AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Molla Nəsrəddin lətifələri

Nümunənin reyestr kodu : FL0108020001

Türk xalqlarının çoxunda, o cümlədən Azərbaycanda Molla Nəsrəddin, Xoca Nəsrəddin, Xoca Nasır, Nəsrəddin Əfəndi və başqa adlarla tanınan bu lətifə qəhrəmanı türklərdən farslara, yunanlara da keçmişdi. Naməlum qəhrəmanlı lətifələrin və regional lətifələrin Molla Nəsrədinin adına bağlanması sayəsində onların sırası xeyli genişlənmişdi.

Molla Nəsrəddinin şəxsiyyəti məsələsi tədqiqatçıları uzun müddət düşündürmüşdü. Bəziləri onu Teymurləngin (XIV əsr) sarayında yaşamış ağıllı, hazırcavab adam kimi qələmə vermiş, bəziləri isə Azərbaycanın XIII əsrdə yaşamış görkəmli alimi Nəsrəddin Tusi ilə eyniləşdirmişlər. Molla Nəsrəddinin şəxsiyyəti haqqında dəqiq fikir olmasa da, bu lətifələrin böyük qisminin XIII-XIV əsrlərdə formalaşdığı ehtimal olunur.

Molla Nəsrəddin lətifələrində gülüşün obyekti o qədər genişdir ki, burada tarixi hadisələrlə müasir dövrün hadisələri iç-içə keçmişdi. Molla Nəsrəddin sadəcə əks tiplərə gülmür, həm də özünə gülür. Xalq Molla Nəsrəddinin simasında başqalarına güldüyü kimi özünə də gülür, eybəcər olan hər şeydən arınmaq, uzaqlaşmaq istəyir. Ona görə də bu lətifələrdə əks qütblər yoxdur.

Molla Nəsrəddin lətifələrinin yayıldığı coğrafiyanı nəzərə alsaq, bu lətifələrin sayını minlərlə ifadə etmək olar. Ona görə də Azərbaycan, türk, özbək, qazax, türkmən, tatar molla nəsrəddinlərindəki əhvalatın bir-birini təkrarlaması, bir-biri ilə səsləşmələri təbii qarşılanmalıdır.

Komikləşən obrazlar, gülüş hədəfi olan tiplər gülüşün nə qədər sosial olduğunu göstərir. Bu tiplərin ən mükəmməli və məşhur olanı Molla Nəsrəddin gah müsbət, gah mənfi tip, gah gülən, gah da özü məsxərəyə qoyulan lətifə qəhrəmanı kimi əslində ikiləşmir, tənqid olunanla, gülüş hədəfi olanla eyni cərgədə durur. Lətifələrdə bəzən yumor, bəzən satira, bəzən sarkazm, bəzən kinayə insanların xislətində var olan mənfilikləri görməyə, onlarla mübarizəyə çağırır. Amma nə olursa olsun, lətifələr sonu ibrətamiz, əxlaqi, əqli, məntiqi nəticə ilə bitən tərbiyəedici, əyləndirici funksiyaya, dərin mənaya malik janrdır. Azərbaycan lətifələri arasında da Bəhlul Danəndənin adı ilə tanınanlar ibrətamiz, əxlaqi ağırlıqlı, Molla Nəsrəddin lətifələri isə düşündürərək güldürən məzmunludur.

Xalq içində hətta belə bir məsəl var ki, Molla Nəsrəddinin adını çəkən ona rəhmət oxumalıdır. Rəhmət oxumayan şəxs Molla Nəsrəddin haqqında yeddi lətifə söyləməlidir.

Molla Nəsrəddin lətifələrinin toplanmasına əsas etibarilə XIX əsrdən başlanmışdı. A.Zaxarov, D.A.Yeritsevin bu lətifələrin toplanmasında böyük əməyi olmuşdu. Hələ o vaxt D.A.Yeritsev Molla Nəsrəddinlə əlaqədar 800-ə qədər lətifənin ona məlum olduğunu yazırdı. XX əsrin əvvəllərində nəşr olunmuş “Dəbistan”, “Məktəb” jurnallarının səhifələrində Molla Nəsrəddin lətifələrinə rast gəlinir. Tərtibçi Ə.Müznib bir neçə dəfə Molla Nəsrəddin və Bəhlul Danəndə lətifələrini çap etdirmişdi. Sovet hakimiyyəti illərində H.Zeynallı Ə.Müznibin inqilabdan əvvəl çap etdirdiyi lətifələri 1927-ci ildə kitabça halında buraxdırmışdı. Molla Nəsrəddin lətifələrinin ən kamil nəşri isə M.H.Təhmasibin tərtibində 1956-cı ildə işıq üzü görmüşdü.