Süleymanov Əli (nağılçı)
Əli Rəmdar oğlu Süleymanov 1932-ci il yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Ağdam rayonunun işğalından sonra Ağdaş rayonunun Qumlaq kəndində məskunlaşıb.
Əli Süleymanov kənd camaatı arasında baməzə, gülərüz bir insan kimi tanınır. Məskunlaşdığı Ağdaş rayonunun Qumlaq kənd sakinlərindən maraqlı söhbət edən, yaxşı lətifə, nağıl bilən insan tanıyıb-tanımadıqlarını xəbər aldıqda Əli kişinin ünvanını göstərmələri də bunu təsdiq edir. Repertuarında satirik, yumoristik məzmunlu nağılların üstünlük təşkil etməsi Əli Süleymanovun deyib-gülməyə həvəsindən irəli gəlir. Əli Süleymanovdan sehrli, novellavari, heyvanlar haqqında nağıllara dair nümunələr qeydə alınsa da, tərəddüdsüz deyə bilərik ki, o, özünü daha çox qaravəllilərdə tapırdı. Qaravəlliləri söyləyərkən sanki daha da pərvazlanır, çoşurdu. Ona görə də ondan qeydə alınmış “Şərikli kömbə”, “Keçəllə Kosa”, “Yeddi kor”, “Molla ilə Keçəl”, “Üzlü qonaq” həm yeniliyinə, həm də söyləyici təhkiyəsinə görə seçilən gözəl qaravəlli nümunələridir.
Əli Süleymanovun repertuarı yeni süjetlərlə zəngindir. Ondan yazıya alınmış 1618* (Kim uzağa tullanar), 1202 (Naşı biçinçi), 1577 (Yeddi kor), 1341A (Tövlədən qaçış), 1441B (Mollanın arvadına aşiq olmuş keçəl), 1525S* (Keçəllə kosa padşahın inəyini oğurlayırlar), 207A (Eşşək və öküz) süjetləri ilk dəfə qeydə alınmış nağıl süjetləridir.