AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toy nəğmələri

Nümunənin reyestr kodu : FM0204020001

Toy Azərbaycan məişət mərasimləri arasında adət-ənənələrinin zənginliyi və rəngarəngliyi, əvvəldən axıradək bayram ab-havasında keçirilməsi ilə seçilir. Qədim tarixə malik Azərbaycan toy ənənələri şifahi-poetik elementləri, xoreoqrafiya və musiqi sənətini özündə birləşdirməklə uzun illər ərzində formalaşdırılmış və təşəkkül tapmış, yeni dövr ənənəsi ilə yanaşı, qədim dövrün adət-ənənələrini də özündə saxlamışdı.

Bir çox xalqlarda olduğu kimi, Azərbaycan toy adətləri də üç mərhələdən ibarətdir: elçilik, nişan və toy. Elçilikdən qabaq oğlanın anası qız tərəfin fikrini öyrənmək üçün onlara baş çəkir. Qız tərəfin onlarla qohum olmağa könlü olduğunu öyrəndikdən sonra ailə böyüklərinin iştirakı ilə qız evinə elçiliyə gedilir. Valideynlər razı olduqdan sonra qızın da fikri öyrənilir, onun “hə”si alındıqdan sonra şirin çay içilir, yemək süfrəsi açılır. Xalq təsəvvüründə müəyyən uğurlu günlər var, elçiliyə də həmin gün​lər gedilir. Məsələn, xalq təsəvvüründə birinci gün ağır gün hesab olunur, ona görə həmin gün elçiliyə gedilmir. İkinci gün Allahın adı ilə bağlanır, cümə günü müqəddəs sayılır, elçiliyə də çox vaxt həmin gün, özü də axşamlar gedilir.

Elçilikdən sonra nişan mərhələsi gəlir. Elçilikdən fərqli olaraq nişan ailə fərdlərinin daha geniş iştirakı ilə keçirilir, oğlan evindən qız üçün pal-paltar, bəzək-düzək əşyaları, şirniyyat dolu xonçalar gətirilir. Nişan mərasimində həm də toyun vaxtı danışılır.

Oğlan toyundan bir gün qabaq oğlan evinin yaxın adamları – qadınlar qız evinə xınayaxdıya gedir. Xınayaxdı üçün ayrıca xonça tutu​lur, içinə xına və şirniyyat qoyulur. Xınanın ağzı açı​landa qız evinin qohumları – qızın bacısı, rəfiqəsi, bibiləri və b. xına​nın üzərinə nəmər atır. Gəlinin, həmçinin digər cavan qız​ların əlinə, ayağına xına yaxılır, artıq qalan xınadan bir az da götü​rülüb oğlan evinə göndərilir.

Mərasimin kulminasiya mərhələsi toy hesab olunur. Azərbaycanda kütləvi ailə bayramına çevrilmiş toy uzaq və yaxın qohumların, dostların, tanışların, ən yaxın insanların iştirakı ilə keçirilir. Toy öncə gəlinin evində başlayır, daha sonra oğlan evində davam edir. Vaxtilə toylar yeddi gün-yeddi gecə, üç gün-üç gecə davam etmişdi.

Toy mərasimi əvvəldən axıra qədər müəyyən mahnılarla müşayiət olunur. Toy mahnılarının araşdırıcısı Sevil Fərhadovanın verdiyi bölgüyə görə, toyda oxunan nəğmələr məzmununa görə aşağıdakı qruplara bölünür:

a) Gəlinin anasının oxunduğu və ananın övladına sevgisinin, xeyir duasının əksini tapdığı yolasalma mahnıları. Bu qrupa həmçinin, ana, qayınana və yengə tərəfindən oxunan öyüd-nəsihət xarakterli mahnılar da daxildir. Toy mərasimində oxunan “Bu gecə”, “Boyuna qurban”, “Xoş getdin”, “Əylən, gəlin” mahnıları bu məzmundadır.

b) Qohumların və yeni nikaha girənlərin dostları, yoldaşları tərəfindən oxunan təbrik mahnıları və oğlanın valideynlərinin gəlini qarşılayanda oxuduğu salamlaşma mahnıları. “Toyun mübarək olsun”, “Ay mübarək”, “Xonçaya düzdüm”, “Bacım, toyun mübarək”, “Ay yol açın, gəlin gəlir” və s. kimi mahnılar bu qrupa daxildir.

c) Gəlinin və ya oğlanın keyfiyyətlərinin tərənnüm olunduğu tərifləmə mahnıları. Buna misal olaraq, “Bəy tərifi”, “Gözəlləmə”, “Ağəlli can” kimi mahnıların adını çəkmək olar.

d) Oğlan və qız tərəfin valideynlərinin görüşü zamanı oxunan əyləncəli, cırnatma xarakterli mahnılar: “Su içində milçəyəm”, “Almanı alma, gəlin”, “Aparmağa gəlmişik” və s. Bu mahnıların bir qismi dialoq formasındadır, onun ifası zamanı tərəflər bir-birini incitmədən qarşılıqlı deyişirlər.

e) Ritual ayinlərin ayrılmaz tərkib hissəsi olan mahnılar. Bu qrupa “Əllərinə xına yaxarlar”, “Xınayaxdı mahnısı”, “Qardaşımın toy qoyunu”, “Göndərin hamama, göndərin”, “Verin bizim gəlini, qaynı bağlar belini” və s. bu kimi mahnılar daxildir.