AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Regional lətifələr

Nümunənin reyestr kodu : FL0108040001

Azərbaycan folklorunda yüzilliklər boyu geniş yayılmış regional lətifələr bu gün də mövzu və ideya baxımından xüsusi aktuallıq kəsb edir və müasir folklorun ən aktiv janrı kimi dəyərləndirilir. Regional lətifələr mövzu və mündəricə etibarilə zəngin olub ictimai həyatın müxtəlif sahələrini əhatə edir. Ailə-məişət, siyasi-ideoloji düşüncə tər​zi, tarixi hadisə və tanınmış şəxslərin həyatı ilə bağlı məlumatlar, dini-mistik mahiyyət daşıyan əhvalatlar bu lətifələrin ana xəttini müəyyənləşdirir. Bu mənada ailə-məişətdə özünə yer tapan çatışmamazlıqların tənqidi, baş verən qüsurların ifşası bu mövzuda formalaşmış əksər lətifələrdə gülüş hədəfinə çevrilmişdi.

Ailə-məişət mövzusunda olan bəzəmələrdə avamlıq, sadəlövhlük, cahillik kimi insan xarakterlərinə təsadüf edilir. Ailə-məişət məsələləri cəmiyyətin tərkib hissəsi olduğu üçün lətifələr həm də ictimai məna kəsb edir. Ümumiyyətlə, regional lətifələrin böyük bir qismi ictimai həyatda baş verən çatışmamazlıqların ifşasına yönəlmişdi. Bu isə, hər şeydən öncə, etnik mənəvi yaddaşdan, xalqın dü​şün​cə tərzindən qidalanaraq gələn tarixi ənənənin axarı kimi diqqəti cəlb edir. Mövzu baxımından regional lətifələrin bir qismi dini mahiyyət daşıyan örnəklərdir. Əsas yeri isə din xadimlərinin — mollaların, qazıların və b. əməllərinə həsr olunmuş örnəklər tutur. Ayrı-ayrı tarixi hadisələr və real tarixi şəxsiyyətlərin başlarına gələn macəralar əsasında da onlarla regional lətifələr yaranmışdı. Böyük əksəriyyəti yazılı qaynaqlara dayanan tarixi məzmunlu lətifələr rəvayət əlamətləri ilə zəngin olub satirik nağılların formalaşmasında yaxından iştirak etmiş və onların inkişafında mühüm rol oy​na​mış​dı. Tarixi şəxsiyyətlərlə bağlı lətifələr mövzu və ideya baxımından müxtəlif problemləri çevrələyib, ictimai həyatda baş vermiş çatışmamazlıqları gülüş hədəfinə çevirmişdi. Mövzu və ideyasına görə regional lətifələrin böyük bir qismini siyasi lətifələr təşkil edir. Bu qəbil lətifələrdə ictimai quruluş və onun ide​olo​gi​ya​sın​da​kı nöqsanlar gülüş hədəfinə çevrilmişdi. Ən önəmli cəhət isə ondan iba​rət​dir ki, bu qəbil gülməcə yaradıcıları siyasi təzyiqlərdən, repressiya təh​lü​kə​sin​dən qorxmamış, vaxtında və zamanında öz sözlərini deməkdən çəkinməmişlər.

Müxtəlif dövrlərdə Qarabağda Qulu (XVIII əsr), Hacı Qulu(XIX-XX əsrlər), Xarrat Qulu(1823-1883), Əbdürrəhim bəy (1860-1922), Kərbəlayi Şirin (1868-1931), Abdal Qasım (1873-1921), Unnu Ağca (1880-1965), Gəncəbasarda Abasqulu Ağa (1886-1944), Karağan Usub (1886-1958), Dabravol Qasım (1890-1963), Künə Dəmir (1903-1973), Muğanda Salman, İsi (XX əsr), eləcə də Şəkidə, Hacı dayı, Mirzə Abdulcabbar, Naxçıvanda Mirabdulla, Abasqulu kişi və s. bölgələrdə yaşamış məşhur lətifə ustaları bu janrın xalq arasında daha çox yayılaraq sevilməsində mühüm rol oynamışlar.

Şifahi söz sənətinin müstəqil janrları kimi regional lətifələrin yazıya alınması əlyazmalardan, cünglərdən başlamışdı. 1721-ci il yanvarın 25-də Təbrizdə qələmə alınmış “Nəğmələr kitabı” da daxil olmaqla bu gün müvafiq arxiv və fondlarda saxlanan çoxsaylı əlyazmalarda, cünglərdə külli miq​darda bölgə lətifələri özünə yer tapmışdı. Regional lətifələrin qorunduğu ən etibarlı qaynaq isə XIX yüzilliyin üçüncü rübündən başlayaraq Azərbaycan və rus dillərində nəşr olunan mətbuat orqanlarıdır. Həmin dövrdə yayımlanan Azərbaycan və rusdilli mətbu orqanlara ümumi baxış belə bir qənaət doğurur ki, 1881-ci ildən Tiflisdə nəşr olunan SMOMPK (QXƏTMT) da daxil olmaqla onlarla mətbuat orqanları Mol​la Nəsrəddin, Bəhlul Danəndə lətifələri ilə yanaşı, regional səciyyəli gülməcələrə də öz səhifələrində yer ayırmışlar.

Regional lətifələrin toplanması, tərtibi, nəşri və araşdırılması işində ən mühüm mədəni hadisə isə məhəlli folklorun akademik nəşrləridir. Ayrı-ayrı bölgələrə həsr olunmuş bu çoxcildliklər əvvəllər “Azərbaycan folkloru antologiyası” adı altında nəşr olunurdusa, son zamanlar aid olduqları rayonun adı ilə çap olunmaqdadır. Bu cildlərdə regional lətifələrə ayrıca bölmələr ayrılmış, cildlərə ön söz yazmış İ.Abbaslı, Y.Qarayev, Q.Paşayev, H.İsmayılov, F.Çələbi, H.Əbdülhəlimov və başqaları belə lətifələrin məhəlli xüsusiyyətlərini şərh etməyə çalışmışlar.