Qaravəllilər
Nümunənin reyestr kodu : FL0110040001
Qaravəllilər auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllardır. Bu nağıllar, əsasən, bir epizoddan və ya epizodlar silsiləsindən təşkil olunur. Bu qrupa məxsus müəyyən süjetlərdə fantastik varlıqlar iştirak edir, amma sehrli nağıllardan fərqli olaraq, qəhrəman fantastik varlıqlar üzərində sehrli əşya və köməkçilərin köməyi ilə deyil, bicliklə qələbə çalır. Məsələn, “Qorxaq Əhməd” nağılında qəhrəman daş əvəzinə yumurtanı sıxıb suyunu çıxarır, qoltuğunda gizlətdiyi yumurtanı vəz kimi qələmə verir, nəticədə div qəhrəmanı özündən güclü hesab edib ondan qorxur. Belə nağıllarda baş rolun iştirakçısı şahzadə, əsilzadə ailədən çıxmış adamlar deyil, aşağı sosial zümrəyə məxsus, yoxsul ailədən çıxmış şəxslərdir. Bu nağıllarda təkcə qəhrəmanların deyil, demonik varlıqların da səciyyəsi dəyişir, onlar axmaq, sadəlövh varlıqlar kimi təsvir olunur. Fantastik varlıqların özündən qat-qat zəif qəhrəman tərəfindən aldadılması onları axmaq, gülünc vəziyyətə salır ki, bu da nağıla yumoristik çalar verir.
Əsas personajların real insanlar olması onları məişət nağıllarına yaxınlaşdırır, amma hadisələrin yumoristik şəkildə təqdimi, bir epizod və ya eyni epizodun təkrarından ibarət sadə struktura malik olması onları qeyd olunan qrupdan fərqləndirir. Qaravəllilərdən fərqli olaraq, məişət nağılları daha mürəkkəb struktura malikdir, hadisələr ciddi tonda təqdim olunur. Qaravəllilərin yumoristik mahiyyəti onların söylənildiyi kontekstdən də bəlli olur. Ədəbiyyatşünas Ə.Mirəhmədov “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə qaravəllidən bəhs edərkən yazır: “Adətən nağıl, dastan söyləyən aşıqlar və nağılçılar həcmi böyük hadisələri, mürəkkəb əsərləri (nağıl, dastan) ifaya başlayanda əvvəlcə bir qaravəlli deyir, yaxud dinləyiciləri yormamaq üçün, onların diqqətini özünə cəlb etmək məqsədilə söhbətin ortasında qaravəlli danışır, sonra yenə əsas mətləbə keçirlər. Odur ki, qismən intermediya səciyyəsi daşıyan belə əsərlər məzmunca şən, ürəkaçan, əyləndirici olur (Mirəhmədov, 48).
Azərbaycan folklorşünaslığında qaravəllilərə münasibətdə sabit fikir yoxdur. Bir qrup tədqiqatçılar onları nağıllara, digərləri lətifələr aid etmiş, bəziləri nağıllarla lətifələr arasında duran bir janr kimi səciyyələndirmişlər. Qaravəllilər, əslində, Azərbaycana məxsus hadisə deyil, dünyanın müxtəlif xalqlarında onlara rast gəlinir. Belə mətnlər ruslarda “satirik nağıllar”, ingilislərdə “joke tales” adı ilə tanınır. Nağıl süjetlərinin beynəlxalq kataloqunda onlar nağıl qruplarından biri kimi verilmişdir. Nağıllara məxsus üslub elementlərindən, bədii təsvir vasitələrindən, formullardan istifadə olunması, hadisələrə epik genişlik vermək üçün süjet birləşmələrindən, fəaliyyət və epizodların üçlənməsindən geniş istifadə olunması onların məhz nağıl qruplarından biri olduğunu deməyə əsas verir.
Qaravəllilər əsas iştirakçılara görə “axmaq və sadəlövh adamlar”, “qəddar və xəyanətkar arvadlar”, “hiyləgər və zirək adamlar”, “mollalar (darğalar, qazılar)” kimi müxtəlif qruplara ayrılır. Birinci qrupa ağlasığmayan hərəkətləri ilə gülüş doğuran axmaq, sadəlövh adamlar haqqında nağıllar daxildir. Belə insanlar kəməndlə taxıl biçir, gün işığında çörək bişirir, oturduğu budağı kəsir, duz əkir, dostunun alnına qonmuş milçəyi tüfənglə vurur, qızınmaq üçün eşşəyin belindəki tayı yandırır və s. Bəzi nağıllarda personajların axmaq hərəkətləri silsə şəklində bir-birini təkrarlayır və finalda komik həllini tapır. Məsələn, qızı evinə gedən ərlə arvad özləri ilə bəkməz götürürlər. Yolda torpağın çatladığını görən arvad onun susuzluqdan yandığını zənn edib bəkməzi yerə tökür, qazın ayağını qarnına yığmasını onun üşüməsi kimi qəbul edib ayağının ayaqqabısını ona verir, ağacın üşüdüyünü zənn edib ipliyi ağaca sarıyır. Bu ağlasığmaz hərəkətləri qızı evində də davam etdirir və axırda qızı onları evdən qovmaq məcburiyyətində qalır.
Qaravəllilərin mənşəyinə gəldikdə, folklorşünaslıqda onların mədəni qəhrəman və onun komik əkizləri haqqında arxaik təsəvvürlərdən törədiyi qeyd olunur. Tədqiqatçıların qənaətinə görə, həmin təsəvvürlərə məxsus bəzi epizodların, situasiyaların, hiyləgərlik stixiyasının mənimsənilməsi nəticəsində heyvanlar haqqında nağıllar, qaravəllilər və məişət nağılları yaranmışdır. Qaravəllilərlə heyvanlar haqqında nağılların struktur yaxınlığı da onların eyni mənşədən gəldiyini göstərir. Sadəcə olaraq, birində hadisələr heyvanlara, digərində cəmiyyətə köçürülmüşdür. Heyvanlar haqqında nağıllarda qida, yem uğrunda mübarizə aparılırsa, qaravəllilərdə qazanc, pul üstündə mübarizə aparılır. Birində hiylə və aldatmaqla, digərində isə bicliklə, kələklə məqsədə nail olunur.