AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lətifələr

Nümunənin reyestr kodu : FL0108000001

Lətifələr şəhər folklorunun ən aktiv janrlarından biridir. Klas​sik folklorun bir çox janlarının (nağılların, dastanların və s.) ifası günümüzdə səngidiyi halda, lətifələr müasir dövrdə nəinki varlıqlarını qoru​yub saxlamış, hətta süjet tərkibinə, bədii xüsusiy​yətlərinə görə xeyli zənginləşmişdir. Spesifik xüsusiyyətlərə malik Şəki, Nehrəm, Şuşa kimi bir çox bölgələrin hesabına lətifə yaradıcılığı bu gün də davam etməkdədir.

Dünyanın bir çox xalqlarında lətifələri adlandırmaq üçün xüsusi terminologiya yoxdur. Məsələn, ingilislər lətifələri adlandırmaq üçün zarafat anlamına gələn joke, almanlar eyni anlama gələn witz sözündən istifadə edirlər ki, həmin kəlmələr də yumoristik mətnlərdən əlavə qohum anlamlı bir çox məfhumları ifadə edir. Azərbaycan dilində isə bu məqsədlə istifadə olunan terminologiya yalnız həmin nümunələrin özünü ifadə etmişdir.

Olduqca bəsit sturuktura malik lətifələr ekspozisiya-fəaliyyətin sonluğu məlum olmayan inkişafı-gözlənilməz sonluqdan təşkil olunur. Bəzi lətifələrdə ümumiyyətlə fabula (süjet xətti) yoxdur, sadəcə başlanğıc və sonluq hissələrindən ibarətdir. Lətifələrdə ekspozisiya çox vaxt komik ifadəni yaradan stiuasiyanın təsviri ilə başlayır. Məsələn, Qış günü idi, Qasım çöldə odun yarırmış. Bu tərəfdə də itə yal bişirib qoyublar, it yal yalayır. Yaxud, Bir dəfə Qasım faytonla Zərdaba gedir. Fayton bataq​lıqda batıb qalır. Nə illah eləyir, çiynini verib “ya Əli, ya Əli, kömək elə” deyir, xeyri olmur. At dartıb faytonu çıxarda bilmir. Bəzi lətifələrin ekspozisiya hissəsi intriqanın verilməsi ilə başlayır: Şah Abbas elan eləyir ki, kim qışın ayazında səhərə kimi çılpaq qalsa, filan mülkü verəcəm ona. Ekspozisiyanın verilməsi ilə dinləyicidə hadisələrin nə ilə yekunlaşacağına dair bir intizar yaranır, onların gözləmə mövqeyi tutmasına səbəb olur.

Lətifələrin əsas xüsusiyyəti odur ki, onların sonluğunun nə ilə qurtaracağını qabaqcadan müəyyən etmək mümkün deyil. Məsələn, “Nadir tapıntı” lətifəsində yeməkxananı işlədən şahdan yediyi yumurta üçün iki-üç toyuğun qiymətini istədikdə şah təəccübünü saxlaya bilməyib soruşur. “Bala, yumurta sizin tərəflərdə belə nadir tapıntıdır? Yeməkxananı işlədən deyir: Yumurta belə nadir tapıntı döyül e, şah nadir tapıntıdır ki, ildə bir dəfə gəlir”. Ekspozisiya hissəsinin həcmindən, əhatəliyindən asılı olmayaraq, lətifələrdə sonluq yığcam, gözlənilməz olur. Lətifələrdə final əsas mətnlə heç bir əlaqəsi yoxmuş kimi müəyyən intonasiya ilə ondan ayrılır, onunla paradoks təşkil edir.

Lətifələrin ifası danışığa canlılıq qatır, düşüncə və fikrin daha açıq biçimdə çatdırılmasına yardım edir, ona görə də onlardan çox vaxt nitq hadisəsi kimi, yeri gəldikdə, müəyyən məsələyə, fakta münasibət bildirərkən istifadə olunur. Onların ifası zamanı söyləyicilər müəyyən jest, hərəkət və mimikalardan istifadə edir, müəyyən yerdə nitqini sürətləndirir və ya zəiflədir, obrazın roluna girib onu yamsılayır və s.

Azərbaycan lətifələrinin T.Fərzəliyev, A.Nəbiyev, F.Bayat və s. tərəfindən verilmiş fərqli bölgüləri mövcuddur. Həmin bölgüləri də nəzərə almaqla lətifələri belə qruplaşdırmaq olar: Məşhur şəxslər (Molla Nəsrəddin, Bəhlul Danəndə, Şah Abbas və s.) haqqında lətifələr, regional lətifələr, siyasi məzmulu lətifələr, etnik lətifələr.

Folklorşünaslıqda lətifələrin xalq gülüş mədəniyyəti üzərində intişar etməsi haqqında fikir hakimdir. Xalq gülüşü özünün bir çox xüsusiyyətlərinə görə yazılı ədəbiyyatdakı gülüşdən fərqlənir. Muxtar Kazımoğlu yazır: “Xalq yaradıcılığında tənqid edən şəxs tənqid olunan dünyanın tərkib hissəsidir. Kosa, keçəl, Molla Nəsrəddin, Bəhlul Danəndə ətrafdakılara gülməkdən daha çox ətrafdakılarla birlikdə gülür. Gülüş hədəfi həm ətrafdakılar, həm də özləridir....” (Kazımoğlu, 25). Məhz bu kimi cəhət – əks qütblərin olmaması xalq gülüşündə ifrat inkarçılığın qarşısını alır və onu satirik gülüşdən fərqləndirir. Xalq gülüşünün digər bir xüsusiyyəti onun rəsmi mədəniyyətin bütün təzahürlərini parodiya etməsidir. Ona görə ictimai və ya şəxsi həyatın elə bir hadisəsi yoxdur ki, lətifələrdə parodik rakursdan verilməsin. Rəsmi mədəniyyətə məxsus norma və dəyərlərin şüurlu şəkildə açaldılması, rəsmi mədəniyyətin müəyyən anlayışlarının mücərrəd, cəfəng şəkildə təqdimi lətifələrdə sıx-sıx qarşılaşılan mövzulardandır. Beləliklə, lətifələrin əsasında qədim xalq gülüş mədəniyyəti durur. Həmin gülüşün izlərini biz karnaval xarakterli oyunlarda (Xanbəzəmə, Kosa-kosa oyununda), qaravəlli tamaşalarında, el şənliklərində (qədim toylarda) və s. izləyirik. Həmin oyunları yaradan mədəniyyət eyni zamanda Azərbaycan lətifələrinin də formalaşmasına səbəb olmuşdur.