AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sayaçı nəğmələri

Nümunənin reyestr kodu : FM0201080001

Azərbaycan xalqının qədim dövrlərdən başlayaraq əsas təsərrüfat fəaliyyəti, keçim qaynağı heyvandarlıq olduğundan qoyunçuluq təsərrüfatının tərənnümünə həsr olunan nəğmələr əkinçi nəğmələrinə nisbətən forma və məzmunca daha rəngarəngdir. Belə nəğmələrdən biri də peşəkar çobanlar tərəfindən yaranan və ifa edilən, qoyunçuluğun tərənnüm olunduğu sayaçı nəğmələridir.

Araşdırıcı və folklor toplayıcıların gəldikləri qənaətə əsasən, sayaçı nəğmələri yaranma və oxunma məqamına görə bu şəkildə qruplaşdırılır: 1. Yaz və payız qırxımı mövsümündə oxunan sayaçı sözləri; 2. Qoyunların balalama mövsümündə oxunan sayaçı sözləri; 3. Yoxlama və cütləmə zamanı oxunan sayaçı sözləri; 4. Çobanla bağlı mənzum nümunələr; 5. Sayaçının etibarlı köməkçisi Bənək haqqında nəğmələr; 6. Maldarlıq məhsullarının nümayişi mərasimində oxunan sayaçı sözləri; Təkə oynadan və təkə gəzdirənlərin oxuduqları nəğmələr.

Sayaçı nəğmələrində sayaçı və maldarlıq məhsulları öyülür. Öymə predmetinə görə sayalar bu qruplara ayrılır: a) Sayaçını və təkəçini öyən nəğmələr; b) Maldarlıq məhsullarının tərifi; c) Qoyunun və təkənin tərifi.

Qoyunçuluq təsərrüfatı ilə bağlı olan sayaçı nəğmələri əmək nəğmələri içərisində ən mükəmməl öyrənilən nümunələrdəndir. Tədqiqatçılar saya sözünün məna çalarlarını araşdırmış, onun kölgə, uğur, bolluq, bərəkət, himayə, qoyun, çoban, ağsaqqal, aşıq, sənətkar, söz, nəğmə, nəsil, əcdad, pir, yurd, vətən, dağ, qaya anlamına gələn çoxmənalı söz olduğu qənaətinə gəlmişlər. Sayaçı nəğmələri haqqında F.Köçərlinin, M.H.Təhmasibin, M.Arifin, Ə.Aхundovun, M.Həkimovun, T.Fərzəliyevin və başqa tədqiqatçıların bir-birindən maraqlı fikirləri vardır. Bu nəğmələr, əsasən, yaz və payız qırxımında, qoyunların balalama mövsümündə oxunur. Vaqif Vəliyevin yazdığına görə, insanlar təbiətə təsir göstərmək, onu ovsunlamaq məqsədilə qoyunların döl (quzulama) ayında xüsusi mərasim keçirmiş və döl adı verdikləri həmin mərasim zamanı xüsusi nəğmələr ifa etmişlər. Nəğməni ifa edənlərə “soyçular”, oxuduqları nəğmələrə isə “soyçu sözləri” deyilmişdi. Akademik Məmməd Arif həmin mərasimin gedişi haqqında yazır: “... qoyunlar quzulamağa başladığı zaman çoban paltarı geyinmiş adamlar kəndbəkənd gəzərək “sayaçı” mərasimi icra edirdilər. Çobanlar özləri ilə bir neçə qoyun və quzu gəzdirirdilər. Bu olmadıqda isə özləri qoyun dərisi geyinib obaları gəzir və sayalar oxuyurdular”. Firudin bəy Köçərli SMOMPK məcmuəsinin 41-ci sayında dərc etdiyi yazısında sayaçıların bayramını təsvir edərək yazır ki, payızın axırında, qışda çobanlar evləri gəzir, sərbəst nəğmələrlə ev heyvanlarının xeyir-bərəkətini tərənnüm edir, əvəzində yağ, pendir, un, buğda, düyü və s. alırdılar.

Sayaçı nəğmələrində qoyunçuluğun əhəmiyyəti çoх güclü, inandırıcı şəkildə təqdim olunur. Buna görədir ki, indi də bölgələrimizdə keçirilən çoban, sağıcı, malabaхan günlərində bu nəğmələr böyük həvəslə oхunur:

Anam, a qoyunun ağı,

Dolanar gələr dağı.

İçər sərin bulağı,

Çərtər qara qıyğağı.

Çobana çarıq bağı,

Qızlara cehiz bağı.

Qocalar yığar yağı,

Gəlinlər bişirər qayğanağı.