Əmək nəğmələri
Nümunənin reyestr kodu : FM0201000001
Azərbaycan xalqı öz taleyini, əkin-biçinini, mal-qarasını, iztirablarını, məişətini, həyatını tərənnüm edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan əmək nəğmələri ilə əkinçilik mədəniyyətinə, oturaq həyatın vacib atributu olan yüksək maldarlığa sahib olduğunu sübut etməyə çalışmışdı. Əmək nəğmələri Azərbaycan şifahi xalq ədəbiyyatının qədim və maraqlı sahələrindən birini təşkil edir. Uzun müddət tədqiqatçılar belə hesab etmişlər ki, bütün mənəvi nemətlərin əsasında əməklə bağlı ayin və mərasimlər durur. Düzdür, əmək mənəvi nemətlərin yaranmasında, incəsənətin meydana çıxmasında başlıca şərt sayılmasa da, insanın əqli inkişafında, o cümlədən ictimai şüurun bir sahəsi olan mədəniyyətin formalaşmasında mühüm mərhələdir. Buna görə də, əmək nəğmələrinə poeziyanın inkişafının bir mərhələsi kimi yanaşılır.
Azərbaycan folklorunun müxtəlif janrları içərisində nəğmələr xüsusi yer tutur. Mövsüm, mərasim, qəhrəmanlıq və məişət nəğmələri kimi, əmək nəğmələrinin də mətni təkrarlanan və sabitləşən tematik keyfiyyətlər qazandığından folklorun ayrıca janrı kimi öyrənilir. Hər nəğmənin özünün konkret əmək şəraiti ilə bağlı mövzusu, lakin fərqli poetik strukturu vardır. Beləliklə, iş prosesində yaranan, zəhməti və zəhmət adamını tərənnüm edən, şəkli xüsusiyyətlərinə görə fərqli və məzmunca rəngarəng olan, ritmi, musiqisi, sözlərinin ahəngdarlığı ilə seçilən poeziya nümunələri əmək nəğmələri adlanır.
Əmək nəğmələri məzmununa görə aşağıdakı növlərə ayrılır: 1. Bicar nəğmələri; 2. Sayaçı nəğmələri; 3. Sağınçı nəğmələri - eydirmələr; 4. Holavarlar; 5. Xırman nəğmələri; 6. Toxucu nəğmələri; 7. İpəkçi nəğmələri, 8. Ovçu nəğmələri; 9. Balıqçı nəğmələri.
Əmək nəğmələri milli poeziyanın inkişafında ibtidai təkmilləşmə mərhələsi ilə bağlıdır və həm melodik poeziyanın, həm də melodik poeziyadan sillabik poeziyaya keçidin ən bariz nümunələri sayılır. Bu nəğmələr əmək prosesi, əmək alətləri təkmilləşdikcə mövzusuna görə rəngarəng şəkil almış, dilinə və poetik xüsusiyyətlərinə görə zənginləşmiş, öz magik, mifik keyfiyyətlərini qoruyub saxlamış, daha çox təbiətə sözün, musiqinin və ritmik hərəkətin gücüylə təsir etmək məqsədilə yaradılmışdı.
Əmək nəğmələri həm əhalinin təsərrüfat həyatının inkişafını və əmək alətlərinin təkmilləşməsi prosesini öyrənməyə imkan verir, həm də bizi əməkçi insanın məşğuliyyəti, adət-ənənələri və inamlar sistemi ilə tanış edir. Əmək nəğmələri milli şeirin, musiqinin və teatr sənətinin inkişafına ciddi təsir göstərmişdi. Bu nəğmələrin bədii xüsusiyyətlərinin öyrənilməsi qədim Azərbaycan şeirinin poetik quruluşunun tədqiq edilməsi deməkdir.
XX yüzilliyin əvvəllərindən etibarən əmək nəğmələri Azərbaycan ziyalıları tərəfindən iki istiqamətdə öyrənilməyə başlanmışdı: əvvəlcə əmək nəğmələri yetərincə toplanmış və nəşr olunmuş, sonra toplanmış nümunələr elmi şəkildə araşdırılmışdı. Poeziyanın və musiqinin inkişafında müəyyən bir mərhələni təşkil etdiyindən əmək nəğmələrinin araşdırılması ilə ədəbiyyatşünaslar, folklorşünaslar, musiqişünaslar və etnoqraflar məşğul olmuşlar. Əmək nəğmələrinin toplanması, növ və janrlarının araşdırılması ilə H.Zərdabi, F.Köçərli, E.Sultanov, H.Zeynallı, M.V.Krivonosov, V.Belyayev, Ü.Hacıbəyov, B.Məmmədov, Ə.Cavid, M.Arif, M.H.Təhmasib və Ə.Axundov məşğul olmuşlar. Sonralar Azərbaycan əmək nəğmələrinin öyrənilməsi işini T.Fərzəliyev, V.Vəliyev, M.Əliyev, A.Nəbiyev, R.İsmayılzadə, A.Əliyev, S.Paşayev, B.Abdulla, A.Abduləliyev və başqaları davam etdirmişlər. Azərbaycan əmək nəğmələri müxtəlif folklor toplularında və tədqiqat işlərində qismən də olsa, yer almış və tədricən növ zənginliyi qazanmışdı.