001

Azərbaycan nağıl-təmsilləri epik növün qədim janrlarından biridir. Onlarda insanlara xas xüsusiyyətlər heyvan, bitki və əşyalar vasitəsilə təqdim olunur. Nağıl-təmsillər cəmiyyətə məxsus xüsusiyyətlərin alleqorik formada verildiyi ibrətamiz məzmunlu şifahi hekayələrdir. Süjet sadə və konkret, personajların sayı az olur. Əsasən mükalimə xarakterində, qarşı-qarşıya duran iki tipin danışması ilə verilir. Hər bir nağıl-təmsildə insan idrakından doğan tərbiyəvi bir cəhət yer aldığından onlar uşaq psixologiyasına da uyğun olur, onların tərbiyəsi üçün də böyük əhəmiyyət kəsb edir. Nağıl-təmsillərə misal olaraq, “İt və pişik”, “Ərincək it”, “Toyuq”, “Qurd”, “Tərs keçilər”, “Yonca əhvalatı”, “Dəvə və tikan”, “Keçi ilə canavar”, “Otların bəhsi”, “Acgöz it”, “Qızıl və dəmir” və s. göstərmək olar.

Sözü obrazlı şəkildə, rəmz​lərlə demək, surətləri insan kimi şəxsləndirib danışdırmaq, hətta onların dilindən müdrik sözlər söy​lə​mək nağıl-təmsillərin mənəvi dəyərini daha da artırır. İnsanların təkamülündə mühüm rol oynayan alleqoriya nağıl-təmsillərdə də özünü göstərir. Məsələn, “Bir it ağzında sümük parçası körpü ilə gedirdi. Suya baxanda gördü ki, orada da bir it ağzında sümük parçası aparır. Özünü suya atdı ki, həmin sümüyü də ələ keçirsin. İt sudakının öz kölgəsi olduğunu bilmədi. Çayda boğulub öldü”. Bu nağıl-təmsildən çıxan ümumi məntiqi nəticə budur ki, həyatda çoxları acgözlüyünün, tamahkarlığının qurbanı olur. “Tərs keçilər” nağılına da diqqət yetirək: “İki tərs keçi vardı. Onlar bir gün dərin bir çayın üstündən körpü əvəzinə salınmış tirin üzərində rastlaşdılar. Heç biri bir-birinə yol vermək istəmədi. Tirin üstündə kəllələşdilər. Hər ikisi çaya düşüb boğuldu”. Qeyd etdiyimiz bu nağıl-təmsillər zərbi-məsəl xarakteri daşıyır, sadalanan keyfiyyətlər obrazların canlılığı, uşaq dünyasına uyğunluğu ilə seçilir və əsas cəhət, yəni əyləndirmək ön plana çəkilir.

Nağıl-təmsillər heyvanlar haqqında nağıllardan həm ibrətamiz məzmunu, həm də struktur xüsusiyyətləri ilə seçilir. Nağıl-təmsillər əslində kiçik alleqorik hekayələrdir. Zəif-güclü op​pozisiyası üzərində qurulan heyvanlar haqqında na​ğıllarda yem uğrunda mübarizə süjet xəttinin əsasını təşkil edirsə, nağıl-təmsillərdə həmin struktur elementləri yoxdur. Nağıl-təm​sillər heyvanlar haqqında nağıllardan həm də fəlsəfi və psixoloji düşüncələrə görə fərqlənir. Nağıl-təmsillərin əsas xüsusiyyəti budur ki, onlar həyatın mənasını, mahiyyətini aça bilməklə yanaşı, insanların mövcud cəmiyyətdə tənqid etməkdən çəkindikləri çatışmamazlıqları heyvanların dili ilə çatdırır.

Nağıl-təmsillər ibtidai insanların heyvanlara sitayişi və əsatiri görüşləri ilə bağlı olub çox qədim tarixə malikdir. Belə ki, ibtidai insanlar heyvanlara sehrli, əlçatmaz varlıq kimi baxmış, hətta bəzilərini müqəddəs hesab etmiş, onlarla əlaqədar əfsanələr uydurmuşlar. İllər ötdükcə insanların əsatiri təsəvvürləri nağıllarda əbədiləşmişdir. Nağıl-təmsillər şifahi halda yaşayır və hər əsrdə yeni-yeni çalarlar qəbul edir, forma və məzmunca zənginləşir. Bu nağıllarda insan kimi danışıb davranmaq heyvanları heç də insanlarla eyniləşdirmir, heyvanların hərəkətlərində yalnız ictimai münasibətlərin əks olunduğunu iddia etməyə əsas vermir, canavar, keçi, tülkü, dəvə, aslan və s. insana xas əlamətlərlə çıxış etməsi əski çağlardan gələn məlum ibtidai təsəvvürlərin məhsuludur: insan özünü təbiətdən ayırmır, təbiət, o cümlədən heyvanlar insana xas əlamətlərlə çıxış edən varlıq kimi dərk olunur. M.Kazımoğlunun qeyd etdiyi kimi, xalq bu süjetləri indiki zamanın yox, məhz uzaq keçmişlərin əhvalatları kimi qəbul edir.