Etnik lətifələr
Nümunənin reyestr kodu : FL0108050001
Etnik lətifələr digər xalqların nümayəndələri və ya mədəniyyət daşıyıcıları haqqında söylənilən yumoristik məzmunlu mətnlərdir. Dünyanın müxtəlif xalqlarında mövcud olan belə lətifələr digər xalq və ya tayfa mənsubları haqqında uzun tarixi təcrübə nəticəsində formalaşmış stereotipləri əks etdirir. Tədqiqatçıların vurğuladığı kimi, stereotip tarixi ənənədən, iqtisadi-siyasi stiuasiyadan asılı olaraq digər xalqlara və ya mədəniyyət daşıyıcılarına şamil edilən davranış tərzləri, xarakterik keyfiyyət modelləridir. Etnik stereotiplər şəxsi təcrübə əsasında formalaşmır, hər bir mədəniyyət daşıyıcısı məxsus olduğu xalqdan mənimsəyir və onların nə dərəcə doğru olduğunu mühakimə etmədən digər mədəniyyət mənsublarını dəyərləndirərkən həmin stereotiplərdən çıxış edir. Tədqiqatçıların gəldiyi qənaətə görə, monolit xalqlardan fərqli olaraq, çoxmillətli ölkələrdə etnik lətifələr daha geniş yayılır və daha aqressiv xarakter kəsb edir. Dünyanı özünkü və yad olmaqla iki qütbə ayırmaq, özünküləri müsbət, yadı isə mənfi kimi təqdim etmək etnik lətifələrin əsas xüsusiyyətidir.
Təkcə milli mənsubiyyət deyil, eyni zamanda mədəniyyətdəki fərqlər də etnik lətifələrin yaranması üçün zəmin rolu oynayır. Ona görə eyni mənşədən gələn sirik, kəbirli, avşar, ayrım kimi digər tayfalar, hətta oturaq və köçəri əhali haqqında söylənilən lətifələr də bura daxildir. Etnik zarafatların məzmunu dünyanın müxtəlif xalqlarında müxtəlif mədəni kontekstlərdə, demək olar ki, eynidir. Müəyyən etnik qrup üzvlərinin acgözlüyü, axmaqlığı, avamlığı belə lətifələrdə gülüş hədəfinə çevrilir.
Etnik lətifə qəhrəmanlarına diqqət yetirdikdə onların sırasının o qədər də geniş olmadığı məlum olur. Azərbaycanda yüzə qədər fərqli etnos və topluluqların üzvləri yaşasa da, onlar arasında əsasən ləzgi, talış, tat haqqında söylənilən lətifələr məşhurdur. Belə lətifələr həmin xalqların yaşadığı bölgələrdə, onlarla təmasda olan əhali arasında daha geniş yayılmışdır. Məhz bunun nəticəsidir ki, qaraçılar haqqında lətifələr qaraçıların məskunlaşdığı bölgələrdə, ləzgilər haqqında lətifələr Azərbaycanın şimal və şimal-qərb bölgələrində, talışlar haqqında lətifələr cənub-şərq bölgəsində daha aktivdir. Avşar, kəbirli, şahsevən tayfaları haqqında lətifələr isə həmin tayfa mənsublarının məskunlaşdığı Qarabağ bölgəsində geniş yayılmışdır.
Etnik lətifələr iki qrupa ayrılır: a) bir etnik qrupun nümayəndələri haqqında lətifələr; b) müxtəlif mədəniyyətlərin nümayəndələrinin müqayisə edildiyi lətifələr.
Birinci qrupa daxil olan lətifələrdə bir etnik qrupun nümayəndəsindən bəhs olunur, həmin xalqla bağlı etnik stereotiplər komik effektin yaradılmasında mühüm rol oynayır. Belə lətifələrin qəhrəmanları xüsusi “nitq maskası” ilə xarakterizə olunur, onların nitqi təqlid olunur, Azərbaycan dilində danışarkən istifadə etdikləri ifadələr işlədilir ki, bu da lətifələrdə komik effekti daha da artırır. Məsələn, ermənilərdən bəhs edən lətifələrdə “ara”, “kirvə” kimi ermənilərin nitqindən gələn ifadələrdən geniş istifadə olunur, f səsi p kimi tələffüz olunur (pəriştə və s.), ləzgilərdən bəhs edən lətifələrdə “can qardaş” kimi ifadələr işlədilir. Çoxmillətli lətifələrdə isə müxtəlif millətlərin nümayəndələri iştirak edir, həmin personajlardan biri mütləq lətifə söyləyicisinin aid olduğu xalqa məxsus olur. Birinci qrupdakı lətifələrdəki nitq elementləri burada çox azdır, digər xalqların nümayəndələri çox vaxt Azərbaycan dilində danışır, spesifik xüsusiyyətlərdən məhrumdurlar.
Azərbaycan ərazisinin kiçik olmasına baxmayaraq, tarixən fərqli etnik qrupların bir arada yaşadığı ölkə olmuşdur. Fərqli etnik qruplarla qarşılaşılması və lətifə daşıyıcısına görə onlarda müşahidə edilən “qeyri adi”, “standartdan kənar” təsəvvürlər etnik lətifələrin yaranmasına səbəb olmuşdur. Başqa xalqlara şamil edilən belə cizgilərin çox vaxt gerçəkliklə heç bir əlaqəsi olmur, digər xalq haqqında yanlış təsəvvür oyanmasına səbəb olur.