"Əvəsor" folklor xalq kollektivi
"Əvəsor" folklor kollektivi 1965-ci ildə Astara rayon, Kakalos kəndində Fərbiyə xanım Şabanovanın təşəbbüsü ilə yaradılmışdır. Hazırda Kakalos kənd Folklor evində fəaliyyət göstərən və 40 nəfərdən çox üzvü olan "Əvəsor" folklor kollektivi nəinki respublikada, eləcə də onun sərhədlərindən kənarda bir sıra tədbirlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq kollektivi" adı verilmişdir. Kollektiv 1988-ci ildə Ruminyanın Borşa, 1991-cı ildə Dağıstanın Gizlər, 1993-95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmişdir.
"Əvəsor" folklor kollektivi 2010-2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində müvəffəqiyyətlə iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq folklor festivalında, Lerik rayonunda keçirilmiş uzunömürlülərin yaradıcılıq festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. “Əvəsor” folklor kollektivi Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının Astara rayonunda keçirilən Su səyahəti tədbirində kollektiv müvəffəqiyyətlə çıxış etmişdir. Kollektiv rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, “İstedad” festivallarında müvəffəqiyyətlə çıxış edərək hədiyyə və fəxri fərmanlara layiq görülmüşdür.
"Əvəsor" folklor kollektivinin nəzdində fəaliyyət göstərən "Nəcib qızlar" klubu nəinki respublikada, eləcə də beynəlxalq miqyasda bir sıra tədbirlərdə iştirak etmişdir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə” rəqsləri, “Lay-Lay”, “Çəltik əkinində”, “Pərişanlıq”, “Elçilik”, “Xınayaxdı”, “Dili-Dili”, “Novruz mübarək” və sair folklor nümunələri vardır. Kollektivin repertuarı nota köçürülərək Ş.Bayramov və F.Şabanovanın birgə müəllifliyi ilə “Talış bölgəsinin nəğmələri” adı ilə çap olunmuş, kollektiv haqqında Ə.Şəfiyevin “Xalq kollektivləri” kitabında yazı verilmişdir.